Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:05

«Oxumaq istəmirik, yaza bilən də ona görə yazmır»


Ramiz Abutalıbov
Ramiz Abutalıbov
Dekabrın 15-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) 75 illiyi münasibətilə Bakıda «Sərhədsiz söz» III Beynəlxalq Yazıçılar Forumu keçirildi. Tədbiri açan Azərbaycan Yazıçılar Birliyinin sədri Anar mərasimə gələn qonaqları qısa nitqlə salamladı. Özü də rus dilində. AYB sədrinin adının çəkilməsini istəməyən müavini bunu forumda Rusiyadan və keçmiş postsovet məkanından yazarların iştirak etməsi ilə izah etdi. Qonaqlar sırasında Rusiya ilə yanaşı Türkiyədən də xeyli yazır qatılsa da Anar Osmanlı türkcəsində danışmadı.

Ədəbiyyatla maraqlanırsan?
Daha sonra AYB-nin saytının təqdimatı oldu. Yenə rus dilində. Təqdimat mərasimindən bəlli oldu ki, sayta Azərbaycan ədəbiyyatının klassik nümunələrindən tutmuş çağdaş ədəbiyyat nümunələrinə qədər xeyli əsər yerləşdirilib. Saytda arxiv səslərindən də istifadə olunub. Nümunə kimi yazıçı Mircəlalın 60-cı illərdə o zamankı Yazıçılar İttifaqının qurultayındakı çıxışından bir parça səsləndirildi.

Forumun gedişində AYB-nin bir neçə üzvündən Azərbaycan ədəbiyyatının durumu ilə bağlı müsahibələr aldıq. İlk həmsöhbətimiz Azərbaycanın YUNESKO-dakı keçmiş səfiri Ramiz Abutalıbov oldu:

- Ramiz bəy, rəsmilər Azərbaycanda güclü əsərlərin yaranmamasından şikayətçidir. Sizcə, Azərbaycanda doğrudanmı oxumağa əsər yoxdur?


- Mən deyə bilmərəm ki, bütün əsərlərlə tanışam. Ancaq Anarın son «Ağ qoç, qara qoç» əsərini bəyəndim. Bu yaxınlarda Moskvada Rüstəm İbrahimbəyovun «Dalğaların düzülüşü» əsəri çap olunub. Hər ikisi çox maraqlı əsərlərdir. Kamal Abdullanın bir neçə əsərini oxumuşam. Ona görə də əsər yoxdur fikri ilə o qədər də razı deyiləm. Ola bilər ki, təbliğatda problem var. Çox istərdim telekanallarda yeni kitablarla bağlı verilişlər, ölkədəki yeni nəşrləri tanıdan xüsusi qəzet olaydı. Axı oxucu haradan xəbər tutsun ki, maraqlı əsər yaranıb. Bunu ona çatdırmaq gərəkdir. Bu məsələdə hökumətin yardımına ehtiyac var.

- Ölkədə güclü əsərlərin yaranmamasını Azərbaycanda söz azadlığı problemi ilə bağlayanlar da var. Siz necə düşünürsünüz?

- Sovetlər dönəmində də söz azadlığı yox idi. Ancaq çox gözəl əsərlər yaranırdı. Ancaq indi oxumaq istəmirik, yaza bilən də ona görə yazmır. Ölkədə söz azadlığı var. Ola bilər ki, yaradıcı insan azdır.

- Sizcə, Azərbaycanda dissident ədəbiyyatı olub?


- Maqsud və Rüstəm İbrahimbəyovların, Anarın bir sıra əsərləri vardı ki, orada müəyyən qədər dissidentlik vardı. Ancaq bu proses Azərbaycanda Moskva qədər sürətli deyildi. Bilirsiz, ədəbiyyat elədir ki, qərarla, güclə kiməsə yaxşı əsər yazdırmaq mümkün deyil. İlk sırada insanda qabiliyyət olmalıdır. Bəziləri deyir ki, yazıçı kasıb olanda pullu vaxtındakından daha yaxşı əsərlər yazır. Mən bu fikirlə razıyam.

- İndi sovet dönəmində Azərbaycan dilinə tərcümə olunan ədəbiyyat nümunələrinin latın qrafikası ilə çapına başlanıb. Gənc yazarlardan bəziləri deyir ki, bu əsərlər sovetlər dönəmində tərcümə edildiyindən onlarda sovet ruhu duyulur. Buna görə də həmin əsərlərin yenidən redaktəsini təklif edirlər. Sizcə, buna ehtiyac var?

- Bu, çox nəhəng işdir. Bəlkə tarix üçün gərəkdir ki, o mühitdə edilən tərcümə qalsın. Bunun üçün böyük vəsait gərəkdir. Əgər kimsə Rəsul Rzanın ruscadan çevirmələrini bəyənmirsə, o zaman özü çevirsin. Bir əsərin 4-5 variantda olmasında heç bir qəbahət yoxdur. Mən birinciləri tənqid etməyə qarşıyam. Birinci elə birincidir.

- Ramiz bəy, siz indi hansı əsər üzərində işləyirsiniz?

- Rusiya yazıçılarından biri ilə «Azərbaycan siyasi mühacirət tarixi» adlı əsər üzərində işləyirik. 1920-39-cu illərdə Azərbaycan siyasi mühacirətilə bağlı sox maraqlı faktları ortaya çıxarmağa hazırlaşırıq. Bir neçə imkanlı insan işin maliyyə tərəfini öz üzərinə götürüb.

- Bəs hansı səbəblərdən çap üçün hökumətə yox, imkanlı insanlara müraciət edirsiniz?

- Dövlətin problemi çoxdur. Mən bu işi həmişə çox həvəslə görmüşəm. Heç zaman da ağlıma gəlməyib ki, hökumətə müraciət edim. Ancaq dövlətin maliyyələşdirdiyi layihələr də var. Cəmil Həsənlinin, Musa Qasımovun Azərbaycan tarixi ilə bağlı yaxın günlərdə Moskvada çıxacaq kitablarını Xarici İşlər Nazirliyi maliyyələşdirib. Ancaq mən heç bir zaman tapdığım hər hansı sənədin işıq üzü görməsi üçün hökumətə müraciət etməyi düşünmürəm. Əgər ildə 15-10 kitab çap eləsəydik, təbii bu zaman hökumətin dəstəyinə ehtiyac olardı.
XS
SM
MD
LG