Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:52

Əli Əhmədovdan «Freedom House»a ittihamlar


YAP icra katibi Əli Əhmədov
YAP icra katibi Əli Əhmədov
Bir sıra diaspora təşkilatlarının ardınca Yeni Azərbaycan Partiyası (YAP) da «Freedom House» təşkilatının ünvanına kəskin tənqid səsləndirib.

YAP icra katibi Əli Əhmədov dekabrın 17-də Azərbaycan uşaqlarının 1-ci uşaq forumunda jurnalistlərə deyib ki, «Freedom House» qeyri-obyektiv hesabatlar hazırlamaqla, məsələlərə qeyri-obyektiv münasibət ifadə etməklə özünü tanıdıb:

«Mən belə hesab edirəm ki, Dağlıq Qarabağın belə bir təşkilat tərəfindən mübahisəli ərazi kimi təqdim edilməsi bu qurumun nə qədər qeyri-obyektiv prinsiplər əsasında fəaliyyət göstərdiyini təsdiqləyir».

Bu günlərdə Amerika Azərbaycanlıları Şəbəkəsi və Belarusda yaşayan azərbaycanlı icması «Freedom House»yə etiraz kampaniyası başlayıblar.

YAP icra katibi bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqe tutduğunu bildirib:

«Biz hər zaman öz iradlarımızı bildiririk. Və bu cür iradların səsləndirilməsi də təsadüfi deyil. Çünki bir sıra hallarda beynəlxalq təşkilatlar öz hərəkətləri ilə belə etirazların səsləndirilməsinə əsas yaradırlar. O cümlədən də «Freedom House» təşkilatı».

Hakim partiyanın rəsmisi təəssüflənir ki, bir sıra müxalifət qurumları bu cür, o cümlədən də «Freedom House»nin hazırladığı hesabatlara istinad edərək Azərbaycandakı reallıqları dəyərləndirməyə çalışırlar:

«Mən onları çağırardım ki, «Freedom House»nin obyektivliyinə Dağlıq Qarabağın mübahisəli ərazi kimi təqdim etməsi kontekstindən baxsınlar. Əgər Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməyən bir təşkilat Azərbaycanla bağlı qərəzli hesabat hazırlayırsa, bu hesabata istinad edərək ölkədəki reallıqları dəyərləndirmək düzgün olmazdı».

Əli Əhmədov bunu qətiyyətlə pislədiyini və «Freedom House»nin qərəzli və Azərbaycana xoş olmayan münasibətinin ifadəsi hesab etdiyini bildirir:

«Mən Azərbaycanın hər bir QHT-sini, siyasi partiyasını, hər bir vətəndaşını bu cür hərəkətlərə öz etiraz səsini qaldırmağa səsləyirəm».

Beynəlxalq insan haqlarını müdafiə təşkilatı olan «Freedom House»nin mərkəzi qərargahı Vaşinqtonda yerləşir.

Bu yaxınlarda «Freedom House»nin rəsmi saytında «Map of Freedom» («Azadlıq xəritəsi») adlı xəritə yerləşdirilib. Xəritədə Dağlıq Qarabağ mübahisəli ərazi kimi göstərilib.
XS
SM
MD
LG