Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:58

«Özləri yazmışdılar, özləri də pozdular»


Silinmiş borclarla əlaqədar dövlət büdcəsindən Dövlət Neft Şirkətinə 327 milyon manat təzminat ödəniləcək
Silinmiş borclarla əlaqədar dövlət büdcəsindən Dövlət Neft Şirkətinə 327 milyon manat təzminat ödəniləcək
Dekabrın 29-da İlham Əliyev əhalinin 2009-cu ilin 1 oktyabrına qədər təbii qaza olan borcunu ləğv edib. Sayğacaqədər təbii qaza olan borclar əhali arasında həmişə narazılıq doğurub. Borclu abonentlər bunun «Azəriqaz» tərəfindən süni şəkildə yaradıldığını, yaxud da borc məbləğlərinin şişirdildiyini iddia edirdi. Qarşı tərəfsə əksər hallarda abonentin şikayətini onun mənzilinə qaz verilməsini dayandırmaqla cavablandırırdı.

«HƏR GƏLƏN KOMPYUTERƏ BİR RƏQƏM YAZIRDI»

Şəhər sakini Tutu Vahabova deyir ki, bir neçə il əvvəl ona yazılmış süni borc böyük məbləğ təşkil etməsə də, borcu sildirmək üçün Nizami rayon Qaz İdarəsinə ayaq döyməkdən yorulub:

- Neçə il qabaq, sayğac qoyulana qədər bizə 70 manatdan artıq borc yazmışdılar. Soruşanda da deyirdilər ki, kompyuterə düşüb. O kompyuterə də təzə-təzə adamlar gəlirdi, hər oturan ağlına gələn rəqəmi yazdığına görə onu biz heç cür sildirə bilmirdik.

Prezidentin fərmanına gəlincə isə abonent deyir ki: «Qaza olan borcları özləri süni şəkildə yazmışdılar, özləri də pozdular».

SÜNİ BORCDAN AZADAM

İndi abonent borcun süni, ya təbii səbəbdən yaranmasının fərqində deyil. Əsas odur ki, o, bu borcu ödəməkdən azaddır
İstehlakçı Leyla Quliyeva da uzun illərdir ki, üstünə yazılmış süni borcları sildirmək üçün Xətai rayon Qaz İdarəsi ilə apardığı savaşın nəticə vermədiyini deyir:

- 99-cu ildən həmişə problem olub yığılan qaz borclarına görə. Gəlirdilər ki, sənin bu qədər borcun var, amma heç bir kağız vermirdilər. Çünki əvvəllər sayğac yox idi. Sayğac olmadığına görə də onlar hansı məbləği yazırdılar, o pulu da verirdik. O borclar süni borclar olub. Mən onu heç kəsə sübut eləyə bilmirdim. 1-2 dəfə qazlarımızı da kəsmişdilər.

İndi abonent borcun süni, ya təbii səbəbdən yaranmasının fərqində deyil. Əsas odur ki, o, bu borcu ödəməkdən azaddır:

«Dünən eşitdim ki, prezidentimiz fərman verib ki, oktyabr ayına qədər olan bütün qaz borcları bağışlanılsın, çox sevinmişik».

GECİKMİŞ FƏRMAN, YOXSA TƏLƏSMİŞ ABUNƏÇİ?

63 yaşlı Sitarə Qurbanova isə prezidentin fərmanını elə də həvəslə qarşılamayıb. Onun sözlərinə görə, Nəsimi rayon Qaz İdarəsi 2 il əvvəl ona sayğacdan əvvəl – 1999-2005-ci illər ərzində 221 manat borc yığılması ilə bağlı bildiriş göndərib. Hətta bir dəfə evinə gələn təbii qaz borusunu da kəsiblər. Ancaq borcu hissə-hissə ödəməyə başlayandan sonra mənzilinə təbii qaz verilişi bərpa edilib.

Abonent deyir ki, artıq borcu ödəyib qurtardığından prezidentin humanist addımına o qədər də sevinmir.
İlham Şaban
Sitarə Qurbanova hesab edir ki, Qaz İdarəsinin ona ödətdiyi 221 manat idarənin yaratdığı süni borc olub. Ancaq abonent bunu idarə işçilərinə sübut edə bilməyib.

«BÜTÜN HALLARDA PREZİDENT TƏQDİRƏLAYİQ ADDIM ATIB»

Neft Araşdırmaları Fondunun prezidenti İlham Şabansa bu fikirdədir ki, abonentlərin təqdir edib-etməməsindən asılı olmayaraq prezidentin addımı özlüyündə humanist addımdır:

«On ildir istehlakçılar əziyyət çəkirdi. Əhali təqdir edir, ya təqdir etmir, fakt odur ki, kimsə gəlib onları hətta 2009-cu ilin sentyabr ayının borcuna görə narahat etməyəcək».

İlham Şaban deyir ki, qanunvericilik də iddia müddəti ötəndən sonra abonentlərdən borc tələb olunmasını yolverilməz sayır:

«Azərbaycanda qanunvericiliyə görə, 3 ildən artıq vaxt keçəndən sonra heç kəsin hüquqi baxımdan hansısa istehlakçını ondan əvvəlki borcları ödəməyə sövq etməyə ixtiyarı yoxdur».

Prezident İlham Əliyev əhalinin bu ilin oktyabr ayının 1-dək təbii qaza görə yaranmış borclarının silinməsinə dair fərman imzalayıb. Silinmiş borcların ümumi məbləği 327 milyon manatdır. Prezidentin fərmanına görə, silinmiş borclarla əlaqədar dövlət büdcəsindən Dövlət Neft Şirkətinə 327 milyon manat təzminat ödəniləcək.
XS
SM
MD
LG