Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:45

«Biz Gürcüstandan hələ əlimizi üzməmişik»


Ölkə sabit olaraq «qismən azad ölkələr» siyahısında qalır
Ölkə sabit olaraq «qismən azad ölkələr» siyahısında qalır
«Freedom House» hüquq müdafiə təşkilatı 2010-cu il üzrə hesabatını açıqlayıb. Hesabat 194 ölkə və 14 ərazidə insan haqlarının vəziyyətini əks edir.

Gürcüstan ötən il olduğu kimi, bu il də 4.4 bal alaraq «qismən azad ölkə»lərin siyahısında yer alıb. Siyahıda separatçı Abxaziya və Cənubi Osetiyanın da adı var. Təşkilat Abxaziyanı «qismən azad», Cənubi Osetiyanı isə «qeyri-azad» ərazi hesab edir.

«Konstitusiyanın 42-ci Maddəsi» adlı QHT-nin rəhbəri Manana Kobaxidze deyir ki, demokratiyanın inkişafı baxımından ötən il Gürcüstanda irəliləyiş olmayıb:

«Təəssüfləndirici haldır ki, demokratik inkişaf mənasında tərəqqi yoxdur. Mətbuatın müstəqilliyi, ifadə azadlığı yoxdur, siyasi məhbuslar var. Belə şəraitdə müsbət hesabatın olacağını gözləmirdik».

İnsan Haqları Mərkəzinin icraçı direktoru Uça Nanuaşvili hesabata daha sərt yanaşır:

«Ölkə sabit olaraq «qismən azad ölkələr» siyahısında qalır. Bu, hər hansı sahədə problemlərin olması ilə əlaqədar deyil. Bu, sistemin nəticəsidir. Çünki Gürcüstanda başlayan islahatlar dayanıb və ölkə tənəzzül yolunu tutub».

Kristofer Uolker
«Freedom House»un araşdırmalar direktoru Kristofer Uolker isə hesab edir ki, ötən 2 illə müqayisədə 2009-cu il Gürcüstan üçün daha stabil keçib:

«2007 və 2008-ci illərdəki kimi kəskin müqavimət elementləri müşahidə olunmayıb. Bu baxımdan, 2010-cu il daha mühüm olacaq. Müxalifət əsaslı alternativ proqram hazırlayacaq və Saakaşvili hökuməti demokratiya ilə bağlı vədlərinə əməl edəcəkmi?»

«Freedom House»un tədqiqatlar üzrə direktoru Arç Pudinqtonun fikrincə, Saakaşvili idarəçiliyinin avtoritar xüsusiyyəti olsa da, Gürcüstanın yaranmış vəziyyətdən çıxmaq imkanı var:

«Mətbuat və qeyri-hökumət təşkilatları ilə tanışlıqdan sonra demək olar ki, Gürcüstanın açıq-aşkar imkanları var. Gürcüstanda Saakaşvilinin ən mənfi davranışlarına belə müqavimət göstərə bilən qüvvələr var. Biz Gürcüstandan hələ əlimizi üzməmişik».

Reinteqrasiya məsələləri üzrə nazir müavini Yelena Tevdoradze ölkəsinin «qismən azad» statusunu beynəlxalq ictimaiyyətin gözləntisi ilə bağlayır:

«Hesab edirəm ki, hamı yerli seçkiləri gözləyir. Məhz seçkilər və seçkiqabağı dövr həlledici vektor olacaq».

«Freedom House»un hesabatına əsasən, keçmiş Sovet ölkələrindən Baltikyanı ölkələr istisna olmaqla ən yaxşı vəziyyət Ukraynadadır. Rusiya hesabatda «qeyri-azad ölkələr» siyahısındadır.
XS
SM
MD
LG