Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:23

Ümud və AXCP bir araya gəldi


Hələlik ancaq AzadlıqRadiosunun mikrofonu qarşısında və "müxalifətin birləşməsi zəruridir" fikri ətrafında. Amma bu partiyaların 2010-cu ilin parlament seçkilrində birgə iştirakı ilə bağlı suallar hələ də açıq olaraq qalır.

Yanvarın 28-də AzadlıqRadiosunun “İşdən sonra” proqramında Xədicə İsmayılova AZƏRBAYCANDA MÜXALİFƏTİN BİRLİYİ MÜMKÜNDÜRMÜ? sualı ətrafında iki müxalifət partiyası nümayəndəsinin debatı keçirilidi.

Proqramda iştirak edən Ümid Partiyasının sədri İqbal Ağazadə və AXCP sədrinin müavini Nurəddin Məmmədli aparıcının və dinləyicilərin suallarına cavab veridlər.

Hər iki iştirakçının fikrincə müxalifətin birliyi zəruridir və mümkündür. Tərəflər arasında əsas fikir ayrılığı Azərbaycanda son illər keçirilən seçkilərdə müxalifətin iştirakının qiymətləndirilməsi ətrafında oldu.

Azərbaycanda 3-cü bir siyasi qüvvənin ortaya çıxaraq müxalifət missiyasını yerinə yetirəcəyi haqda ehtimallara tərəflərin münasibəti bildirildi.

Müzakirələrin ən maraqlı hissələrini diqqətinizə təqdim edirik.

Xədicə İsmayılova: İndi bəs müxalifət dedikdə kimi nəzərdə tuturuq? Müxalifət kimdir sualına müxtəlif cavablar ala bilərik? Sizin və İqbal bəy sizin cavabınız nədir bu suala?

Nurəddin Məmmədli: Mənə belə gəlir ki, Azərbaycanda müxalifətçilik missiyasının daşıyıcılarının kim olduğunu beynəlxalq jurnalların səhifələrində axtarmaq lazım deyil. Kim nə yazır yazsın, orta təfəkkürə, az-çox normal məntiqə və savada malik olan istənilən Azərbaycan vətəndaşı real müxalifətçilik mövqeyində duran partiyaları da, şəxsləri də yaxşı tanıyırlar.

Ona görə də bu məsələdə yenidən Amerika kəşf etməyə ehtiyac yoxdur. Çünki Azərbaycan cəmiyyətində - nə qədər böyük uğursuzluqlardan danışsaq da - mən bunu həmin uğur kateqoriyasına aid edirəm ki, Azərbaycanda bu gün tam açıq şəkildə, kimliyi məlum olmayan siyasi güc yoxdur.

Hamı kifayət qədər birmənalı şəkildə kimliyini ortaya qoyur, kimin əlinin kimin cibində olduğu, kim hansı dövrdə hansı formalarda...

Xədicə İsmayılova: Nurəddin müəllim, mən sual vermədim kim müxalifət deyil, mən sual verdim kim müxalifətdir?

Nurəddin Məmmədli: Əgər bu suala konkret cavabımı istəyirsizsə, bu dövrdə mən bunu mümkünsüz hesab edirəm.

Xədicə İsmayılova: Bəs niyə dediniz ki, bu hamı üçün aydındır?

Nurəddin Məmmədli: Niyəsini mən indi izah edəcəm. Ona görə ki, son dövrlərdə - mən dəfələrlə qəzetlərdə dediyim fikri bir də ifadə etmək məcburiyyətindəyəm, - istənilən birlik ideyasının müzakirələri partiyaların özündə və partiyalar arasında başlamazdan əvvəl ictimaiyyətin müzakirəsinə ötürülür. Bu isə birlikdən çox dağılmağa, parçalanmağa səbəb olur.

Elmi cəhətdən əsaslandırılmış, heç kimin şübhə etmədiyi bir formula var. Problemin həlli yolu onun totallaşdırılmasından yox, lokallaşdırılmasından keçir.

Problemin həllinə nə qədər az adam cəlb olunursa o problem daha asan həll olunur. Amma bu gün nə baş verir?

Biz ictimai müzakirəyə cəlb olunuruq. Hər bir partiya özünün müəyyən etdiyi müxalifətçi partiyalar siyahısını ortaya qoyur, qarşılıqlı ittiham və yersiz dartışmalara zəmin yaranır.

Belə bir şəraitdə necə əməkdaşlıq etmək olar? Əvvəl bunu özümüz həll etməliyik

Xədicə İsmayılova: Özümüz yəni kim?

Nurəddin Məmmədli: O müxalifətçi hesab etdiyimiz partiyaların liderləri.

Xədicə İsmayılova: Axı sizin və deyək ki, Müsavat partiyasının müxalifətçi hesab etdiyi qüvvələr fərqli ola bilər. Və yaxud da İqbal bəy tamamilə başqa fikirdə ola bilər?

Nurəddin Məmmədli: Kim hansı fikirdə olur-olsun, əvvəl onu deyim ki, ümumiyyətlə Azərbaycanda bu birlik ideyasına bütün dövrlərdə qeyri-müəyyən siyasətlə əlaqəsi olmayan bir münasibət var. Birlik ideyası elmi cəhətdən...

Xədicə İsmayılova: Gəlin, Nurəddin bəy, uzağa getməyək, dediniz ki öz aramızda, yəni sizin partiya və kimin?

Nurəddin Məmmədli: Bu iki prinsipə söykənən əməkdaşlıq mümkündür.

Xədicə İsmayılova: Sizin partiya və kimin?

Nurəddin Məmmədli: Mən bu gün sizə ad çəkməyəcəm. Adın çəkilməsi əslində bu gün müxalifəti parçayalan bir tendensiyadır.

İqbal Ağazadə
Bu gün özünü müxalifət hesab edən və bu iddia haqqı olan partiyalar arasında siz dediyiniz müstəvidə tamamilə lüzumsuz dartışmalar, ittihamlar gedir. Belə ittihamları yaradandan sonra necə birləşək?

Xədicə İsmayılova: Bu sürətlə biz kiminlə sualından o tərəfə getməyəcəyik. Amma yenə də cəhd edək, ən azı suallara cavab vermək lazımdır. İqbal bəy buyurun.

İqbal Ağazadə: Mənimçün kimin seçilməsi, hansı partiyanın hansı partiya ilə birləşib seçkiyə getməsinin heç bir önəmi yoxdur. Kim kimlə istəyir birləşsin, kim kimi istəyir müdafiə etsin. Amma bir şərtlə: biz indiyə qədər olan ənənəvi metodlardan imtina edib dairə buruqları yaradaq.

Bu gün Azərbaycanda sən bu çevrəyə daxil olmazsan deyib hər kəsi kənara qoymaq olmaz. Bu stolun üstündə bir stəkan var, 150 qram su tutur. Bura 200 qram tökmək mümkün deyil.

Cəmiyyətin bütün fərdlərindən, cəmiyyətin bütün üzvlərindən yüksək dözümlülük, sona qədər mübarizə anlayışı gözləmək mümkün deyil. Kim nə qədər bacarır demokratiyaya o qədər töhfə verməlidir.

Xədicə İsmayılova: Siz deyirsiz ki, əvvəl “necə” sualına cavab verək sonra “kim” sualına. Bu barədə sonra danışarıq. Əvvəl dinləyicini eşidək.

Qurban (dinləyici telefonıa efirə qoşulur): Onlar özləri özlərinə müxalifətdir. Hakimiyyətə qarşı müxalifət yoxdur. Əgər onlar vətəni, xalqı, milləti istəyirlərsə, onda elə başda İsa Qəmbər, Sərdar Cəlaloğlu - hamısı istefaya getməlidir. Bəlkə Azərbaycan özü yenidən hansısa müxalifət partiyası yarada. O müxalifət partiyası ki nə polis dəyənəyindən qorxa, nə də İrandakı kimi asılmaqdan.

Xədicə İsmayılova: Yeni qüvvəyə ortaya çıxmaqda kim mane olur?

Qurban: Onlar yeni qüvvələrin qarşısında bir çəpərdir

Xədicə İsmayılova: Necə çəpərdir, nə cür çəpər olublar?

Qurban: Elə hər cür. Mən 20 yanvardan da əvvəl bu işin içində olmuşam. Əbülfəz bəy hakimiyyətə gələn gün istefa verdim. Gördüm ki, hakimiyyət o gedişlə çox qala bilməz. İndinin özündə də bir hakimiyyətli ilə bir müxalifətçi özləri özləri ilə mübarizə apara-apara, özləri özlərinin ayağının altını qaza-qaza, xalq bir tərəfə qala, cəmiyyət bir tərəfə, çətinliklər qala bir tərəfə - onlardan müxalifət çıxmaz. İstefa versinlər. Təzəsi yaranar. Lap yaxşı yaranmaz, belə müxalifət olmaz axı.

Xədicə İsmayılova: O təzə ki yaranmaqdan ötrü başqasının istefasını gözləyir onda nə gözləyirsiz o təzədən?

Qurban: Elə yaxşı çıxacaq ki. Təki onlar getsin. Mənim 61 yaşım var məndən müxalifət çıxmaz, heç nə çıxmaz. Amma cavanların arasından çıxacaq. Onların kölgəsi, Çin səddi qoymur bu cavanları irəli getməyə.

İqbal Ağazadə: Mən Qurban bəyin yanaşmasında Azərbaycan cəmiyyətinə xas olan qəribə bir forma görürəm.

Elə bilirlər ki, müxalifət Azərbaycanın 9 milyonundan kənarda bir, iki miolyondu, biz yığışıb bu 9 milyonun haqqını yeyirik. Kimsə başını dubinkanın altına vermək istəyən varsa, buyursun.

Nurəddin Məmmədli: Dünya praktikasında müxalifətin yeniləşməsinin öz prinsipləri var. Həmin Qurban bəy bu işi bu gün mövcud olan müxalifətçilərdən daha yaxşı bacarırsa, - normal cəmiyyətlərdə özünü normal vətəndaş hiss edən insanlar bu missiyanı götürür öz çiyinlərinə, çıxır meydana və sübut edir ki bu müxalifətçilik missiyasını bacarır.

Qurban bəy öz ideyası ilə çıxsın ortalığa, yeni bir müxalifət partiyası yaratsın. Və Azərbaycan xalqını düz yola istiqamətləndirəndə xalq bizdən imtina edib onun yanına gedəcək.

Yoxsa sən təşkilatı burax, otur evdə, hakimiyyətə ver hər şeyi, - bu yanaşma çox qeyri-ciddi, siyasətlə əlaqsəsi olmayan, iki qonşunun davası kimi bir şeydir. Bunun siyasətlə əlaqəsi yoxdur.

Xədicə İsmayılova: Dinləyicilərdən gələn ismarıcları da oxuyaq.

Xalqımız iqtidar qarşısında tam müti bir durumda olduğu bir halda müxalifət konkret olaraq nə edə bilər ki xalq dövlətin təkcə de juri deyil de fakto sahibinə çevrilsin? Imza:Elnur “

Siz küçərələrə 1980-ci illərin sonundakı kimi milyonlarla insanı deyil, beş-üç nəfəri güclə çıxardığınız halda, nə üçün Əliyev rejimi sizi müxalifət sayıb, sizinlə hesablaşmalıdır. İqtidarın hesablaşdığı qüvvəyə müxalifət deyirlər daha sizlərə yox. İmzasız”

İqbal Ağazadənin müxalifət birliyində səmimi olacağına inanmıram. İmza: Elçin Muradov”

Hesab edirəm ki birlik vacibdir amma səmimi deyirəm ki İqbal Ağazadəni bu birlikdə görmürəm. İqbal Ağazadə istifadə olunmuş bir insan kimi bunun acısını çəkdiyinin fərqində olmamış deyil. Bəlkə də bu gün İqbal Ağazadə birliyə qoşulmaqda və hakimiyyətə qarşı mübarizədə səmimi ola bilər. Amma bu adam haqqında haqqlı olaraq oturuşmuş ictimai rəy var. Satılmağa hazırlaşan şəxslər də İqbal Ağazadəni göz altına almalı və xalqa xəyanətin sonunun heç də yaxşı olmadığını görməlidirlər. İmza: Xalid İbrahimli.”

AXCP lazım gəlsə seçkiyə tək gedər. Imza: Xalid”

İqbal Ağazadə: Bu, siyasi mövqedir, əslində. Bəzilərinin siyasi mövqeyidir.

Nə edib İqbal Ağazadə? - İqbal Ağazadə Qarabağ uğrunda döyüşüb. İqbal Ağazadə Heydər Əliyev hakimiyyətində heç vaxt təmsil olunmayıb. İqbal Ağazadə Heydər Əliyev hakimiyyətini, İlham Əliyev hakimiyyətini heç vaxt dəstəkləməyib və onun komandasında olmayıb.

Əvəzində İqbal Ağazadə nə görüb? - Əvəzində İqbal Ağazadə həbsxana görüb, həbs görüb, işkəncələr görüb və s.

Azərbaycan müxalifəti içində yeganə Ümid partiyasıdır ki, 2 seçki dalbadal - bələdiyyə seçkilərində və rerferendumda - onun MSK və dairələrdə təmsil olunan nümayəndələri nəticələrə qol çəkməyib.

Xədicə İsmayılova: Prezident seçkiləri də olub.

İqbal Ağazadə: Prezident seçkiləri partiyanın mövqeyidir. Referendum və bələdiyyə seçkilərində nəticələri tanımayan nümayəndəmiz olub.

2000-ci ildə Xalq Cəbhəsinin nümayəndəsi tanıyıb, Müsavat tanımayıb.

2003-cü ildə Xalq Cəbhəsinin nümayəndəsi tanıyıb, Müsavatın nümayəndəsi tanımayıb. ADP – nin nümayəndəsi tanıyıb AMİP – in nümayəndəsi tanıyıb.

2005-ci ildə Xalq Cəbhəsinin nümayəndəsi tanımayıb, ADP-nin nümayənsədi tanıyıb, ADP-in nümayəndəsi tanıyıb.

Xədicə İsmayılova: Amma onlar tanıdıqdan sonra o partiyaları təmsil etməyiblər.

İqbal Ağazadə: Bizim partiyada isə yalnız təmsil olunan dövr budur və tanımırlar.

Xədicə İsmayılova: Yəni prezident seçkiləri ərəfəsində sizin partiyanın ünvanına tənqidlər səsləndi.

Nurəddin Məmmədli
Bu sizin prezident seçkilərində iştirakınızla bağlı idi. Sonra da prezident seçkilərinin nəticələrilə bağlı kəskin mövqe ortalığa qoymamağınızla bağlı idi.

Çünki bir çox müşahidəçilər orda saxtakarlıqların olduğunu, nəticələrin saxta olduğunu iddia edirdilər. Amma sizin partiyadan bu mövqe səslənmədi.

İqbal Ağazadə: Yanlışdır. Bizim partiyanın mövqeyi bu şəkildə səsləndi ki, seçkidə çoxsaylı problemlər olub, rəqəmlər olduqca şişirdilib, amma İlham Əliyevin qələbəsi haqqdır. Yəni mən seçkini udmamışam. Bu birmənalı idi.

Mən özümdən düzəldim ki seçkini udmuşam? Azərbaycan iqtidarı da, müxalifəti də, ictimai rəy də üzərimizə gəlmişdi. Nəticədə, topladığımız səslər bizim seçkinin qalibi olmağımız üçün yetərli deyildi. Demokratik cəmiyyət qurmaq istəyirik. Yalandan iddia edimmi ki mən udmuşdum?

Xədicə İsmayılova: Yenidən qayıtsaq həmin vaxta, prezident seçkilərində iştirak edərdinizmi?

İqbal Ağazadə: Yenə də iştirak edərdim. Çünki demokratiya prosesdir. Prosesin içində olaraq, prosesə qatılaraq getmək lazımdır.

Xədicə İsmayılova: Nurəddin müəllim, buyurun.

Nurəddin Məmmədli: Iqbal bəyin bayaq səsləndirdiyi fikirlərdə xeyli həqiqət var, bunlar inkar oluna bilməz. Amma həqiqət olmayan məqamlar da var.

Məsələn, ən azı Xalq Cəbhəsi partiyasının MSK-dakı nümayəndəsi Mənsum bəy o protokolu imzalamadı. O fikirlə də razı deyiləm ki, kimsə parlamentə seçilibsə ona görə o boyda saxtakarlığa göz yumub o protokolları imzalamalıdır. Və kiminsə seçilməsini əsas götürüb o protokolları imzalamaq demokratiyaya xidmət deyil, saxtakarlığa haqq qazandırmaqdır.

İqbal Ağazadə: Kim imzalayıb ki, onları, Nurəddin bəy, bizim nümayəndələr olmayıb ki?

Nurəddin Məmmədli: Sizin nümayəndədən söhbət getmir ey, mən prinsip etibarilə deyirəm. İndi onun içində 1 nəfər, 2 nəfər parlamentdə oturub, qalanlarının hüququnu pozmaq demokratiya kimi hesab edilmir.

Biz burda yersiz mübahisələr edirik və bu, mənim bayaqkı fikrimi təsdiq edir. Bax, hələlik partiyalar arasında birliklə bağlı diskussiyalar başlamamış artıq partiya tərəfdaşları arasında konflikt misilsiz bir səviyyəyə qalxıb. Ona görə deyirəm ki bu məsələ ictimailəşməməlidir.

Əvvəl müzakirə edilməlidir. Müxalifətçiliyi bu gün qınayan adamlara isə demək istəyirəm ki, müxalifətçilik missiyasının nə demək olduğunu dərk etmədən buna qiymət vermək olmaz.

Amma bütün bunların fonunda hesab edirəm ki, Azərbaycandakı bugünkü prosesləri tam qara rəngdə görmək də lazım deyil. Bayaqkı dinləyici düz deyir, ola bilsin ki 5-7-8 il əvvəl ən azı 100-150 min fəal müxalifətçi vardı. Bu gün bu funksioner müxalifətçilərin sayı 10 dəfələrlə azalıb.

Xədicə İsmayılova: O dinləyici soruşur ki, bu gün rejim sizi müxalifət sayıb, sizinlə hesablaşmırsa xalq niyə sizə inanmalıdır?

Nurəddin Məmmədli: Mənə müxalifətçi olmaq lazım deyil. Amma bu gün kütləvi bu adamlar mənim ayağıma gəlib deyirlər ki biz necə xilas olaq. əsasən orta təbəqəyə xas olan ziyalılar. Vaxtilə işləyib pul alırdılar. İndi onları hər tərəfdən sıxırlar. 75 manat təqaüd alırlar. Elmlər Akademiyasının prezidenti mətbuata açıqlama verdi ki 175 manat maaş alan professordan hansı elmi nəticə gözləmək olar. Bir də əlavə etdi ki, Akademiyanın həyətində duran polis professordan 2-3 dəfə artıq maaş alır. Bu həqiqətdir. Bu necə ola bilər. O adamlar vaxtilə haradansa qazanıb dolanırdılar. Bu gün bu imkanlar məhduddur. Xalq kütləvi şəkildə müxalifətləşib.

Xədicə İsmayılova: Bu o deməkdir ki, indi siz adamları səfərbər etməkdə daha çox imkana maliksiz?

Nurəddin Məmmədli: Biz səfərbər etməyə daha çox imkana malik deyilik. Amma o səfərbərlik əhval-ruhiyyəsi böyükdür.

Xədicə İsmayılova: Bəs hanı o adamlar?

Nurəddin Məmmədli: O adamlar Azərbaycan cəmiyyətidir.

Xədicə İsmayılova: Hanı? O adamları harada görmək olar? Deyirsiniz sizin yanınıza gəlirlər, deməli onların mövqeyini biz jurnalistlər hələ görməmişiksə, sizin yanınıza gəlirlərsə deməli siz onları səfərbər edə bilirsiniz?

Nurəddin Məmmədli: Onlar mənim yanıma ona görə gəlirlər ki, onlar vaxtilə mənə demişdilər ki, mən 5 manat pul alıb ailəmi saxlayıram, kimin hakimiyyətdə olması mənə maraqlı deyil.

Alimlər evini uçuranda mən ora getdim ki, onlara başsağlığı verib dərdlərinə şərik olum. Ağsaqqal bir kişi yeridi mənim üstümə. Dedi ki, mənim gözlərim səni axtarırdı ki, səndən üzr istəyim. Elmlər Akademiyasında 1993-cü ildə bizi bu gün gözləyən faciələri sən tribunadan deyəndə, ayaqlarını yerə döyüb qışqıranlardan biri də mən idim. O zaman sən dedin ki, tələsməyin, ağzınızı yerə sürtəcəklər, o zaman sizin akademikinizdən, professorunuzdan əsər əlamət qalmayacaq. İndi tez-tez səni xatırlayıb deyirik ki, o dövr yetişib, Nurəddin Məmmədli düz deyirdi. Biz o zaman elədiklərimizin bəhrəsini görməkdəyik

Xədicə İsmayılova: Amma öz aramızdır, mən fikir verdim ki, Nurəddin müəllim iki dəfə işlətdi bu ifadəni, siz də dediniz ki, düşüncəsinə və fikirlərinə şübhə ilə yanaşıram. Və Nurəddin müəllim dedi ki, azacıq ağlı olan, siyasi təfəkkürə malik olan, yəni siz fərqli düşüncəyə dözümsüz yanaşırsınız? Yəni belə çıxır ki, bir az fərqli düşüncə və ya kəskin fikir qoyan adam bunun siyasi düşüncəsi yoxdur?

İqbal Ağazadə: Yox, çox dözümlü yanaşırıq. Sadəcə, mən heç kimə düşüncəsiz demədim. Müxalifətçiliyə doğru-düzgün qiymət verməsindən şübhəm var, düşüncəsinə yox.

Adamlar fərqli düşünə bilər. Amma müxalifətçiliyin özü də başını divara vurmaq deyil. Müxalifətçiliyin vəzifəsi nədir? Müxalifətçi sözünü deyir.

2008 -ci ildə də, etiraf edirəm bu gün də mövqeyimdə haqlı olduğum qənaətindəyəm. Mən demokratiya prinsiplərinə sadiq insanam. Mən adamı udmamışam. Mən necə iddia edim ki, mən udmuşam?

Biz seçkinin saxtakarlıqlarla, rəqəmlərin şişirdilməsi ilə keçirilməsi barədə partiyanın açıq mövqeyini qoymuşuq ortalığa və rəsmi bəyanat yaymışıq. Amma bununla belə adam udub seçkini. Nə deyilməlidir burda?

Xədicə İsmayılova: Adam deyəndə yəni kim?

İqbal Ağazadə: İlham Əliyev. Nə mövqe qoyulmalıdır? Seçkinin səhəri günü ANS-də Qabil Hüseynlə debatdaydıq. Mən ona sual verdim: seçkini mən udmuşam, yoxsa İlham Əliyev? Deyir, İlham Əliyev. Deyirəm, bəs mən nə deyirəm, mən də həmin şeyi deyirəm. Adam udub seçkini.

Nə deməliyəm? Bugünki prezident odur. Bu demokratiyaya sadiqlikdir. Sabah heç İlham Əliyev deyil, İsa Qəmbərlə rəqibəm mən, udmadım deyə, mən deyim ki, mən udmuşam. Bu təfəkkürü elə neçə ildir qanımıza yeridiblər. Neçə ildir, bu cür idarə edirlər. Biz bu idarəçiliyin əleyhinəyik. Fərqli idarəçiliyi qəbul etməliyik.

Xədicə İsmayılova: Bir “Azadlıq” blokunun 2005-ci il parlament seçkilərində əməkdaşlıq təcrübəsi var. Müstəqil müşahidəçilərin rəyinə əsasən, bu rəsmi nəticələrdə əksini tapmasa da, həmin blokun əməkdaşlığı onların qələbəsilə nəticələnib. Rəsmi müşahidələr, bir çox işlər hələ Avropa Məhkəməsindədir və onların nəticələri yəqin ki, nəvaxtsa bəlli olacaq. Amma ki, bu kifayət qədər, sırf proses baxımından uğurlu əməkdaşlıq kimi sayılırdı.

Bir problem vardı ki, seçkinin tanınması məsələsində partiyalarda fikir ayrılığı oldu. Bəzi partiyalar parlamentə getmək qərarını verdi, bəzi partiyalar getməmək qərarını verdi. Bu əməkdaşlıq təcrübəsindən çıxış edərək də parlamentə getmək məsələsinə necə baxırsınız?

Yəni o təcrübənin əsasında Nurəddin bəy?

Nurəddin Məmmədli: Əvvəlcə onu deyim ki, İqbal bəy bayaq dediyi fikirlərə alternativ olaraq demək istəyirəm ki, bizim İlham Əliyevin qələbə çalıb, çalmaması ilə bağlı mövqeyimizdə fərqlilik onunla əlaqədardır ki, yalnız normal, demokratik, ədalətli, bərabər şanslar əsasında keçirilən seçkinin qalibindən danışırıq.

Əgər bərabərlik şəraiti pozulubsa, ədalət yoxdursa, seçki komissiyaları hakimiyyətin monopoliyasındadırsa, cəbhəçilərin yüzlərlə müşahidəçiləri seçki məntəqələrindən döyülüb qovulursa, seçki məntəqəsində özünü hakimiyyətə loyal aparmayan adamı polis idarəsinə çağırılıb, polisdən qovulursa, məktəbdə işləyən müəllimə işdən azad edilirsə o seçkinin nəticəsində kiminsə qalib gəlməsindən necə danışmaq olar?

Xədicə İsmayılova: Nurəddin müəllim, dəyişibmi vəziyyət müsbətə tərəf?

Bütün mübahisələr bununla bağlıdır ki, biz kimlərlə birlikdə olaq, biz hansı qüvvələrlə vahid siyahı əsasında seçkiyə gedə bilək. Bu barədə mənim mövqeyim birmənalıdır. Mənim siyahım hazırdır. Bu siyahı partiyada müzakirə olunub, mən demişəm, fərqli münasibətlər olub

Xədicə İsmayılova: Yəni şəxsən sizin siyahınız?

Nurəddin Məmmədli: Mən əlbəttə kağız qələm götürüb yazmamışam, mən demişəm ki, mən şəxsən müxalifət mövqeyində dayanan partiyalar kimi bunları görürəm. Bunlarla əməkdaşlıq etməyə hazıram.

Xədicə İsmayılova: Ümid partiyası var orda?

Nurəddin Məmmədli: Mən axı bayaq dedim ki, ad çəkməyəcəyəm. Bax, bu gün müzakirə getmir, amma artıq konflikt barışmaz bir ziddiyyət səviyyəsinə çatır. Məsələn, orada (efirə gələn SMS-ləri nəzərdə tutur) müsavatçı hesab etdiyim insan İqbal bəyi tənqid edir, cəbhəçi götürüb yazır ki, cəbhə tək getməlidir. Biz hadisələrdən bir qədər yüksəkdə dayanmalıyıq

Xədicə İsmayılova: Bu yazanların heç biri siyasi mənsubiyyətlərini yazmayıblar.

Nurəddin Məmmədli: Mən tərəfdarı dedim. Cəbhə tərəfdarı olmayan adam bunu yazmaz. Hər halda onun Cəbhəyə rəğbəti var və mən onu alqışlayıram və yanaşma da düzdür. Qaldı ki, bayaqkı sual, mən bütün fikirlərə dözümlü yanaşıram.

Dözümlü yanaşa bilmədiyim odur ki, AzadlıqRadiosunun efiri çox qiymətli efirdir. Siyasətdən başı çıxmayan, mücərrəd, müxalifətçilik anlayışından xəbəri olmayan, çoxpartiyalı sistemdən xəbəri olmayan adam yarım saat oturub orda zərərli ideyalar yayır.

Xədicə İsmayılova: Və beləliklə hörmətli dinləyicilər, müxalifətin birliyi mümkündürmü sualına cavab axtarırdıq bu gün. Ümidverici bircə şey eşitdik ki, o vaxt ki, biləcəklər necə? Onda da biləcəklər ki kimlə. Bu sualların cavabı tapılacaq. Hələ ki bu suallara cavab yoxdur.

Nurəddin Məmmədli
: Qaldı sualın ikinci hissəsinə, mən bu gün Azərbaycan müxalifətinin keçdiyi yola baxarkən uğurlu hesab etdiyim və bayaq da qeyd etdiyim - “Azadlıq” seçki blokunun qələbəsidir. ÜMİD və AXCP partiyalarının 2010-cu il parlament seçkilərində birgə iştirakı sualı açıq qaldı.

Müzakirələrin tam mətnini burada oxumaq olar

Buna da bax:

XS
SM
MD
LG