Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:20

Azərbaycanlılar kimə səs verir


Ukraynada prezident seçkisinin 2-ci turu fevralın 7-də keçiriləcək
Ukraynada prezident seçkisinin 2-ci turu fevralın 7-də keçiriləcək
Qarşıdakı prezident seçkisindən söz düşəndə, xaricdə çoxları fikirləşir ki, Ukraynanın Qərbə meyl etməsini istəyənlər-ölkənin mərkəzi və qərbində yaşayanlar «Narıncı koalisiya»nın keçmiş üzvü Yuliya Timoşenkonu dəstələyəcək. Kiyevin Moskvayla yaxınlaşmanın tərəfdarı olanlar-rusdilli Şərqi Ukrayna isə Viktor Yanukoviçi.

Amma sən saydığını say, gör azərbaycanlılar nə sayır.

UKRAYNADA RUSLARIN ARASINDA YAŞAYANLAR QƏRBMEYLLİLƏRİ SEÇİR

Ukraynanın şərqində-Xarkovdakı Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov Şərqə yox, Qərbə istiqamətlənən namizədi dəstəkləyir.

Murad Ömərov deyir ki, «Narıncı koalisiya»dan indi ortada ancaq Timoşenko qalıb deyə, onlar da Qərbə inteqrasiyaya səs verəcəklər.

Amma Murad Ömərov onu da vurğulayır ki, ümumilikdə burdakı diaspor cəmiyyətinin siyasətə qarışmasının əleyhinədirlər. Odur ki, heç bir namizədi açıq-aşkar, mütəşəkkil şəkildə dəstəkləmirlər. Çünki rəqib siyasi qüvvə qalib gələcəyi halda azərbaycanlı icmasına problem yaranmasını istəmirlər.

AVROPAYA YAXIN YAŞAYANLAR MOSKVAMEYLLİ NAMİZƏDƏ SƏS VERİR


Ukraynanın Qərbində-Avropaya daha yaxın olan Lvovda yaşayan azərbaycanlıların təşkilatına rəhbərlik edən Məcid Nuxiyev isə tam tərsinə, Rusiyameylli Yanukoviçi dəstəklədiklərini deyir. Səbəb isə Timoşenkonun hakimiyyətdə olduğu müddətdə gördüyü işlərin kifayət etməməsi və Yanukoviç tərəfdarlarıyla daha yaxşı münasibətlərdir.

Amma Nuxiyev Yanukoviçə səs vermələrinə baxmayaraq, Avropaya yaxınlaşma tərəfdarı olduqlarını da deyir:

«İnanmıram ki, Yanukoviç hakimiyyətə gələndən sonra Moskvayla təkrar sıx bağlansın. Uzağı iqtisadi yaxınlaşma olacaq».

TİMOŞENKO ERMƏNİ İMİŞ?

Lvovda yaşayan həmyerliləri kimi, Çernovtsı regional təşkilatından Namiq Əliyev də Yanukoviçi dəstəkləyir:

«Burda hamı bilir ki, Timoşenkonun əsli ermənidir. Odur ki, Yanukoviçdən acıqları gəlsə də, ona səs verəcəklər. Çünki ortada erməni söhbəti var».

Amma Ukraynadakı azərbaycanlıların heç də hamısı bu söhbətlərə inanmır. Hətta Timoşenkonun erməni əsilli olması haqda söz-söhbətin ancaq azərbaycanlılar arasında yayılmasından da danışırlar.

Ümumilikdə, söhbətləşdiyimiz həmyerlilərimiz deyir ki, 50 milyonluq Ukraynada yaşayan yarım milyona yaxın azərbaycanlının mərkəzləşmiş şəkildə kiməsə səs vermək niyyəti yoxdur, hər kəs öz seçimini özü edəcək.
XS
SM
MD
LG