Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:40

İsrail-Azərbaycan işbirliyi necə olsun?


Avidqor Liberman Bakıdakı sinaqoqda
Avidqor Liberman Bakıdakı sinaqoqda
«Azərbaycan bizim vətənimizdir. Biz burada doğulmuşuq. Bacım və başqa qohumlarım isə tarixi vətənimiz İsraildə yaşayır. İki ölkə arasında münasibətlər onsuz da yaxşıdır. Ancaq biz rəsmi səfərlərlə bu münasibətlərin daha da genişləndirilməsində maraqlıyıq».
Yəhudi əsilli Bakılı Janna Şaulova belə deyir.

LİBERMAN YƏHUDİ İCMASI İLƏ GÖRÜŞDƏ

Bakıdakı sinaqoqda xeyli qələbəlikdir. Azərbaycandakı yəhudi ismasının nümayəndələri burada İsrailin xarici işlər naziri Avidqor Libermanla görüşə gəliblər. Bakıya üç günlük rəsmi səfəri çərçivəsində Liberman yəhudi icmasının nümayəndələrinə də zaman ayırıb:

«Mən 2 il yarım öncə Azərbaycandaydım. İndi öyrəndim ki, o zamandan bu yana Azərbaycanda yaşayan yəhudilərin sayı artıb və bu, məni çox sevindirdi. Azərbaycanla İsrail arasında münasibətlər inkişaf edir. Biz bu siyasəti davam etdirməyi düşünürük».

Libermanın Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarovla görüşlərində iki ölkə arasında bir sıra sahələr üzrə münasibətlərin dərinləşdirilməsi müzakirə mövzusu olub. Bu sırada iki ölkə arasında viza rejiminin ləğvi məsələsi də var. Ancaq Azərbaycan bununla bağlı qərar verməyə tələsmir. XİN-in sözçüsü Elxan Poluxov deyir ki, İsrail tərəfinin təklifinə baxılacaq:

AZƏRBAYCAN VİZA LƏĞVİNƏ TƏLƏSMİR

Elxan Şahinoğlu
«Hələlik bu məsələ ilə bağlı nəticənin əldə edildiyini söyləmək olmaz. Bununla bağlı müəyyən razılaşdırmalar olmalıdır. Yalnız bundan sonra hər hansı anlaşmanın imzalanması gündəmə gələ bilər».

«Atlas» Araşdırmalar Mərkəzinin başçısı Elxan Şahinoğlu deyir ki, İsrail əhalisinin çoxu şiə-müsəlmanlar olan Azərbaycanla dövlətlərarası münasibətlərin genişləndirilməsində olduqca maraqlıdır. Ən əsası isə Azərbaycan İranla qonşudur:

«İsrailin Azərbaycandan müəyyən gözləntiləri olsa da Azərbaycan hələlik onlara cavab verməyə tələsmir. Hələ 1997-ci ildə İsrailin baş naziri Benyamin Netanyahu Cənubi Koreyadan İsrailə dönərkən onun təyyarəsi Bakıya enmişdi. O zamankı prezidenti Heydər Əliyevlə görüşündə o, Azərbaycana İsraildə səfirlik açmağı təklif etmişdi. Ancaq 13 il keçməsinə baxmayaraq Azərbaycan bu addımı atmır. Viza rejiminə gəlincə, İsraildən öncə Türkiyə və İran bu təşəbbüsü irəli sürüb. Ancaq Azərbaycan hələ ki, qərar verməyib. Məncə, sadələşdirilmiş viza rejimi Azərbaycan üçün problemlər yarada bilər».

Bununla belə, Elxan Şahinoğlu İsraillə Azərbaycan arasında münasibətlərin sürətlə olmasa da, inkişaf etdiyini düşünür. İsrailin Azərbaycan neftinin dünya üzrə üçüncü ixracatçısı olmasını isə Elxan Şahinoğlu dediklərinə misal gətirir.

Eldar Namazov
Politoloq Eldar Namazov isə deyir ki, İsrail Azərbaycanın təbii müttəfiqlərindən biridir:

«İRAN FAKTORU BƏHANƏDİR»

«Bu işbirliyini daha da gücləndirmək gərəkdir. Hələ ki, Azərbaycan İsraildə səfirliyini açmayıb, dövlətlərarası nümayəndə heyətlərinin mübadiləsi çox zəifdir. Xüsusən yüksək səviyyədə görüşlər nadir olur. Səslənən təklifləri dəyərləndirmək gərəkdir. İran faktoruna gəlincə, bu, daha çox bəhanədir. İranla çox sıx münasibətləri olan və Azərbaycanın torpaqlarını işğal edən Ermənistan İsraildə öz səfirliyini açıb. Orta Asiya ölkələri, Gürcüstan da o sıradan. Bu məsələnin yalnız İran faktorundan asılı olduğunu düşünmürəm».

Avidqor Libermanın Bakıya səfəri barədə xəbər yayılandan sonra İranın Səhər televiziyası Fələstin müharibəsi zamanı Qəzzədə qətlə yetirilən uşaqların görüntülərini yayıb. Süjetdə İsrail rəsmiləri, Azərbaycanın dövlət xəritəsi, prezidenti, ordusu göstərilib, İsrail-Azərbaycan bayraqlarının yanaşı kadrları, iki ölkə rəsmilərinin görüşləri nümayiş olunub. 2009-cu ildə İsrail prezidenti Şimon Peres Azərbaycana ilk səfərini edəndə də İran tərəfdən belə kəskin reaksiya olmuşdu.

İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami ANS televiziyasına müsahibəsində deyib ki, Səhər TV bir televiziya kanalıdır:

«Hər iki ölkədə media iki ölkənin və iki xalqın münasibətlərini möhkəmləndirmək üçün çalışmalıdır. Sizin ölkədə də bəzi media qurumları var ki, bu sahədə işləmir. Mən hər iki tərəfin mediasından istəyirəm ki, iki prezidentin iradəsini əks etdirən siyasəti, qardaşlıq və dostluğu daha da zənginləşdirmək üçün çalışsınlar».
XS
SM
MD
LG