Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:13

Evlənirik, boşanmaq üçün?


Boşanmalardan daha çox qadınlar əziyyət çəkir
Boşanmalardan daha çox qadınlar əziyyət çəkir
Üzeyir Hacıbəyovun düz 100 il əvvəl yazıb səhnəyə qoyulan «Ər və arvad» tamaşasındakı klassik ər-arvad söz-söhbəti Azərbaycan ailələrinin çoxunda az qala hər gün nümayiş olunur. Ailədə söz-söhbətin, kişi ilə qadının yola getməməsinin nəticəsi olaraq təkcə ötən il 9 min boşanma qeydə alınıb. Bağlanan nikahlar isə 90 min olub. Rəsmi statistikaya görə, boşananların çoxu yeni ailə quranlardır. Boşananların yarıdan çoxu isə uşaqlı ailələr olub.

«Əslində real vəziyyət rəsmi statistikadan qat-qat çoxdur. Elə ailələr var ki, rəsmi nikahdadırlar, boşanmayıblar, ancaq ayrı yaşayırlar. Rəsmi statistikada bu göstərilmir. Statistikada həm də erkən nikahlar, dini nikahlar qeydə alınmır. Əslində dağılmış ailələr rəsmi rəqəmlərdə göstəriləndən çoxdur. Demək olar ki, hər 9 ailədən 3-4 ailə dağılır».

NİKAHIN DÜŞMƏNİ: İQTİSADİ PROBLEMLƏR


Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova ona görə bu qənaətdədir ki, hər gün boşanmaq ərəfəsində olan 3-4 nəfər onlara müraciət edir:

«Dəhşətli odur ki, bir neçə il bundan əvvəl ailə problemləriylə bağlı bizə müraciət edənlər çox nadir hallarda boşanmaq istədiyini deyirdilər. İlk növbədə çıxış yolu axtarılırdı. Boşanmaq sözü ən axırda deyilirdi. Bu gün isə əksinədir. «Boşanmaq istəyirəm»i birinci deyirlər».

Mətanət Əzizova deyir ki, boşanmaların ilk səbəbi iqtisadi məsələlərdir. Cinsi problemlər, valideynlərin ailəyə müdaxiləsi, əmlak məsələləri, anlaşılmazlıq, qısqanclıq da ailələrin dağılmasında əsas rol oynayan səbəblərdəndir.

Sevinc Əliyeva da həyat yoldaşından keçən il ayrılıb. Deyir ki, boşanmaqdan başqa çıxış yolu yox idi:

«Ərim narkoman olduğuna görə ondan boşandım. Əslində boşanmaq yox, onu müalicə etdirmək istəyirdim. Ancaq alınmadı, onun valideynləri də mənə kömək eləmədi. Mənə dayaq olmadılar. Mən də boşandım. Boşanmaqla həm də qızımı xilas etdim».

«AX, MƏN NECƏ DƏ YANILMIŞAM» DEMƏKDƏNSƏ...

Sosioloq Əhməd Qəşəmoğlu
Kaliforniya Dövlət Universitetinin professoru Diana Qayhart deyir ki, bəzi hallarda ərlə arvad müvəqqəti anlaşılmazlıqları iki nəfərin xarakterindəki uyğunsuzluq kimi qəbul edib boşanırlar. Ailə həyatındakı bəzi anlaşılmazlıqları və bundan doğan mənəvi əzabı isə ötəri hal, həm də normal olduğunu qəbul etmək lazımdır:

«Adətən, bütün sevgililər evliliyin ilk il yarımından iki ilədək olan dövrünü xoşbəxt yaşayırlar. Bu dövr keçəndən sonra sevgi hormonu öz yerini elə bil gündəlik qayğılara və məişət məsələlərinə verir. Onda adama elə gəlir ki, sən öz yarını düzgün seçməmisən. Bu vaxt «Ax, mən necə də yanılmışam» deməkdənsə, «Bütün bunlar evliliyin normal inkişaf mərhələsidir» söyləyib baş verənləri təbii hal kimi qarşılamaq daha düzgündür».

EKSPERTLƏRİN DÜSTURU: CƏMİYYƏT FƏAL OLMALIDIR


Azərbaycanlı alim, sosioloq Əhməd Qəşəmoğlu isə deyir ki, ailələrin dağılmasının qarşısının alınması üçün cəmiyyət fəal olmalıdır. Yoxsa ildə-ilə artan boşanmalar sosial bəlaya çevriləcək:

«Dövlət də, ictimai təşkilatlar da bu məsələdə diqqətli olmalıdır. Ümumi axın içində biz bu məsələyə lazımı qiymət verə bilmirik. Bu boşanma rəqəmləri quru rəqəmlər deyil. Bunun arxasında boşanan adamların, onların uşaqlarının, yaxınlarının taleyi dayanır. Bir ildə 9 min boşanma ayrılmış 18 min qadın-kişi, onların zərbə almış 35-40 min yaxını deməkdir. Bu cəmiyyətdə böyük gərginlik yaradır».

Ali Məhkəmənin sədri Ramiz Rzayev də son illər ölkədə boşanmaların artmasından narahatlığını bildirib.

«QADINLARIN MAARİFLƏNMƏYƏ EHTİYACI VAR»

Ailə Qadın, Uşaq Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə deyir ki, boşanmalardan daha çox qadınlar əziyyət çəkir. Komitəyə edilən müraciətlər göstərir ki, qadınlar hüquqlarını bilmədikləri üçün daha çox problemlə üzləşirlər:

«Qadınların maariflənməyə ehtiyacı var. Ona görə qadınlar hüquqlarını daha çox istifadə etməli, ölkənin qanunvericilik bazasından düzgün istifadə etməlidirlər».

Mütəxəssislər deyirlər ki, keçən ilki boşanma göstəricisi Azərbaycanda ən yüksək göstəricilərindəndir. Ən yüksək rəqəm isə 2005-ci ilə aiddir. Həmin ildə 71643 nikah bağlanıb, 8895 boşanma qeydə alınıb.
XS
SM
MD
LG