Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:33

Azərbaycanda bloqçu məşhurlar


Azərbaycanda siyasətçilər arasında bloq yazanları barmaqla sadalamaq olar
Azərbaycanda siyasətçilər arasında bloq yazanları barmaqla sadalamaq olar
Azərbaycanda siyasətçilər arasında bloq yazanları barmaqla sadalamaq olar – İsa Qəmbərdən başqa, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və REAL Vətəndaş Birliyinin həmtəsisçisi İlqar Məmmədov.

Müsavat başqanı İsa Qəmbərin yeni açdığı bloqda yerləşdirilmiş videomüraciətinə özünün dediyinə görə, qısa müddətdə mindən çox ziyarətçi baxıb.

Hakimiyyət rəsmilərinin arasında bloqçu demək olar ki, yox dərəcəsindədir.

Ən məşhur bloqçu Prezident Administrasiyasının siyasi analiz və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov sayıla bilər. Amma onun bloqu canlı ünsiyyətdən daha çox rəsmi- işgüzar üslubdadır. Aslanov bloqunda əsasən müsahibələrini, onunla bağlı məlumatları yerləşdirir.

Bloq yazmaq – başqa sözlə, internetdə özünün səhifəsini yaratmaq və interaktiv ünsiyyət qurmaq dünyada geniş yayılmış təcrübədir. Amerikanın prezidenti Barak Obamanın uğur qazanmasının səbəbi kimi onun yeni mediadan, o cümlədən, bloqdan yararlanması xüsusi vurğulanır.

BLOQÇU PREZİDENTLƏR

Seçki texnoloqları Amerika prezidenti Barak Obamanın uğur qazanmasında onun yeni mediadan – bloqçuluqdan, «Facebook» və «Twitter» sosial şəbəkələrindən istifadəsini xüsusi vurğulayırlar.

Rusiyanın dövlət başçısı Dmitri Medvedevin səhifəsindəki materiallara gələn şərhlər arasında hakimiyyəti tənqid edənləri də tapmaq mümkündür. Onun bloquna gələn şikayətlər araşdırılır və nəticəsi bloqda yerləşdirilir.

Dmitri Medvedev bloqu üçün video müraciət hazırlayır, 22 aprel 2009
İran prezidenti Mahmud Əhmədinejad da bloqçudur. Azərbaycan prezidenti İlham Əliyevin isə bloqu yoxdur.

Polşanın keçmiş baş naziri Kazimierz Marcinkiewiczin bloqu vaxtilə öz ölkəsində məşhur idi. Avropa Parlamentinin üzvü, siyasətçi Ryszard Czarneckinin bloqu isə polyak jurnalistlər üçün maraqlı məlumat mənbəyi sayılır. Czarnecki AzadlıqRadiosuna müsahibəsində deyir ki, bloqçuluq onun karyerasında mühüm rol oynayıb:

«Mən Polşada ən yaşlı bloqçuyam. Altı il iş təcrübəm var. Azərbaycan siyasətçiləri, xüsusilə müxalifətdə olanlar üçün mənim təcrübəmin mühüm əhəmiyyəti var. Bloq yazmaq seçicilərlə ünsiyyət üçün mühüm vasitədir».

TAĞI ƏHMƏDOVUN BLOQU

Azərbaycan məmurları arasında heç kimin bloqu yoxdur. Bakı Metropoliteninin rəisi Tağı Əhmədovdan soruşduq ki, sərnişinlərlə interaktiv ünsiyyət üçün niyə yeni informasiya texnologiyalarından istifadə etmir? Cavab belə oldu:

- Mənə internetdə bir dəfə müraciət gəlmişdi, cavab verdim. Desinlər cavab verim.
- Bəs Tağı müəllim, bloq yazmaq kimi planınız varmı?

- Yoxdur, yox.

«MƏMURLAR MONOLOQA ÜSTÜNLÜK VERİRLƏR»

«Ayna–Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov isə Azərbaycanda məmurların bloq açmamağını ölkədə demokratiyanın vəziyyətinin pis olması ilə izah edir:

«Azərbaycanın hakimiyyət nümayəndələrinin heç birini cəmiyyətin fikri ümumiyyətlə maraqlandırmır, onlar cəmiyyətlə ünsiyyətdə monoloqa üstünlük verirlər».

Azərbaycanda iki gənc bloqçu - Emin Milli və Adnan Hacızadə xuliqanlıq ittihamı ilə həbsdədir. Özləri və beynəlxalq təşkilatlar gənclərin məhz bloqlarında hakimiyyəti tənqid edən materiallar yerləşdirdiklərinə görə həbs olunduqlarını deyirlər, amma hakimiyyət rəsmiləri bu arqumenti birmənalı rədd edirlər.
XS
SM
MD
LG