Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:30

Qara bazardakı pullar büdcəyə necə axacaq?


«Bu gün İngiltərə - İspaniya, İngiltərə liqaları – birinci, ikinci liqaları oynayır. Ən çox yəqin İngiltərənin «Çelsi» klubuna qoyarlar...»

... Bakıda beynəlxalq futbol qarşılaşmalarına az pul qoyub, çox götürmək istəyən insanların qeyri-leqal toplaşdığı məkanlardan bir neçəsi də Bakı Dövlət Universitetinin yaxınlığında yerləşir. Totalizator, və ya bukmeker kontorları kimi tanınan bu yerləri tapmaq çətin deyil, bir çox çayxana və
futbol kafelərində oyunlara pul qoymaq mümkündür...


Pərviz deyir ki, 3 ildir yoldaşları ilə mərcxanalara ayaq açıb və bunu əyləncə məqsədi ilə edir:

MƏNTİQ AZARKEŞLİK HİSSİNDƏN ÜSTÜN OLMALIDIR

«Çoxu bunu qumar oyunu adlandırır, mən bəxt oyunu adlandırıram. Burada elədir ki, azarkeşlik hissləri gərək üstün gəlməyə. Mən «Qalatasaray»la «Barselona»nın fanatıyam, götürüb «Qalatasaray»ın qələbəsinə yazdım, gəldi Atletiko-Madridə uduzdu. Azarkeşlik, fanatizm hisslərin üstün gəlirsə, heç nə qazanmayacaqsan. Bir az məntiqlə yanaşmaq lazımdır. 150 manat bir, 82 manat bir udmuşam».

Pərviz kimi bukmeker kontorlarına gələnlərin əksəriyyəti gənclər olsa da, aralarında məktəblilərdən tutumuş yaşlı nəslin nümayəndələrinə qədər var. Kontor işçiləri iddia edir ki, onlar 18 yaşa çatmamış uşaqların içəri girməsinə qadağa qoyublar:

18+ QAYDALARI

«Azyaşlıları qoymuruq. Bax əlində qələm hazır durub. 18 yaşına çatmamış adamların içəri girməsinə icazə yoxdur, üzünə baxırıq, bilirik ki, bu məktəblidir ya yox, onda qoymuruq».

Hərçənd bukmeker kontoru qarşısında dayandığım 15-20 dəqiqə ərzində «mərc əmsalı» yazmaq üçün bir neçə məktəblinin içəri daxil olduğunun şahidi oldum:
-
Kimə qoydun?

- Hələ heç kəsə, indi yazırıq. «İnter»ə qələbə atmaq istəyirik. 10 manat atacağıq. İndiyə kimi Çox oynamışam.
- Sənin neçə yaşın var?
- 14.
- Bəs deyirlər 18 yaşına çatmamışlar oynaya bilməz?
- Kağızı alırıq, çıxırıq özümüz çöldə yazırıq.
- Udduğun olub?
- Sonuncu dəfə 51 manat udmuşam. 9 dəfə uduzmuşam, 1 dəfə udmuşam.

Bukmeker kontorlarında idman oyunlarına ən azı 1 manat pul qoyulur. Ancaq adətən söhbət daha yüksək məbləğdən gedir. Kontor işçiləri qara bazarda qarşılaşmalara 2 min pul qoyub, 30 min manat qazananların da olduğunu bildirir.

QANUNİ MƏRCXANALAR

Gələn aydan isə bukmekerlərin fəaliyyəti qanuniləşir. Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, may ayında Bakıda 50 bukmeker kontoru açılacaq. Avqustda isə ölkə üzrə 300 belə mərcxananın yaradılması gözlənilir. Nazir mərcxanaların kafe və çayxanalarda da olacağını istisna etməyib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirir ki, bukmekerlərin qanuniləşdirilməsində məqsəd bu sahəni nəzarətə götürməkdir:

«Nəzarətə götürmək və gələn məbləği nazirlik və AFFA arasında bölünməsi və idmana xərclənməsi üçün nəzərdə tutulub. Nəzarətə götürmək və bunu qanuniləşdirmək».

Bunun üçün nazirlikdə Türkiyə şirkəti «İnteltex»lə birgə totalizator işini aparacaq «Azəridmanservis» şöbəsi yaradılıb. Dövlət totalizatordan 70%, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası isə 30% gəlir əldə edəcək.
«Futbol+» qəzetini baş redaktoru Mahir Rüstəmli hesab edir ki, totalizatorların leqallaşması müsbət haldır və bu ilk növbədə vətəndaşlara xeyirdir:

AİLƏLƏRİN FACİƏSİNİN QARŞISI ALINACAQ

«Limitsiz pul qoyuluşları var idi, bütöv ailələrin faciələrinə səbəb olan həddə qədər çatmışdı. İndi bunlar hamısı qanunla tənzimlənəcək. Müəyyən bir həddə qədər pul qoymaq olacaq. Risk ehtimalı azalacaq. Ən önəmlisi qara bazarda dövr edən milyonlarla puldan dövlət büdcəsinə xeyir dəyəcək».

Mahir Rüstəmli deyir ki, əgər əvvəllər qanunsuz pul yığımı ilə məşğul olanları hansısa rayonun polis rəisi və ya sahə müvəkkili himayə edirdisə, bundan sonra bu sahə birbaşa dövlətin nəzarətinə keçəcək.

Hələlik qanunsuz fəaliyyət göstərən bukmekerlərə çoxları göz dikməkdədir.
XS
SM
MD
LG