Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:13

Ağır çəkili dünya çempionu ilə həvəskar boksçunun rinqi


Milli Məclis
Milli Məclis
ABŞ ŞİRKƏTLƏRİNİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏLİDİR

«Nədən bu gün ABŞ təcavüzkar Ermənistanı müdafiə edir? Düşünürəm ki, Azərbaycan ABŞ şirkətlərinin neftdə olan payını almasına baxmalıdır. Amerika bu xətti davam edərsə, onların Azərbaycandakı fəaliyyətinə xitam verilməlidir».

İqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı aprelin 20-də parlamentin iclasında belə dedi. İclasda bəzi millət vəkilləri yenə də ABŞ-dan danışıblar.

F.Ağamalı deyib ki, Azərbaycan hər yerdə və həmişə ABŞ-ın yanında olub. Həmçinin «Əsrin müqaviləsi»ndə də ABŞ şirkətləri çoxluq təşkil edir. Amma Birləşmiş Ştatlar Azərbaycana qarşı ədalətsiz mövqe tutur. Xüsusilə də Dağlıq Qarabağ məsələsində.

Hakim YAP-dan olan deputatlar - Əli Əhmədov və Siyavuş Novruzov da bu mövzunu davam etdirdilər.
Fəzail Ağamalı
Amma onların çıxışları daha çox hamını bu məsələyə münasibət bildirməyə, ABŞ-ın siyasətini dəstəkləyən hərəkətlərə yol verməməyə dəvətlə diqqət çəkdi.

Əli Əhmədov Birləşmiş Ştatların indiki mövqeyinin təəssüf doğurduğunu bildirib hamının, o cümlədən siyasi partiya və təşkilatların bu və digər məsələlərlə bağlı mövqe nümayiş etdirməsini məqsədəuyğun saydı.

ORTADA VƏTƏN MARAĞI OLANDA…

Siyavuş Novruzov isə bildirdi ki, Amerikanın Dağlıq Qarabağ məsələsində tutduğu mövqe Azərbaycanın maraqlarına ziddir. Milli maraqların qorunmasında isə hamı bir yerdə olmalıdır:

«Hesab edirəm ki, biz bu məsələlərə deputat kimi kəskin mövqeyimizi bildirməliyik. Və öz həmvətənlərimizi, ayrı-ayrı qruplara xidmət edən insanları da çağırmalıyıq ki, ortada vətən marağı olanda hər hansı bir qrupun, dövlətin və ya onun təşkilatının maraqlarına xidmət etməsinlər».

S.Novruzov ölkədə mitinqlərin keçirilməsinə edilən cəhdlərin də okeanın o tayından verilən tapşırıq əsasında start götürdüyünü düşünür.

BALANS SİYASƏTİNİN DALANA DİRƏNMƏSİ

Müsavat deputat qrupundan olan Pənah Hüseyn isə bu cür bəyanatları ciddi saymır.

Deyir ki, əslində hansısa müraciətlər, çağırışlar etmək hər kəsin haqqıdır.
Pənah Hüseyn
Ancaq baş verənlər bu iqtidarın uğurlu sayılan balans siyasətinin dalana dirəndiyini göstərir:

«Birdən-birə strateji müttəfiq elan etdikləri böyük bir dünya gücünə qarşı bu cür münasibətin yaranmasının da haqq-hesabını verməlidirlər. Çünki əgər bu iqtidar Azərbaycanı ABŞ-la belə bir ziddiyyətə və gərginliyə gətirib çıxarıbsa, üstəlik də Qarabağ məsələsində Birləşmiş Ştatların bu cür mövqeyinə səbəb olubsa, baxmayaraq ki, artıq 17 ildir iqtidardadırlar, o halda əlbəttə ki, ilk növbədə bunun cavabını, bunun hesabını verməlidilər».

Pənah Hüseyn düşünür ki, hakim partiya təmsilçiləri xalqı Amerikanın əleyhinə qaldırmaqdansa, torpaqların azad olunmasına səfərbər etməli və iqtidarı konstitusiya ilə müəyyən olunmuş vəzifələri yerinə yetirməyə çağırmalıdırlar,

ANLAŞMA OLMASA, MÜNASİBƏTLƏR DAHA DA GƏRGİNLƏŞƏCƏK

Siyasi şərhçi Azər Rəşidoğlu isə yaranmış vəziyyətdə təkcə ABŞ-ın, yaxud da Azərbaycan iqtidarının günahkar olduğu fikrilə razılaşmır. Onun sözlərinə görə, münasibətlərin bu həddə gəlməsində hər iki tərəfin əməyi az olmayıb.

Azər Rəşidoğlu
A.Rəşidoğlu deyir ki, hər halda parlamentdə məlum bəyanatları verənlər ABŞ-ın sıradan kiçik bir dövlət olmadığını unutmamalıdırlar. Birləşmiş Ştatlar çox mühüm bir dövlətdir və ona qarşı diplomatik müharibə elan etmək yaxşı nəticələnməz. O ki, qaldı baş verənlərə:

«Azərbaycanda əgər demokratik təsisatlar məhv edilirdisə, seçki adına şoular düzənlənirdisə, bu son nəticədə ölkədə anti-Amerika isteriyasının baş alıb getməsinə səbəb olacaqdı. Ən acınaqlısı da odur ki, son parlament və prezident seçkilərindən sonra Azərbaycanda Qərbyönümlü rəy artıq buxarlanmaq üzrədir. Artıq ölkədə anti-Qərb əhval-ruhiyyəsi çiçəklənir. Əlbəttə ki, bu millət vəkillərinin çıxışları ilə bağlı deyil. Sadəcə, Qərbin Azərbaycan ictimaiyyətinin yanında olmaması buna gətirib çıxarıb».

Azər Rəşidoğluna görə, yaxın vaxtlarda rəsmi Bakıdan diplomatik hesabat tələb etmək üçün ABŞ-ın hansısa yüksək çinli məmuru ölkəyə gələcək. Əgər anlaşma olmasa, münasibətlər daha da gərginləşəcək. Bu isə təxminən ağır çəkili dünya çempionu ilə həvəskar boksçunun rinqə çıxması kimi bir şey olacaq.

MƏSƏLƏYƏ MÜNASİBƏTİNİZİ BURADA BİLDİRİN
XS
SM
MD
LG