Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50

Avstriya polisi Çeçenistan prezidentini qətldə ittiham edir


Ramzan Kadırov
Ramzan Kadırov
Avstriya polisi bugünlərdə Çeçenistan prezidenti Ramzan Kadırovu bu ölkədən sığınacaq almış Umar İsrailovu qaçırmaq göstərişi verməkdə ittiham edib. Amma sifarişi yerinə yetirənlər 2009-cu il yanvarın 13-də onu Vyanada bir dükanın qarşısında qətlə yetiriblər.

AVSTRİYADA ÜÇ ÇEÇEN SAXLANIB

Bu hadisə ilə bağlı Avstriyada üç nəfər çeçen saxlanıb. Avstriyanın terrorizmə qarşı mübarizə idarəsinin müstəntiqləri onların 15 aylığa istintaqa cəlb edildiklərini bildirib. Hələlik onlara qarşı rəsmi ittiham elan edilməyib. Amma may ayında onların məhkəməsi planlaşdırılır.

Avstriya prokurorluğunun sözçüsü Gerhard Jarosch İsrailovun qətlində Kadırovun əlinin olduğunu güman etdiklərini deyib. Umar İsrailov Ramzan Kadırovun keçmiş cangüdəni olub. Prokurorlar Kadırovun onun qaçırılaraq Çeçenistana qaytarılmasına göstəriş verdiyini deyirlər. Çünki bu qətldə şübhəli kimi saxlanan hər üç nəfər Kadırovun yaxın çevrəsində olan adamlardır.

Müstəntiqlərdə saxlanan adamlardan birinin Çeçenistan prezidenti ilə divanda yan-yana əyləşdiyini göstərən bir fotosu var. Müstəntiqlər həmçinin araşdırıblar ki, Kadırovun yaxın məsləhətçilərindən biri Umar İsrailovun qətlindən iki ay əvvəl Avstriyaya gedərək hava limanında indi həbsdə olan adamlardan biri ilə görüşüb. Polis Avstriyaya getmiş həmin məsləhətçisinin pasportunun surətini də tutulan adamların maşınından tapıb.

KADIROVUN BU QƏTLLƏ HEÇ BİR ƏLAQƏSİ YOXDUR

Çeçenistan prezidentinin sözçüsü Alvi Karimov isə BBC radiosuna müsahibəsində bildirib ki, kimlərsə prezidentin adını bu işdə hallandırmaqla Kadırova qarşı qarayaxma kampaniyası aparırlar.
Gerhard Jarosch Umar İsrailovu öldürməkdə təqsirləndirilən şəxsin şəklini göstərir, 22 yanvar 2009
Kadırovun bu qətllə heç bir əlaqəsi yoxdur. O bildirib ki, Kadırovun öldürülən adama qətiyyən marağı yoxdur. Amma Karimov həm də etiraf edib ki, Kadırov Umar İsrailovun Çeçenistana qayıtmasını istəyirdi: «Prezident demişdi ki, İsrailovun Çeçenistana qayıtmasını istəyir, bu barədə bəyanat vermişdi».

27 yaşlı Umar İsrailov 2009-cu il yanvarın 13-də Vyanada bir dükanın qarşısında qətlə yetirilib. Sağlığında deyirdi ki, Avropaya qaçandan sonra Kadırov onun atasını 10 ay təzyiq altında saxlayıb ki, oğlunu Çeçenistana qaytarsın. İsrailov Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək Rusiyanı və Kadırovu insanlara işgəncə verməkdə ittiham etmişdi.

KADIROVUN ÖZÜNÜN ŞƏXSƏN İNSANLARA İŞGƏNCƏ VERİLMƏSİNDƏ İŞTİRAK ETDİYİNİN ŞAHİDİ OLUB

O iddia edirdi ki, Kadırovun özünün şəxsən insanlara işgəncə verilməsində iştirak etdiyinin şahidi olub.

İsrailovun qətli ilə bağlı may ayında Avstriyada məhkəmə olacağı gözlənir. Kadırov təkcə Umar İsrailovun deyil, xaricdə olan başqa çeçen dissidentlərin də qətlində ittiham edilir. Kadırov hakimiyyətinin açıq müxalifləri olan Sulim və Ruslan Yamadayev qardaşlarının, Mövladi Baysarovun da qətlində Çeçenistan prezidentinin adı hallanıb.

İnsan haqları təşkilatları isə Kadırovu hüquq müdafiəçisi Nataliya Estemirovanın da öldürülməsini təşkil etməkdə suçlu biliblər. Ramzan Kadırov özü haqqında səslənən bütün ittihamları rədd edir. O, AzadliqRadiosunun rus redaksiyasına müsahibəsində bu qətllərdə əli olması barədə ittihamları rədd edirdi:

Ramzan Mollayev
«Əgər Kadırov, onun adamları günahkardırlarsa, qoy, sübut etsinlər».

HƏR GÜN KİM İSƏ KÖÇÜB GEDİR

1990-cı illərdə iki Çeçenistan müharibəsində xeyli sayda çeçen də Azərbaycana sığınmışdı. Azərbaycandakı Çeçen İcmasının rəhbəri Ramzan Mollayev bildirir ki, bir neçə il əvvələ qədər Azərbaycanda 12 min nəfərə yaxın çeçen vardı. Amma indi heç 1000 nəfər qalmayıb. Ramzan Mollayev bunu Azərbaycanın çeçenləri tutub Rusiyaya verməsi və buna görə onların Azərbaycanı tərk etmələri ilə izah edir:

«Çeçenləri Rusiyaya təhvil verirlər və ya oğurlayıb öldürürlər. Ona görə də hamımız Avropaya köçməyə çalışırıq. Hər gün kim isə köçüb gedir. Kim bacarırsa, qərara gəlib ki, getsin. Biz ona görə köçürük ki, bizim sağ qalıb-qalmayacağımıza burada zəmanət verən yoxdur».

Azərbaycanda yaşayan çeçenlər əsasən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsindədirlər. Təşkilat hər ay onlara 40 manat pul və bir gün üçün 166 qram qida yardımı verir. Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirir ki, Azərbaycan hökuməti çeçenləri rəsmən qaçqın kimi qəbul etmir. Sadəcə onların qanunsuz yaşamalarına mane olmur. Amma bu da Rusiya hökumətindən tələb gələnə qədər davam edir. Bakı Rusiyanın istədiyi çeçenləri tutub rahatlıqla Moskvaya verir.
XS
SM
MD
LG