Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:14

Güldən qorxan polis…


Anım aksiyası, 30 aprel 2010
Anım aksiyası, 30 aprel 2010
- Əlinizdə gül keçə bilməzsiz.

- Niyə? Mən Neft Akademiyasının işçisiyəm. İşə gedirəm. Nəyə görə sizə gül verməliyəm?

- Güllə olmaz.

Bakıdakı Milli Bankın yaxınlığında, «Neptun» mağazasının qarşısında duran polis əməkdaşı Neft Akademiyasının işçiləri olduğunu söyləyən xanımları əllərində gül olduğu üçün buraxmaq istəmir. Amma müəllimlər israrlı təkiddən sonra yola davam edirlər, ancaq Akademiyanın binasına qədər bir neçə dəfə əllərindəki gül onların yoluna yenidən maneə yaradır:

- Azərbaycanın gözəl adət-ənənəsi var. Hər bir azərbaycanlı öz mərhumu uğrunda baş əyməlidir. Əgər biz gənclərin, tələbələrimizin, iş yoldaşlarımızın ruhu qarşısında baş əyə bilmiriksə, mən buna çox pis baxıram.

«ÇÖLDƏ GÜL OLMAZ»

Ötən il aprelin 30-da Neft Akademiyasında qırğın qurbanı olanların xatirəsini təkcə ali məktəbin müəllimləri yox, Bakıda fəaliyyət göstərən bəzi gənclər təşkilatlarının fəalları da anmaq istəyirdilər. Səhər saat 9-da bəzi gənclər Akademiyanın əsas binası qarşısına gəlib pilləkənlərə qərənfil düzməyə başladılar. Elə o anda Çevik Polis Alayının əməkdaşları gəncləri dağıtmağa, gülləri isə yığışdırıb içəri aparmağa başladılar. Akademiya binasının qarşısındakı mağazaları isə bağladılar.

AKSİYADAN BÜTÜN FOTOLARA BURADA BAX

AKSİYANIN XRONOLOGİYASI

«BURDA DAYANMAYIN»


Amma saat 1-də yeni bir aksiya gözləndiyi üçün nə jurnalistlər, nə də polis əməkdaşları «28 May» metrostansiyasının qabağını tərk edirdilər. Mülki geyimli şəxslərin bəziləri isə avtobuslarda oturmuşdular, bəziləri də iki-bir, üç-bir metrostansiyanın içini, çölünü, Neft Akademiyasının ətrafını nəzarətdə saxlayırdılar. Günorta saat 1-in yarısında mülki geyimli bir nəfər digərlərini yığıb onlara metrostansiyanın qabağını təmizləməyi tapşırdı.

Cəfər Cabbarlı heykəlinin ətrafı, «28 May» metrostansiyasının qabağı isə adamlarla dolu idi. Metroya girən-çıxan, kimisə gözləyən…«Burda dayanma» əmri sıravi vətəndaşların narazılığına səbəb oldu:

- A kişi, məni hara aparırsan?

- Gedək, başa salacağıq.

- Niyə burda dayanmayım ki? Adam gözləyirəm, bura gələcək.

- Zəng elə, de, başqa yerə gəlsin.

- Sən mənə izah et ki, niyə dayanmalı deyiləm? Kimsən axı sən…

«NAZİRİN XATİRƏSİ»

Elə bu ərəfədə Neft Akademiyasında müəllim və tələbələrin iştirakıyla anım mərasimi başladı. Təhsil naziri Misir Mərdanov da buradaydı. O terror gününü xatırladı:

- Mən bir təhsil müəssisəsində müşavirədəydim. Hadisədən xəbər tutan kimi bura gəldim. O qan ləkələrini isti-isti gördüm, bu heç vaxt yadımdan çıxmayacaq.

Terror qurbanlarının xatirəsi əbədiləşdiriləcəkmi? Misir Mərdanov hələlik bunu bilmir, amma bu barədə düşünəcəklərini deyir.

«BƏS NİYƏ GÜL BAYRAMI KEÇİRİRLƏR?»

Çöldə isə polislər və mülki geyimli şəxslər gənclərin «28 May» metrostansiyasından gələcəyini gözləyirdilər, amma onlar ayrı-ayrı istiqamətlərdən Cəfər Cabbarlı meydanına yaxınlaşdılar. Polis dərhal şüar qışqıran gəncləri avtobuslara mindirməyə başladı.

Gənc fəal Araz Önər dedi ki, onlar aksiya keçirmək yox, 30 aprel terror qurbanlarının xatirəsini anmaq istəyirdilər:

- İnsanlar ölüb orda, anmaq istəyirik. Onlar necə Heydər Əliyevin ad gününü gül bayramıyla anmaq istəyirlər, biz də elə anmaq istəyirdik.

«KİMDİR MÜLKİ GEYİMLİLƏR?»

Araz Önər, onun dostları fikirlərini axıra çatdıra bilmədilər, polis əməkdaşları onları da qamarlayıb darta-darta apardılar.

Mülki geyimli şəxslərin polislərlə müqayisədə özlərini daha aqressiv aparması, saxlananlara güc tətbiq etməsi müşahidə olunurdu.

Əməliyyata rəhbərlik edən Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevdən hətta aksiyaya dəxli olmayan orta yaşlı adamların niyə saxlandığını və mülki geyimli şəxslərin kimliyini öyrənmək istədik. Ancaq o:

- Mən iş başındayam. Sonra açıqlama verəcəm, - desə də, sonradan hər hansı bir açıqlama vermədi.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə AzadlıqRadiosuna bildirib ki, şəhər icra hakimiyyəti aksiyaya icazə vermədiyi üçün polis asayişi təmin edib.

«AZƏRBAYCAN HİMNİNİ OXUYANI TUTURLAR»

Günorta 1-i ötüb, ətraf qarışqa kimi qaynayır. Polis ərazini təmizləməyə çalışsa da, buna nail ola bilməyib. Birdən xəbər gəlir ki, bir qrup gənc Neft Akademiyasının ikinci korpusunun qarşısına yığışıb. Ara sakitləşəndə yeraltı keçidə düşüb əmr gözləyən Çevik Polis Alayı dərhal hərəkətə gəlir. Üzü Səməd Vurğun bağına yönələn gənclər elə ki, Azərbaycan dövlət himnini oxumağa başladı, polis dərhal onların səsini kəsməyə çalışdı.

«REJİM QORXUR»

Yenə polislərlə qaçdı-tutdu davam eləyir. Anım mərasiminə qoşulmaq üçün Akademiyanın yaxınlığına gələn millət vəkili Pənah Hüseynin fikrincə, hakimiyyət gənclərin aksiyasından ehtiyat eləyir:
- Rejim açıq-aydın qorxur və bununla öz səviyyəsini göstərdi.

«ŞAM YANDIRMAQ DA OLMAZ»

Səməd Vurğun bağında dörd-beş gənc fəvvarələrin qırağına, mərmər üstə 30 aprel sözlərini yazırlar:

- Şam yandırmaq istəyirdik, külək söndürür.

Amma polis şamları da dağıdır, bu gəncləri də pərən-pərən salır.

«DEMOKRATİYA NÜMUNƏSİ»

Kənardan baş verənləri müşahidə eləyənlərin fikirlərini soruşuruq:

- Qarğa məndə qoz var eləyirlər, o boyda hadisə olub, bu gün ildönümüdür. Yasa da icazə yoxdur? Tələbədən çox polis var. Tələbələr neyləyəcək ki?.

- Hakimiyyətin siması budur.

- Çox mənfidir münasibətim. Demokratiyanın bariz nümunəsidir.

İştirakçılar aksiyanın baş tutduğunu, polis dəyənəyi altında olsa da faciə qurbanlarının xatirəsini ana və «Terrora yox!» deyə bildiklərini söyləyirlər.

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN FORUMA QATIL
XS
SM
MD
LG