Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:20

İslama qayıdış və qızılgülün adı


Mosque
Mosque
Vaaaaay! Gör Avropa nə gündə imiş! Katolik kilsəsindəki uşaqbazlıq qalmaqalına belə reaksiya verənlər yəqin az deyil. Amma pedofil keşişlərin ifşası həm də Qərb sivilizasiyasının qüdrətini göstərdi.

O qüdrət ki bir şərqlinin onun səbəbini dərindən anlaması üçün... heç olmasa “Qızılıgülün adı” əsərini oxuması gərəkdir...

...14-cü əsrin əvvəli.

İtaliyadakı monastırların birində - dalbadal baş verən müəmmalı ölümlərin şoku yaşanır, rahiblərdən birini uçurumdan tapırlar, o birisini donuz qanıyla dolu çəlləkdən, başqa birisini isə hamamda boğulmuş halda...


DÜNYA ƏDƏBİYYATININ CANLI KLASSİKİ

(Nobel mükafatı almasa da, alanların bir çoxundan üstün) Umberto Ekonun indi 80-ə yaxın yaşı var, İtaliyanın Bolonya Universitetinin professorudur.

Onun 30 il qabaq çap olunan “Qızılgülün adı” əsəri – indi – uşaqbazlıq qalmaqalının katolik kilsəsini silkələdiyi, hətta Papanın da pedofiliya mərəzinə göz yumması haqqında ittihamların səsləndiyi bir vaxtda yenə yada düşür.

“Qızılgülün adı” – həm nəfəs kəsən kriminal süjetinə görə sevilir, həm də orta əsrlər Avropasındakı həyatın əlvan boyalarla kağıza köçürüldüyü bir tarixi roman kimi.

Amma bu həm də bir zamanlar Avropanın ağası olmuş, qılıncının dalı da, qabağı da kəsmiş ruhanilərin hakimiyyətinə necə son qoyulması, onların qurduğu

“İMPERİYA”NIN NECƏ ÇÖKÜB QURUCA ADI QALMASI HAQDA İBRƏTAMİZ ƏSƏRDİR

.
Umberto Eko
..Monastır divarları arasında caninin axtarışı başlayır.

Bu əsnada nələr ortaya çıxmır.. Sən demə rahiblər arasında “kişi məhəbbəti” də varmış, gecə qonşu kəndin kasıb qızlarını yoldan çıxarıb monastır mətbəxinə salan, “zəhmət haqqı” kimi heyvan içalatı verib yola salan rahiblər də... Zahirənsə monastır özü haqda müqəddəs bir məkan təəssüratı yaradır...

Özü də Allahın evində törədilən günahların ən dəhşətlisi bunlar deyil...


İndi Qərb sivilizasiyasının elmdə də, sənətdə də bəşəriyyətin lokomotivi rolunu davam etdirməsi uğurunun təməli məhz elə “Qızılgülün adı” əsərində hadisələrin cərəyan etdiyi 14-cü əsrdə qoyulub.

Daha geniş anlamda orta əsrlərdə.

Elə bir dövrdə ki, katolik kilsəsi daha insanların beyinləri üzərində inhisarını qoruyub saxlaya bilmirdi.

Kilsənin elm, sənət üzərində monopoliyası “çat vermişdi”: bir tərəfdən dünyəvi universitetlər qurulur, yerin-goyün quruıuşuna dini rəvayətlərdəkindən fərqli yanaşmalar meydana çıxır, o biri tərəfdən sənətdə intibah yaşanırdı, məsələn Aligeri Dante “İlahi komediya” yazıb Papanı “cəhənnəmə salırdı”.

Xristian dünyasında yeni-yeni məzhəblər, təriqətlər orta çıxır, aləmə, yaradılışa öz baxışlar sistemini təbliğ edir, tərəfdar toplayırdı. Mühafizəkar ruhanilərsə bütün bu “kafir”ləri yer üzündən silmək üçün ən amansız üsulllara əl atırdılar -

BÜTÜN AVROPA BOYU İNKVİZİSİYA TONQALLARI ALOVLANIRDI

... Məlum olur ki, monastırdakı kitabxananın məxfi bir bölümü var və orada satirik əsərlər, bir də Aristotelin komediyalar haqda yazdığı, amma itmiş sayılan kitabı saxlanır.

Monastırdakı kor rahib Xorxe heç kimin həmin kitablara yaxın düşməsini istəmir və kitablardan xəbər tutanlar ağlasığmaz üsullarla aradan götürülür. Xorxe düşünür ki, satirik əsərlər Allahın yaratdığı məxluqları təhrif edilmiş şəkildə təsvir edir.

Bu isə insanların təsəvvürlərini dəyişə, onları dindən uzaqlaşdıra bilər.

Məsələn, öldürülən rahiblərdən birinin – nəqqaş Adelmin dəftərində əcaib-qəraib məxluqların eskizləri tapılır, bunlar at ayaqlı insanlar, quş qanadlı balıqlar, maral buynuzlu meymunlardır.

Xorxe hesab edir ki, bütün məxluqlar yalnız Allahın yaratdığı formada qalmalı və bu, Axirət gününə qədər belə davam etməlidir...


Məhz Qərbin dini dövlətdən ayırması, keşişlərin hakimiyyətdən uzaqlaşdırılması

AVROPADA BU GÜNKÜ DEMOKRATİK CƏMİYYƏTİN QURULMASINA YOL AÇDI

Filosof, şair, dominikan rahibi Cordano Brunonun 1600-cü ildə yandırıldığı meydandakı heykəli. Roma.
Elmin dini çərçivələri vurub dağıtması, alimlərin daha cordano brunoların başına gətirilən faciəni yaşamasına imkan verilməməsi Qərbi bu günəcən də dünya elminin flaqmanı olmasına şərait yaratdı.

Ədəbiyyatda, rəssamlıqda və başqa sənət növlərində sərbəstlik, hətta bir qərbli sənətkarın istənilən keşişin, yaxud peyğəmbərin karikaturasını çəkə bilməsi – bütün bunlar bu günkü Qərb cəmiyyətini yaratdı.

...“Qızılgülün adı” əsərinin sonunda monastır yanır və onunla birlikdə kitabxanası da yanıb külə dönür. Bu, Umberto Ekonun qələmində Avropanın yeni dövrə qədəm qoymasının rəmzidir.

Həmin yeni dövr bu gün də davam edir. Qərbin süqutu haqda çeşidli nəzəriyyələr ortaya çıxsa da.

Bu gün bir qəzetin - “New-York Times”ın bir ifşaedici məqaləsi bütün Vatikanı lərzəyə salırsa, media yepiskopları uşaqbazılıq qurbanı olanlardan üzr istəməyə, istefaya getməyə məcbur edə bilirsə, bu, Qərb cəmiyyətinin zəifliyi yox, qüdrətidir.

Bu həmin Qərbdir ki, heç kəs orada insanların Allahsız, dinsiz olduğunu iddia edə bilməz.

Əksinə Amerikada, yaxud Avropada müasir görünmək xatirinə öz dininə lağ edən gəlmələrə yumşaq desək, yaxşı baxmırlar.

DİNƏ QAYIDIŞ, YOXSA DİNİN MONOPOLİYASINA?

Şərqdə isə dünyada hökmran olacaq Xilafət qurmaq xülyası ilə yaşayan bin ladenləri qəhrəman sayanlar azalmır.

İran mollaları qadınların şəriət qaydalarına əməl etməməsinin zəlzələlərə səbəb ola biləcəyini sübut etməyə çalışır.

Azərbaycanda isə, bir tərəfdən sevindirici haldır ki, 70 illk kommunist zülmünün ayaqlar altına atdığı din azadlığı yenidən dirçəlir və insanların yenidən öz mentalitetlərinin ayrılmaz hissəsinə qovuşması prosesi davam edir.

Amma o biri tərəfdən də silahl gücünə İslam dövləti qurmağa cəhd edən dəstələr peyda olur, dini tənqid edən yazıçılar, jurnalistlər radikal dindarların təhriki ilə həbsə atılır...
XS
SM
MD
LG