Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:16

Jalə İsmayıl "Satqınlar və tüpürülmüşlər" (Hekayə)


Onu kompüteri satdı. Daha doğrusu, kompüterdən yaxşı baş çıxarmamağı. Demə, bütün şəxsi məlumatları silməyibmiş. O, gedəndən sonra hamı bildi ki, (admin ağzıyırtıqlıq eləmişdi) Əli pornosayt ölüsüymüş. Hamı dalınca tüpürdü onun.

Sevdanı Əli satdı. Daha doğrusu, Əlini yaxşı tanımamağı. İşdən çıxandan sonra 5 adamdan xəbər göndərmişdi ki, mənim 10 manatımı qaytarsın, ehtiyacım var. Sevda hamıdan çox tüpürmüşdü onun dalınca.

Şəbnəmi Sevda satdı. Daha doğrusu, Sevdanın telefonu. Evdə bilməsinlər deyə, gizli görüşdüyü türk tələbəyə Sevdanın nömrəsini vermişdi ki, ancaq iş vaxtı danışsınlar. Sevda da telefonu otaqda qoyub getmişdi.

Qızlar da türk tələbənin açıq-saçıq mesajlarını oxuyandan sonra Şəbnəmə tüpürmüşdülər. Şəbnəm də hirsini Sevdaya tökmüşdü, Sevda da nəyəsə görə Əlinin dalınca söymüşdü, sonra tüpürmüşdü.

Əlisə təzə iş yerində oturub özünü deyil, axmaq kompüterini söyürdü. Ürəyində. Çünki, təzə iş yerinə təzə gəlmiş, əndamı Cola butulkasına oxşayan gözəl menecer xanımı artıq qaralamışdı və xanımın yanında mənfi imic qazanmaq istəmirdi.

Amma bol-bol söysə də, ürəyində də olsa, tüpürə bilmirdi. Çünki ürəkdə tüpürmək olmurdu.

Gözəl menecer xanımı ayaqqabıları satdı. Daha doğrusu, ayaqqabılarının hündür dabanları.

Bir gün dəhlizdə dayanmış Əlinin bütün diqqətini üzərində hiss elədiyindən nazı-ədası dəhlizin 2×10 ölçüsünə sığmamışdı, bir anlıq yerişini itirib hündür çəkmələrinin üstündə dayana bilməmiş və ayağı büdrəyib balacana aşmışdı.

Əli də sevinə-sevinə (çox güman ki) yüyürüb xanımın qolundan tutmuşdu ki, ayağa qaldırsın, bu dəm ağzıaçıq çantadan döşəməyə bir “Slims” düşmüşdü. Əli də o vaxtdan xanımın gözəlliyini görməz olmuşdu.

Həmin bu “Slims”i də Şəbnəm satmışdı menecer xanıma. Şəbnəm çəkmirdi, Sevdanın siqareti idi. Həmişə onun çantasında saxlayırdı ki, işdə siqaret çəkənlər istəyəndə:“Yoxumdu” – deyə bilsin. Məlum hadisədən sonra bu “Slims”i bir partidə yenicə tanış olduğu menecer xanıma bağışlamamışdı, satmışdı, acığa, zarafata salıb, Sevdadan heyif alırmış kimi.

Admin bədbəxt isə özü-özünü satdı. Daha doğrusu, huşsuzluğu satdı onu.

Serveri açıq qoyub getmişdi və səhəri günü köməkçisi gəlib onun hamının İnternet limitindən oğurladığını görmüşdü. O da admindən bütün heyiflərini çıxmaq üçün (admin həmişə ona “monqol gədə” deyərdi qızların yanında) bilərəkdən aləmə duy vurmuşdu və hamı adminə tüpürmüşdü həmin gün.

Həmin gün heç gözlənilmədən bala adminə də tüpürmüşdü hamı – satqınlıq eləmişdi axı. Çox da ki onların xeyrinə olmuşdu bu satqınlıq…

Çevrə qapanmışdı.

www.kultaz.com
XS
SM
MD
LG