Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:47

«Amerika qanunu Azərbaycan üçün məcburi deyil ki»


Bəxtiyar Sadıqov
ABŞ prezidenti Barak Obama dünyada mətbuat azadlığının müdafiəsinə dair qanun imzalayıb. Yeni sənəddə ABŞ hökumətindən tələb olunur ki, dünyada söz azadlığının pozulması hallarına diqqəti artırsın. Dövlət Departamenti isə bundan sonra insan haqları barədə illik hesabatına müxtəlif dövlətlərin KİV-nə münasibəti barədə məlumatı da salmalı və mətbuatı sıxışdırılan ölkələri müəyyənləşdirməlidir.

Barak Obamanın sözlərinə görə, sözügedən qanun başqa ölkələrə mətbuat azadlığının vəziyyətinə xüsusi diqqət verildiyini göstərən ciddi mesajdır:

«Bütün dünyada çoxlu sayda cəsur jurnalist və bloqqer var. Onlar despotizm və əsarətə qarşı ön cəbhədədirlər və ölkələrinin əhalisinin üzləşdiyi tənqidi məsələlərə işıq gətirməyə çalışaraq özlərini böyük risk altında qoyurlar».

Okeanın o tayından göndərilən bu «ciddi mesaj»a Azərbaycanda hansı cavab veriləcək?

ƏLİ HƏSƏNOV XƏBƏRSİZMİŞ

Sualımızı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova vermək istədik. Köməkçisi bildirdi ki, Əli müəllim hələlik qanunla tanış deyil və bu haqda sualları sənədlə tanış olduqdan sonra, yəni mayın 19-da cavablandıra bilər.

«ÖZLƏRİNİ GÖZDƏN SALACAQLAR»

«Azərbaycan» qəzetinin redaktoru, deputat Bəxtiyar Sadıqov isə deyir ki, Amerika hansı qanunu qəbul edib öz işidir:

«Əsas odur ki, qanun reallaşanda obyektivliyə əməl olunsun. Departamentin hesabatı yenə də qeyri-dəqiq informasiyalar,
Mehman Əliyev
fikirlər əsasında, qrant almaq istəyən jurnalist təşkilatlarının donosu şəklində hazırlanacaqsa, bu, qanunun özünü gözdən salacaq».

AZƏRBAYCANLI JURNALİSTLƏR BURAXILA BİLƏR?

Azərbaycanda media azadlığını müdafiə edəcək qanuna böyük ümid bağlayanlar da var. Hətta inanırlar ki, bu qanun gələcəkdə Azərbaycan kimi ölkələrdə ən böyük problemi yoluna qoya bilər. Yəni, jurnalistlərin həbsini əngəlləyəcək, həbsdəki jurnalist və bloqqerlərin azadlığa buraxılmasına səbəb olacaq. Bu cür nikbinlərdən biri «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevdir:

«Bu qanunun məsələyə müsbət təsiri olacaq».

Mehman Əliyevə görə, qanunun qəbulu ABŞ-ın məmurları, konqresmenləri, xaricdə fəaliyyət göstərən şirkətlərinin üstünə öhdəlik qoyacaq:

«Onlar bu məsələdə daha aktiv rol oynayacaqlar. Bunu qanun tələb edir. Bu, vacib məsələdir. Vəziyyət pis olan ölkələrdə işlərin məhdudlaşdırılması, iqtisadi əlaqələrdə bu amilin nəzərə alınması müəyyən təsirini göstərəcək. Məncə, bizdə rəhbərlikdə olan adamlar yetərincə adekvatdır, praqmatikdirlər və bütün qərarı və tövsiyələri nəzərə alacaqlar».

Arif Əliyev
«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevsə bir başqa fikirdədir:

«Hesab etmirəm ki, Amerikada qanun qəbul olundu, jurnalistləri də həbsxanadan buraxdılar. Amma perspektivdə jurnalistlərin müdafiəsinə, azadlığına təsiri olmalıdır».

«ÖZ GÖZÜNDƏ TİRİ GÖRMÜR»

Bəxtiyar Sadıqovun mövqeyinə gəlincə:

«Jurnalistin həbsinin qarşısını alacaq? Jurnalist cinayət törətməsin həbs olunmasın də. Amerikada qanun qəbul olunubsa, Azərbaycan üçün məcburi deyil ki. İkincisi, bloqqerlər xuliqanlıq ediblər, məhkəmələri olub, cəza alıblar. İndi nədir jurnalist xuliqanlıq edəndə buraxırlar? Qanunun qəbul olunduğu ölkədə fakta obyektiv yanaşsınlar. Öz gözündə tiri görmür, özgə gözündə tük axtarır».

QANUNLARA TƏSİRİ OLACAQ?

Arif Əliyevə görə, bu qanun həbsdəkilərin qapısını tezliklə açmasa da, ən azından son illər qanunvericilik sahəsindəki geriləmənin, mətbuatdakı məhdudlaşdırmaların qarşısını alacaq. Eyni zamanda, dövlət səviyyəsində kütləvi informasiya vasitələrinə qarşı aparılan siyasəti yumşalda bilər. Eləcə də, media sahəsində fəaliyyət göstərən beynəlxalq və yerli qurumlara dəstək güclənə bilər.

MƏSƏLƏYƏ MÜNASİBƏTİNİ BURADA BİLDİR
XS
SM
MD
LG