Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:40

«Onu Yaşar Əliyev şəxsən döyürdü»


Polis Rövşən Nəsirlini maşına mindirir
Polis Rövşən Nəsirlini maşına mindirir
«Azadlıq» blokunun sərbəst toplaşma və azad seçki tələbilə iyunun 19-da keçirdiyi icazəsiz aksiyada saxlanan bitərəf Rövşən Nəsirli Səbail rayon 8-ci polis bölməsində fiziki təzyiqlərə məruz qalıb. Bu barədə AzadlıqRadiosuna aksiya günü Nəsirli ilə birlikdə həmin bölmədə saxlanılan ADP Gənclər Təşkilatından Cəmil Hacıyev məlumat verib:

«8-ci polis bölməsində Rövşən Nəsirli ilə polis əməkdaşları, xüsusilə də, Yaşar Əliyev (Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini – red.) arasında mübahisə yarandı. Onu Yaşar Əliyev şəxsən döyürdü, baş nahiyəsinə o qədər vurmuşdular ki, göz qapaqları şişmişdi, görə bilmirdi».

Cəmil Hacıyevin dediyinə görə, bölmədə hətta Rövşən Nəsirlini cibinə narkotik maddə atacaqları ilə də hədələyiblər:

«Mülki geyimli bir polis işçisi bizə dedi ki, ona yaxın durmayın, cibindən narkotik maddə tapılıb. Sonra isə bu söhbətin qapandığını bildirdi».

Məsələ ilə bağlı Səbail rayon 8-ci polis bölməsindən mövqe öyrənmək cəhdlərimiz baş tutmadı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə AzadlıqRadiosuna aksiya iştirakçısının döyülməsi faktını təkzib edib.

Şahidlər isə deyirlər ki, Rövşən Nəsirli məhkəməyə də əli qandallı gətirilib və məhkəmədən sonra digər saxlananlarla deyil, ayrıca maşında aparılıb. AXCP sədrinin köməkçisi Faiq Əmirov AzadlıqRadiosuna deyib ki, polis əməkdaşlarının dediyinə görə, Rövşən Nəsirliyə 15 sutka həbs cəzası verilib.

Hazırda Rövşən Nəsirli Binəqədi rayounda yerləşən müvəqqəti saxlanma təcridxanasındadır

Bunu AzadlıqRadiosuna İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib. Hüquq müdafiəçisi deyir ki, nəsirliyə 15 sutka həbs cəzası verilib.

Elçin Behbudov deyir ki, yaxın günlərdə həmin təcridxanaya gedib Rövşən Nəsirlinin fiziki təzyiqlərə məruz qalıb-qalmadığını aydınlaşdıracaq. Şahidlərin dedikləri həqiqəti əks etdirmiş olarsa, komitə sədri bununla bağlı Daxili İşlər naziri Ramil Usubov və ya Bakı Şəşər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasova müraciət edəcəyini deyir.

«Azadlıq» blokunun iyunun 19-u keçirdiyi icazəsiz aksiyada Rövşən Nəsirli ilə yanaşı, 4 nəfər də 10 sutka həbs cəzası alıb. 6 nəfər isə 20 manat cərimələnərək sərbəst buraxılıb.

2009-cu ildə Rövşən Nəsirli «Eurovision» mahnı müsabiqəsində Ermənistan təmsilçisinə səs verdiyinə görə MTN-ə çağırılıb, sorğu-sual olunmuşdu.





XS
SM
MD
LG