Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:45

5 illik geriləmə?..


Müxalifətin 2005-ci il aksiyası
Müxalifətin 2005-ci il aksiyası
Hər bir seçkiyə cəmiyyətdə dəyişikliklər yaratmaq üçün bir imkan kimi baxırlar. Hər halda nəzəriyyədə belədir və bu baxımdan qarşıdan gələn parlament seçkiləri də hansısa dəyişikliklər üçün imkan rolu oynaya bilər. Ancaq praktik olaraq indiki şəraitlə 5 il əvvəl keçirilən son parlament seçkiləri ərəfəsini dəyərləndirməyin özü də bu imkanı saf-çürük etmək üçün bir xeyli maraqlı ola bilər. Söhbət hələ nə İlham Əliyevlə Heydər Əliyev, nə də Heydər Əliyevlə Əbülfəz Elçibəy dövrünü müqayisə etməkdən gedir. Biz son 5 ilin müqayisəsindən bəhs edəcəyik.

QANUNVERİCİLİKDƏ VƏZİYYƏT

Başlayaq qanunvericilikdən. 2005-ci il parlament seçkiləri ərəfəsində seçki kampaniyasının müddəti 120 gün idi. İki il əvvəl bu müddət 75 günə, bir neçə gün əvvəl isə 60 günə endirilib. Təbliğat müddəti də bu qaydada əvvəlcə 28 günə, sonra isə 23 günə endirilib. 5 il əvvəl isə seçicinin namizədi tanımaq üçün 60 gün vaxtı var idi.

Hafiz Həsənov
Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov deyir ki, bu 5 ildə depozitin ləğvi və seçici siyahılarının hazırlanmasında baş verən bir sıra dəyişikliklər də qanunvericilikdəki geriləmələrdən xəbər verir:

- 2005-ci il ərəfəsində namizədlərin təşviqatında məhdudiyyətlər yox idi. Təşviqat plakatlarının yayılmasında heç bir qadağalar qoyulmamışdı. İndi isə plakatları yalnız icra hakimiyyətinin ayırdığı yerlərə vura bilərsən. 5 il əvvəl dövlət televiziyasında pulsuz efir var idi. İndi bu imkan da artıq yoxdur…

Hərçənd bu sadalanan hallar heç də hamı tərəfindən azad və ədalətli seçkilərin məhdudlaşdırılması kimi dəyərləndirilmir. Həm iki il əvvəl həm də ötən həftə Seçki Məcəlləsinə edilən dəyişiklikləri parlamentdəki hakim çoxluq seçki praktikasının təkmilləşdirilməsi adlandırır. Ötən həftə parlamentdəki müzakirədə isə YAP icra katibi Əli Əhmədov deyib ki, bu dəyişikliklər seçkilərin təkmilləşdirilməsinə, səmərəliliyin artmasına və beynəlxalq standartlara uyğunlaşmaya xidmət edir

GƏNCLƏRİN FƏALLIĞI

5 il əvvəl Azərbaycan cəmiyyəti bir-birinin ardınca rəngarəng gənclər təşkilatlarının yaranmasının da şahidi olurdu. «Yeni Fikir», «Dalğa», «Məqam», «Yox», hətta hökumətyönümlü «İrəli» kimi gənclər təşkilatları məhz o dövrün siyasi proseslərə töhfəsi idi. 5 il əvvəl «Təhsildə korrupsiyaya yox!» onlayn kampaniyasının müəllifi, 3 il əvvəl isə «Susmayaq.biz» saytını yaratmış Bəxtiyar Hacıyev deyir ki, o vaxt gənclərin sərbəst toplaşmaq imkanı da daha
Bəxtiyar Hacıyev
geniş idi:

- Bu təşkilatların bir qismi müəyyən təkliflərlə neytrallaşdırıldı, bir qismi başqa təşəbbüslərə istiqamətləndirildi, bir qismi də qara piarla susduruldu. Onların yerinə isə hakimiyyətə yaxın təşkilatlar yaradıldı…

Bəxtiyar Hacıyev deyir ki, 5 il əvvəllə müqayisədə gənclər xeyli zəifdir. Ancaq o bu dövrün də müəyyən imkanlarını gözardı etməməyi lazım bilir. Onun fikrincə, indi internetdəki sosial şəbəkələr də gənclərin söz deməsi üçün bir imkandır və bu imkandan səmərəli istifadə etmək lazımdır.

Ancaq ekspertlərin fikrincə, ötən il gənc bloqqerlər Adnan Hacızadə və Emin Millinin həbsi sosial şəbəkələrə də basqıdan xəbər verirdi. Bəxtiyar Hacıyev də deyir ki, bu həbslər gənclərdə qorxu hissi yaratmasa da, onları ehtiyatlı davranmaq məcburiyyəti qarşısında qoyub.

Bir sözlə, inqilabçı gəncləri, ehtiyatlı davranışları ilə seçilən gənclər əvəzləməkdədir.

Beynəlxalq təşkilatların hesabatlarında həm media plüralizmi, həm də sərbəst toplaşma və ifadə azadlığı ilə bağlı vəziyyətin de pisə doğru dəyişdiyi təsbit olunur.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynli deyir ki, 5 il əvvəl Azərbaycanda müstəqil kanallar pullu efirlə də müxalifətə yer ayırırdı. 2008-2009-cu illər seçkilərində isə ödənişli qaydada müxalifətə efir vermək praktikasına son qoyuldu. RATİ-nin apardığı monitorinqə görə, indi telekanallar müxalifətə heç 1 faiz de yer ayırmır.
Toğrul Cuvarlı
Üstəlik, 2005-ci ildə şəhərin mərkəzi olmasa da, mərkəzə yaxın Qələbə meydanı müxalifətin üzünə açıq idi. İndi isə mitinqləri yalnız şəhərdən kənarda keçirmək mümkündür.

EVİN İÇİ BELƏ, ÇÖLÜ İSƏ...

Siyasi təhlilçilər indi regiondakı vəziyyəti də azad və ədalətli seçkilər üçün əlverişli hesab etmirlər. Müstəqil analitik Toğrul Cuvarlı deyir ki, bu regionda demokratiya tam məğlub olmasa da, özünün böhranlı dövrünü yaşamaqdadır:

- «Narıncı inqilab»ların o vaxt böyük təsiri var idi. İndi bu regionda demokratiyanın tam məğlub olduğunu deyə bilməsək də, o hər halda böhran dövrünü yaşayır. Biz bunu Ukraynada görürük, Qırğızıstanda da görürük, elə Gürcüstanda da görürük…

Toğrul Cuvarlı deyir ki, seçkidə saxtakarlıqların qarşısını almaq üçün cəmiyyətin fəallığı başlıca şərtdir. Ancaq indi regiondakı şərait Azərbaycan cəmiyyətinə heç də müsbət impulslar vermir.
XS
SM
MD
LG