Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:12

«Pomidoru sel aparıb»


Son bir neçə gündə pomidorun qiyməti 30-40 qəpik qalxıb
Son bir neçə gündə pomidorun qiyməti 30-40 qəpik qalxıb
Bakının «Təzə bazar»ında alıcıyla satıcı həmfikir olub bahaçılıqdan gileylənirlər. Özü də satıcı pomidorun qiymətinə ağız büzən alıcının tərəfini tutub deyir ki, alıcı pensiyayla bu malı necə alsın. Alıcı da cibinə uyğun olmayan qiymət deyən satıcıya qahmar çıxır ki, neyləsin, baha alır ki, baha da verir.

«CAMAATDA PUL YOXDUR»

Fərhad dayı 20 ildən çoxdur bu bazarda alver edir. Deyir, ötən illərə baxanda mövsümü məhsulların qiyməti indi aşağı olmalıdır, amma daşqınların yaratdığı problemlərin müqabilində hələ qiymətlər pis deyil. O deyir ki, problem qiymətdə yox, alıcı yoxluğundadır:

- Məhsul var, alıcı yoxdur. Camaatda pul yoxdur.

- İndi saat 3-dür. Nə qədərlik alver eləmisiz?

- 60-70 manatlıq.

- Əvvəl nə qədər olurdu?

- Günortaya kimi 200 manatlıq alver eləyirdim.

«POMİDORU SEL APARIB»

Son bir neçə gündə pomidorun qiyməti 30-40 qəpik qalxıb. Bəzi satıcılar bunun səbəbini pomidorun qıtlaşmasıyla bağlayırlar:

- Pomidoru sel apardı da.

- Bakını əsas Sabirabad təmin eləyirdi pomidorla. Həm ətlə, həm də tərəvəzlə. Bir rayon ki, indi selin-suyun altındadır, pomidor da bahalaşacaq da.

- Bəs ucuzlaşma olmayacaq?

- Gözləyirik ki, Quba, Xaçmaz tərəflərin pomidoru dəysin.
Bəlkə onda ucuzlaşar.

«QARAĞAT, GİLASIN VAXTI QURTARIR»

Ürəyə dərman sayılan qarağatın ucuzlaşmasını gözləyənlər, gözlərinizi yoldan yığın, çünki bazarda deyirlər ki, qarağat çətin indiki qiymətindən – kilosu 3-2 manat 50 qəpikdən aşağı düşə. Çünki bu məhsul artıq sovulmaq üzrədir. Elə çəyirdəkli meyvələrin də əvvəlki illər təki kilosu 70-80 qəpik olacağını gözləməyə ümid yox. Məsələn, gilasın kilosu 2-3 manat arasında dayanıb durub.

Amma kilosu 50 qəpiyə, yəni 10 kiloluq babat bir qarpıza 5 manat verməyə gücü çatmayanlar ucuzlaşmanı gözləyə bilərlər. Çünki satıcılar ümid edirlər ki, qarpız istehsalıyla ad çıxaran Sabirabad su altında qalsa da, bazar bostan məhsullarından kasadlıq çəkməyəcək.

- Əslində ötən il bu vaxt qarpızın kilosu 30-40 qəpik idi. Amma daşqınlara baxanda qiymət pis deyil.

«TÜRKİYƏDƏ BUNDAN UCUZDUR»

Adda-budda peyda olan alıcıların da bazardan heç də əlidolu çıxdıqları sezilmirdi. Əllərindəki zənbildə ya göy-göyərti, ya da bir-iki kilo ya pomidor, ya gilas görünürdü.

- Bəlkə mənim imkanıma görə pis deyil, amma inanmıram hər kəs ala bilər. Mən də qiyməti saldırıb almışam.

- Nə qədər sala bildiz?

- 50 qəpik.

Türkiyə vətəndaşı olan bir xanım isə qiymətlərdən təəccüblənib:

- Çox bahadır. Türkiyədə burdan ucuzdur. Hələ baxıram, çoxu Türkiyədən gətirilib. Tanıdım öz yerimizin məhsulunu. Amma çox bahadır.

«PENDİR-ÇÖRƏK YEYİRİK»

Təqaüdçü qadın bir-bir qiymətləri soruşub hirslənir:

- Bahaçılıqdır, 1 manat pomidor, 70 qəpik kartof, 2 manata bibər… 80 manat təqaüd alıram, necə alım bu pula? Oğlum Qarabağ müharibəsi əlilidir, veteranıdır, 100 manat təqaüd alır. Necə alsın mer-meyvə?

Adama gəl-gəl deyən mer-meyvə, tərəvəz məhsullarıyla dolu piştaxtaya baxan, yalnız kartof sifariş verən ağbirçək qadın lap astadan sualımıza cavab verdi:

- Bala, pul tapanda yeyirik, tapmayanda yox.

- Bəs tapmayanda nə yeyirsiz?

- Pendir-çörək.

«…UCUZLAŞACAQ»

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevsə apardıqları monitorinqlərdə bircə yumurtanın bir neçə qəpik bahalaşmasının müşahidə olunduğunu deyir. Onun fikrincə, bahalıqdan gileylənənlər nazirliyin hər şənbə-bazar keçirdiyi yarmarkalarından ucuz bazarlıq edə bilərlər.

- Mən özüm də oluram bu yarmarkalarda. Qiymətlər elə də baha deyil. Mövsümi məhsullar hələ yenə də ucuzlaşacaq.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bazardakı bahalaşmanı havaların gec isinməsi və bu üzdən məhsul qıtlığıyla izah edir. İqtisadçı deyir ki, onlar yaxın günlərdə indiki qiymətlərin ötən ilin eyni ayı ilə müqayisəsini hazırlayırlar və mənzərəni bu cədvəldən daha aydın görmək olacaq.
XS
SM
MD
LG