Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:22

Rəssamlar passajdan didərgin salınıb


Bakının Nizami küçəsində bir il əvvəlki kimi hay-küylü deyil
Bakının Nizami küçəsində bir il əvvəlki kimi hay-küylü deyil
Camaat arasında Torqovı kimi tanınan Bakının Nizami küçəsində, rəsm əsərlərinin satıldığı yer bir il əvvəlki kimi hay-küylü deyil. İndi burda əvvəllər olduğu kimi yerli sakinlər, əcnəbilər müxtəlif janrlarda çəkilmiş rəsm əsərlərini ala, rəssamlarla məsləhətləşə, sifariş verə ya da bir əsərin qarşısında dayanıb baxa bilmir. Bir neçə gündür ərazinin təmiri başa çatıb. Küçə camaatın üzünə açılsa da, rəssamların üzünə bağlıdır.

FLORENSİYA, PRAQA, PARİS, MADRİD...VƏ BAKI...

«Mən Florensiyanın rəssamlar meydanını görmüşəm, Praqada Kral körpüsündə əsərlərimi də satmışam. Parisdə Monmartırı, Madriddə rəssamların toplaşdığı yerləri görmüşəm. Gürcüstanda rəssamlar üçün yüksək səviyyəli, birinin isə uzunluğu 1 kilometrə qədər olan üç məkan var. Yəni bunun bir mənası var. Olmasaydı Parisdə Monmartır indiyə qədər qalmazdı. Bu təkcə satış deyil, estetikadır, mədəniyyəti yaymaqdır».

Uzun illər burda əsərlərinin satışı ilə məşğul olan rəssam Azər Zamanlı deyir ki, burda rəssamlar təkcə özlərini iqtisadi cəhətdən təmin eləmirdilər, həm də mənəvi cəhətdən qidalanırdılar.

İCRA HAKİMİYYƏTİ İCAZƏ VERMİR

Rəssam Azər Zamanlı
İndi rəssamlar bura bir xəbər olacağı ümidilə gəlirlər. Onların sözlərinə görə, polisdən xəbərdarlıq alıblar ki, əvvəlki işlərilə məşğul ola bilməzlər, icra hakimiyyəti buna icazə vermir.

Rəssam Hacımurad Hacıyev deyir ki, ona görə də əsərləri emalatxanalara yığıblar, əlləri də işdən soyuyub:

«Təmir bir həftədir tamamlanıb. Polislər dedilər ki, bizə tapşırıq veriblər ki, burda heç nə olmamalıdır. Görürsüz də, bomboşdur. Əcnəbi turistlər də, yerli camaat da gəlir, əsərləri axtarırlar, tapmırlar. Həm də burda nə qədər adam ailəsini saxlayırdı».

KÖHNƏ BAKILI GÖZLƏRİNƏ İNANMIR...

Köhnə bakılı, indi Kanadada yaşayan Georgi Qatsitadze də doğulduğu şəhərə gələn kimi yolunu burdan salıb. Ancaq gözlərinə inanmayıb:

«Mən 20 ildir Kanadada yaşayıram. Dünyanın bütün şəhərlərində - Parisdə, Nyu-Yorkda, Berlində, Florensiyada rəssamların bu cür satış yerləri var. Bu həm mədəniyyət, həm də turizmin inkişafına xidmət edir. Mən buranı belə boş görəndə çox təəccübləndim. Yaşadığım Toronto şəhərinin mərkəzində də belə yer var. Onlardan vergi də almırlar. Bu cür yerlər turistləri cəlb etmək üçün əlverişlidir. Burda isə bağlayıblar, niyə, bilmirik».

Rəssam Hacımurad Hacıyev
Elə şəhər sakinləri də passajın indiki görkəminə öyrəşə bilmədiklərini deyirlər:

«İNDİ BURDA AYAQ SAXLAMAQ İSTƏMİRSƏN»

-Neçə illər idi rəssamlar burdaydı. Onlar şəhəri daha rəngarəng edirdi. İndi isə boşluqdur. Əvvəlki kimi ayaq saxlamaq istəmirsən.

-Rəssamların burda olması maraqlıydı. Heç olmasa gəlib baxırdıq. İndi quru-quru gəzirsən.

-Artıq Bakıda nostalji hissləri oyadan heç nə qalmayıb. Belə olmaz axı. Bu rəssamların kimə maneçiliyi var idi ki?

-Boşluqdur, əvvəlki qələbəlik yoxdur. Bu pisdir.

-Sankt-Peterburqda, Nevskidə rəssamlar üçün ərazi ayrılıb, öz işləri ilə məşğuldurlar. Burdakıları niyə yığışdırdırdılar, bilmirik.

RƏSSAMLAR QANUNSUZ KÜÇƏ TİCARƏTİLƏ MƏŞĞULDUR

Bakı şəhər icra hakimiyyətinin ticarət və xidmət departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyir ki, rəssamlar qanunsuz küçə ticarəti ilə məşğul olduqları üçün fəaliyyətlərinə son qoyulub:

İndi rəssamlar bura bir xəbər olacağı ümidilə gəlirlər
«Bakı şəhər icra hakimiyyəti başçısının göstərişinə əsasən, bütün bunlar qeyri-qanuni küçə ticarəti sayıldığına görə, yığışdırıldı. Bəlkə, alternativ bir yer ayrılacaq, ancaq hələlik elə bir şey yoxdur».

Sənətşünas Ziyadxan Əliyev deyir ki, belə ərazilər həm də qeyri-rəsmi mədəniyyət mərkəziləri sayıldığından onların bağlanması təəssüf doğurur:

SƏRGİLƏRƏ GETMƏYƏ İMKAN TAPMAYANLAR ÜÇÜN...

«Passaj deyilən yer, vaxtilə Azərbaycan rəssamlarının insanlarla canlı təmas məkanı əvvəlki yerinə qaytarılmalıdır. Adamlar çox vaxt muzeylərə, sərgi salonlarına getməyə imkan tapmırlar. Bu yer çox izdihamlı məkanda yerləşirdi. Oranı tamaşaçısız təsəvvür etmək mümkün deyil».

Rəssamlar İttifaqı sədrinin müşaviri Ənvər Qarayev isə bildirir ki, rəssamların ərazidən uzaqlaşdırılması onu da narahat edir:

«Yəqin ki, biz Bakı şəhər icra hakimiyyətinə müraciət edəcəyik ki, təzədən bərpa olunsun. Bu olmalıdır».

Rəssamlar isə darıxır, əvvəlki hay-küy üçün, başlarına yığılan adamlar üçün, ailələri üçün apara bilmədikləri qazanc üçün...
XS
SM
MD
LG