Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:48

İnternetdə peyda olan məxfi sənədlər müharibənin sirlərini açır


Əfqanıstan, Qəndəhar vilayəti, 1 aprel 2010
Əfqanıstan, Qəndəhar vilayəti, 1 aprel 2010
Əfqanıstanda NATO qoşunları yüzlərlə günahsız, dinc sakini guya silahlıymış kimi öldürüb, bu hadisələr heç hesabatlara da düşməyib. «Taliban» əfqan hökumətinə qarşı mübarizəsində Pakistan Kəşfiyyatından yardım alır. ABŞ ordusunun gizli «insan ovçuları» dəstəsi var. «Wkileaks» saytının gizli yolla əldə etdiyi, «Nyu York Taymz», «Qardian» və «Şpiqel» jurnalına göndərdiyi məxfi sənədlərdə belə deyilir.

92 MİN MÜHARİBƏ HƏQİQƏTİ

«Wikileaks» saytı «Əfqanıstan müharibəsi gündəliyi» adı altında 2004-2010-cu illəri əhatə edən 92 min sənədi dərc edib. Saytın təsisçisi Culian Assanj bu sənədlərin saxta yox, əsl olduğunu, amma içindəki məlumatların həqiqiliyinə görə göndərən və qəbul edən təşkilatların məsuliyyət daşıdığını deyir.

Culian Assanj:

«Əgər bu məlumatlardan hansısa yalan olsa, bu, bizim etibarımıza zərbə olar. Amma, biz heç vaxt saxta sənəd dərc etməmişik və bu dəfə də istisna deyil».

İNSAN OVÇULARI

Saytın təsisçisi Culian Assanj iyulun 26-da «Qardian»a bildirib ki, əldə olunan sənədlər əfqan müharibəsinin əsl üzünü göstərir. Və ilk dəfədir ki, açıqlanır. Məsələn, «373 kod adlı» xüsusi dəstə haqda. Bu, ABŞ ordusunun xüsusi, məxfi dəstəsidir, onlar əllərindəki terrorçu siyahısındakıları axtarır, məhkəməsiz-filansız onları aradan götürürlər.

Culian Assanj
Assanj keçirdiyi mətbuat konfransında bildirib ki, indi aşkarlanan bu məxfi sənədlərdəki iddiaları araşdırmaq məhkəmələrin səlahiyyətindədir. Amma burda doğrudan da müharibə cinayətlərindən söhbət gedir.

Müharibə cinayətləri hissəsində, Əfqanıstanda dinc sakinlərin qətlə yetirilməsi haqdakı sənədlər daha çox diqqət cəlb edir.

DİNC SAKİNLƏRİN QƏTLİ

«Wikileaks»in dərc etdiyi sənədlərdə 144 olay haqda hesabatlar var. Bu olaylarda müttəfiq qoşunları – NATO əsgərləri tərəfindən 195 dinc sakinin öldürülməsi, 175-nin yaralanmasının təfərrüatları var.

Bu hadisələrin bir çoxu NATO təyyarələrinin səhv hava zərbələri ilə bağlıdır. Amma bəzilərində isə NATO əsgərlərinin qorxudan və ya yetərincə bilmədən dinc sakinləri gülləməsindən bəhs edilir:

- Məsələn, 2008-ci ildə fransız əsgərlərinin uşaqları daşıyan avtobusu atəşə tutması, 8 uşağı yaralaması;

- ABŞ patrul maşınının adamla dolu avtobusu gülləbaran edib, 15 nəfəri öldürməsi;

- 2007-ci ildə Polşa əsgərlərinin minaya düşən yoldaşlarının qisasını almaq niyyətiylə bir kənddəki toy mərasimini minaatanlardan atəşə tutması, aralarında hamilə qadının da olduğu dinc sakinləri qətlə yetirməsi faktları xüsusilə
Yaralı uşaq Herat xəstəxanasında müalicə olunur, 1 iyul 2010
diqqət çəkir.

PAKİSTAN KƏŞFİYYATI «TALİBAN»A KÖMƏK EDİR

«Wikileaks» saytının dərc etdiyi 180 sənəddə Pakistan kəşfiyyatının «Taliban»çılarla əlaqələrini iddia edir. Bu sənədlərdə Pakistan kəşfiyyatının zaman-zaman yaraqlılara təlim keçməsi, onlara xüsusi partlayıcılar ötürməsi və düzəltməyi öyrətməsi iddiaları var. Hətta «Taliban»çıların Pakistan Kəşfiyyat İdarəsindən yer-hava tipli raketlər istəməsi haqda sənəd də var.

Sənədlərə əsasən Əfqanıstan prezidenti Həmid Kərzaiyə sui-qəsd və hətta NATO əsgərləri üçün nəzərdə tutulan pivənin zəhərlənməsi cəhdi də pakistanlı xüsusi xidmət orqanlarının ayağına yazılır.

Sənədlərdə ara-sıra İran xüsusi xidmət orqanlarının da Əfqanıstandakı yaraqlılara etdiyi yardımlar, onları silahlandırmasından söz açılır.

HƏR KƏS İDDİALARI TƏKZİB EDİR

Hesabatın internetə yerləşdirilməsindən sonra ABŞ və müttəfiqləri informasiyanın haradan sızdırılması üzərində baş sındırmaqla bərabər, həm də ciddi şəkildə sənədlərin təkzibiylə məşğuldurlar.

Barak Obama və Həmid Karzai
Ağ Ev iddiaları təkzib edib və məsuliyyətsiz adlandırıb. Amma iddiaların 2004-2009-cu illər arasında baş verməsinə işarə edən prezidentin müşaviri Cim Cons bildirib ki, «dərc edilənlər ABŞ-ın Pakistan və Əfqanıstanla əməkdaşlığına təsir etməyəcək».

Consun sözlərinə görə, prezident Obama hakimiyyətə gələndə Əfqanıstan siyasətində çatışmazlıqların olduğunu bilirdi və ona görə «Taliban» və «Əl-Qaidə»ylə mübarizəni gücləndirmək təşəbbüsü ilə çıxış edib».

Pakistanın ABŞ-dakı səfiri Hüseyn Haqqani isə deyib ki, dərc edilənlər Əfqanıstan-Pakistan sərhədinin hər iki tərəfində yaşayanların yaydığı boş və əsassız iddialardan başqa bir şey deyil.

Əfqanıstan prezidentinin sözçüsü Vahid Ömər bildirib ki, onlar baş verənlərin əksəriyyəti haqda, məsələn, dinc sakinlərin ölümü haqda narahatlıqlarını daha öncə də qərbli tərəfdaşlarına bildiriblər. Pakistan kəşfiyyatı haqda iddialar isə əvvəldən onlarda şübhələr oyadıbmış, amma iddiaları tam araşdırandan sonra konkret mövqe bildirəcəklər.
XS
SM
MD
LG