Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:20

Əziz Nesin “Uçuruma yuvarlanırıq” (Hekayə)


Qəhvəxanada bir sillə səsi eşidildi: “Şarraq!”

Nərd və kart oyunu dayandırıldı, söhbət kəsildi. Başlar sillə eşidilən tərəfə çevrildi.

Sillə yeyən cüssəli bir adam idi. Sillə vuran isə onun tam əksinə, arıq, sısqa və balacanın birisi idi.

Cüssəli adamın yanağında sısqa adamın beş barmağının izi qalmışdı.

Polis belə bu barmaq izlərindən sillə sahibinin kim olduğunu öyrənə bilərdi.

Qəhvəxanadakılara elə gəldi ki, iri cüssəli adam onu vuran bu balaca adamı altına alıb çul kimi əzişdirəcəkdir.

Amma elə olmadı. O:

- Şikayət edəcəyəm, - deyə bağırdı.

Heç kəsdən səs çıxmadı. Sillə yeyən adam sonra:

- Hamınız gördünüz, - dedi və boyu onun çiynindən belə olmayan sısqa adama tərəf çevrildi.

- Gedək polis idarəsinə!

Sısqa adam ona cavab vermək əvəzinə milçək qovlayırmış kimi:

- Pssuum! – deyə bir səs çıxardı.

Cüssəli adam bayıra yüyürdü.

Qəhvəxanadakılar yenə oyunlarını, söhbətlərini davam etdirdilər.

Az sonra cüssəli adam bir polis nəfəri ilə gəldi və sısqa adamı ona göstərərək:

- Budur, - dedi. Sonra orada oturanlara baxıb əlavə etdi: - Bunlar da gördülər.

Polis nəfəri sısqa adamla onun yaxınlığında oturmuş dörd nəfəri polis idarəsinə apardı.

Polis idarəsində cüssəli adam hələ də qızarmış sol yanağını tutmuşdu.

- Bu adamın əlindən şikayətim var, komissar bəy! – dedi. – Mənə sillə vurdu. Bunlar da gördülər.

Komissar əvvəl döyən ilə döyülənin, sonra da şahidlərin kim olduqlarını makinada yazdırdı.

Şikayətçi onu sillələyən adamı heç tanımadığını söyləyirdi. Şahidlər də:

- Biz heç bir şey görmədik, - dedilər.

Cüssəli adam:

- Sillənin səsini də eşitmədiniz? – deyə soruşdu.

Onlar “Xeyr” dedilər, nə bir şey gördüklərini, nə də bir səs eşitdiklərini bildirdilər.

Alçaq boylu, sısqa adam isə:

- Bəli, - dedi. – Mən inkar etmirəm. Bu adamı sillələdim.

Komissar:

- Nə üçün? - deyə soruşdu. – Aranızda bir şeymi var? O sizi təhqir etdi?

- Aramızda bir şey yoxdur. Mən onu heç tanımıram da.

- Yaxşı, bəs necə oldu?

Qısa boylu sısqa adam məsələni anlatmağa başladı:

- Dünən axşam işdən evə gəldim. Gördüm ki, işığımızı kəsiblər.

Pulunu verməmişdik. Bütün gecəni qaranlıqda qaldıq. Yata da bilmədim. Canınıza sağlıq, anam da iki ildir xəstədir.

Yazıq arvadı mədə ağrısı öldürür.

Səhər tezdən yataqdan qalxdım. Gördüm ki, sol böyrüm tamamilə qurumuşdur.

Yatdığımız otağın pəncərə şüşələri üç ay əvvəl sınmışdır.

Saldırmağa şüşə tapa bilmirik. Elə bil ki ceyran dalına minib. Pəncərəyə döşəkağı asmışıq. Amma faydası yoxdur.

Külək və soyuq səhərə kimi otağı buzxanaya çevirir. Sol böyrüm qurumuşdu.

Yataqdan qalxdım, üzr istəyirəm, ayaq yoluna getdim, gördüm ki, suyumuz də kəsilmişdir.

Çöldə şıdırğı yağış yağır, amma boruda su yoxdur.

Otağa qayıtdım. Tir-tir titrəyirdim. Bizə kömür talonu da vermirlər.

Bir az odun almışdıq. O da qurtardı. İndi də odun tapa bilmirik, yoxdur.

Mən də hər səhər işə getməzdən əvvəl qəzet oxuyuram.

Bu gün də qəzetə baxdım. Orada “Gözəllik müsabiqəsi”, “Qalatasaray komandalarının oyunu”, “Gömrükdəki 300 ton qəhvə nə olacaq?” “Abidin Davər gəmisinin* təknəsi çürüdü” kimi başlıqlar vardı.

Evdən baş götürüb getmək istədim. Çölə çıxmaq istəyirdim ki, məhkəmə icraçısı ilə bir advokat qapıda qabağımı kəsdi.

Kirə verə bilmədiyimizdən ev sahibi bizi məhkəməyə vermişdi. Onlar müsadirə etmək üçün evimizdən bir şey tapa bilmədilər.

Mən məhkəmə icraçılarının evimizə gəlməsini heç də xoşlamıram. Müsadirə etməyə bir şey tapa bilməyəndə adam xəcalət çəkir. Amma evə göz gəzdirib:

- Bu divanı götürək! – deyə təkid etdi.

Onların “divan” deyə əllərini uzatdıqları şey üstü cır-cındırlı şalvarlar, əski parçaları və yırtıq yorğanlarla örtülü qənd qutuları idi. Advokat bunları görüb bu səfər:

- Radionu götürək! – dedi.

Bu radionu aparsalar, canım qurtarar, - deyə sevindim. Radiomuz ilin on ayını təmirdə olur.

Güclə pul qazan, onu da radio təmirinə ver. Əslində bizi bu vəziyyətə salan radiodur...

Mən qapıdan çıxanda arvad:

- Qız məktəbə getmir, - dedi.

- Nə üçün?

- Bədən tərbiyəsi müəllimi ona ağ rezin ayaqqabı gətirməyi tapşırmışdır. “Olmasa dərsə buraxmayacağıam” demişdir.

- Yaxşı, yaxşı!

Zeytun yağı da qurtarmışdı.

Küçəyə yüyürdüm. İşə gecikmişdim. – Bu gün getməyəcəyəm. – dedim. Şiddətli yağış yağırdı.

Bizim tərəflərdə tramvay xəttini də sökmüşlər. Avtobus da yarım saatdan bir gəlir. Minmək mümkün olmur.

Ağzına kimi dolu olur. Dolmuşlar da basırıqdır. Maşınlar da vızhavız gəlib keçir və heç biri dayanmır.

Yağış hey tökürdü. Ayaqqabılarıma da su keçirdi. Özüm də yamanca islanmışdım. Tir-tir titrəyirdim.

Cavan bir oğlan mənə yaxınlaşdı.

- Bağışlayın, əmican! – dedi.

Mənə elə gəldi ki, o məndən vaxtı soruşacaq. O isə soruşdu:

- Dünənki futbol oyunundan xəbəriniz varmı? Deyə bilməzsinizmi?

- Lənət sənə kor şeytan. – dedim və yoluma davam etdim. Orada bir qəhvəxana var. Ora girdim.

Üstümdən-başımdan su sızırdı. Qəhvəçidən bir çay istədim. Yanımda da sillə vurduğum bu adam oturub qəzet oxuyurdu.

Mən bu vaxt öz-özümə “Yarəbbi, mənim halım necə olacaq? Axırımız haraya gedib çıxacaq?” – deyə düşünürdüm. Mən bu fikirdə ikən həmin adam əlindəki qəzeti qəzəblə kənara atdı:

- Bəli, - deyə bağırdı. – Ölkə uçuruma yuvarlanır!

Onun da mənim kimi dərdli olduğunu zənn etdim. Fikirləşdim ki, söhbət edərik, dərdimizi bir-birimizə açarıq:

- Cənab, nə olub? – deyə soruşdum. – Bağışlayın işinizə qarışıram, niyə hirsləndiniz?

O yenə hərarətlə:

- Daha nə olacaq ki! – dedi. – Ölkənin bir sahibi yoxdur, canım! Namusuma and olsun ki, sahibi yoxdur!

Ondan sonra daha nə olduğunu deyə bilmərəm. Vallahı, heç özüm də başa düşmürəm, komissar bəy!

Mən ömrümdə heç kəsə çırtma belə vurmamışam.

Amma necə oldu, bilmirəm. Bədənimdə sanki bir düymə basıldı, oraya elektrik qüvvəsi buraxıldı, bu sağ əlim birdən havaya qalxdı.

Hərifin üzünə bir sillə çəkdim. Bunu inkar etmirəm. Silləni yapışdırdım. Amma qəsdən yox.

Vallahı heç bir qəsdim yox idi. İradəmdən xaric bir işdi, baş verdi.

Komissar sillə yemiş adama baxdı və dişlərini qıcıdaraq bir-birinə sıxdı.

Ayaq üstə qalxır kimi hərəkət etdi. Sonra sağ ovcunu qaşımağa başladı və cüssəli adama:

- Haydı, uzatmayın, barışın! – dedi.

Cüssəli adam:

- Barışmaram! – deyə inad etdi.

Komissar makina arxasındakı polis nəfərinə:

- Yaz! – dedi. – Şikayətçi, ölkə uçuruma yuvarlanır, deyərək...

O bir daha cüssəli adama baxaraq:

- Barışın, haydı! – dedi.

- Yaxşı, cənab, siz deyən olsun, - dedi. – Barışaq.

_____________
*50-ci illərə qədər yaşayıb-yaratmış görkəmli türk jurnalisti və ictimai xadimi. O öldükdən sonra xatirəsini əbədiləşdirmək üçün jurnalistlər və yazıçılar kiçik bir gəmi alıb ona Davərin adını vermişdilər. Son illərdə baxımsızlıq üzündən gəminin ciddi təmirə ehtiyacı vardır. Əziz Nesin hekayədə bu məsələyə işarə edir.

Çevirəni Yusif Şirvan
XS
SM
MD
LG