Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:53

Zabitlər məhkəmə qarşısındadır


Avqustun 13-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən «N» saylı hərbi hissəsinin zabitlərinin məhkəməsinə hazırlıq iclası keçirilib. Prosesə hakim Rəşid Hüseynov sədrlik edir.

Hərbi hissənin zabitləri Vələd Qurbanov, Rüstəm Əhmədov, Əli İmanov, Fuad Mütəllimov və Vazeh Babayev rüşvət almaqda, hakimiyyətdən sui-istifadə etməkdə, hakimiyyət həddini aşmaqda, hərbi qulluqçunu təhqir etməkdə təqsirləndirilirlər.

Hakim məhkəmə baxışını avqustun 26-sı saat 15.30-a təyin edib.

Həmin zabitlərin qulluq etdikləri hərbi hissədə 2010-cu il yanvarın 28-də Daşkəsən rayonunda yerləşən «N» saylı hərbi hissəsində qanlı olay baş verib.

Bakının Yasamal və Nəsimi rayonlarından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Elxan Əzizov və 1991-ci il təvəllüdlü Sadiq Məmmədov hərbi hissənin divizion komadiri, polkovnik-leytenant Gümayev Yusif Sadəddin oğlunu, qərargah rəisi, kapitan Sadıxov Vasif Miraləm oğlunu, baş leytenant Quliyev Anar Ələddin oğlunu və baş gizir Səmədov Elgün Loğman oğlunu qətlə yetiriblər. Zabitlər Babayev Vazeh Məhəmməd oğlu və Abbasov Samir Eyvaz oğlunu isə yaralayıblar.

Sonra isə əsgərlər Elxan Əzizov və Sadiq Məmmədov özlərini öldürüblər.

Hadisə ilə bağlı istintaq Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində aparılıb. Elxan Əzizov və Sadiq Məmmədov öldüyünə görə cinayət işinin onlarla bağlı hissəsinə xitam verilib.

Hərbi hissədəki qətldən sonra Hərbi Prokurorluq hərbi hissədə araşdırmalara başlayıb və bir neçə zabiti rüşvətxorluqda, əsgərləri incitməkdə təqsirləndirilərək həbs olunub.
XS
SM
MD
LG