Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:27

Tuqay meşəsinin torpaqları daşınır...


Azad İskəndərli
Azad İskəndərli
“Bənd bərkitmə işləri aparılır, torpaqları meşənin dərinliklərindən götürürlər, münbit torpaqları bənd bərkitmə işlərində istifadə edirlər”.

Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzinin rəhbəri Azad İskəndərli deyir ki, Sabirabadda və Salyanda aparılan bənd bərkitmə işlərində meşə torpaqlarından istifadə olunur.

HƏR GÜN YÜZLƏRLƏ YÜK MAŞINI MEŞƏDƏN TORPAQ DAŞIYIR


Bu ilin may ayında Kürqiragı rayonlarda baş vermiş daşqınlardan sonra prezidentin sərəncamı ilə bənd bərkitmə işlərinə start verilib. Azad İskəndərli deyir ki, bənd bərkitmə işlərində yararsız torpaqlardan istifadə olunmalıdır. Yararsız torpaqların yerini də ərazi bələdiyyələri müəyyən etməlidir. Lakin onun sözlərinə görə, bənd bərkitmə işlərini həyata keçirən şirkətlər Tuqay meşəsini qazır, hər gün torpaqla dolu yüzlərlə yük maşınları meşələrdən bənd bərkitmə yerlərinə torpaq daşıyır:

“Nəticədə meşələr məhv olur, həmin torpaqlar götürülərkən bitki örtüyü də məhv olur, hətta ağacları da məhv edirlər. Bu, bütün Tuqay meşəsi boyunca davam edir”.

Azad İskəndərli deyir ki, Tuqay meşəsindən torpaq daşımaqda məqsəd korrupsiyadır. Çünki torpagı yaxınlıqdakı Tuqay meşəsindən daşıyıb uzaq ərazilərdən gətirilmiş kimi sənədləşdirirlər.

“TORPAQLARI UZAQDAN GƏTİRMƏK İMKANI YOXDUR”

Sabirabad rayon Bəndatma İdarəsinin rəis müavini Paşa Hüseynov isə deyir ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əmədzadə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub göndərib.
Bu ilin may ayında Kürqiragı rayonlarda baş vermiş daşqınlardan sonra prezidentin sərəncamı ilə bənd bərkitmə işlərinə start verilib
Ortada ümumi razılıq olub və həmin razılığa əsasən də meşə sahələrində torpaq götürülməsi üçün nazirlik tərəfindən yerlər göstərilir. Razılaşmadan sonra həmin sahələrdən torpaqlar daşınır.

Paşa Hüseynovun sözlərinə görə, torpaq Kür çayı bəndinin mühafizə zolağından götürülür ki, həmin ərazilər təbii yaranmış meşələr hesab olunur: “Torpaqları uzaqdan gətirmək imkanı yoxdur. Maksimum 5 kilometr aralıdan gətirilə bilər. Torpağı uzaqdan daşımaq üçün dövlət elə də çox vəsait ayırmayıb. Maksimum 3 kilometr məsafədən göstərilib”.

Azad İskəndərli isə rayon Bəndatma İdarəsinin rəis müavininin dedikləri ilə razılaşmır: “Xeyr, bu, bənd zolağının torpaqları deyil. Bənd zolağının torpaqları bənddən 500 metr, 1 kilometr meşənin içərisinə qədər olmur”.

MƏCBURİYYƏT?...


Sabirabad rayon Meşə Təsərrüfatı İdarəsinin rəisi Əlixan Əsgərov da bənd bərkitmə işlərində Tuqay meşəsinin münbit torpaqlarından istifadə olunduğunu etiraf edir və bunu xoşagəlməz hal kimi qiymətləndirir:

“Dövlət tədbiri olduğu üçün belə bir şey həqiqətən də var. O torpaqdan məcburiyyət qarşısında istifadə olunur, o iş davam edir. Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sədri Əhməd Əmədzadə bizim Nazirliyə müraciət edib, Nazirlik gəlib, sənədləşdirib, razılıq verib. Dövlət tədbiri olduğuna görə həyata keçirilir bu iş, ancaq çalışırıq az ziyanı olsun. Fəlakətlə əlaqədar Nazirlər Kabinetinin, cənab prezidentin tapşırığı var ki, o bəndlər vurulsun. Ona görə belə xoşagəlməyən işlər var”.

“SEL GƏLSƏ, O BƏNDİ BİR ANDA YUYUB APARACAQ”

Telman Zeynalov
Ekoloq Telman Zeynalov isə deyir ki, meşə torpaqları toxunulmazdır, ondan bəndatma işlərində istifadə etmək qəti qadağandır. Bundan başqa, meşə torpaqları ilə tikilən bənd gələn sel, suyun qarşısında davam gətirməyəcək:

“Kürdə də, Arazda da çayın özündə nə qədər desəniz lil var, Bəndləri bərkitmək, artırmaq üçün o lillərdən istifadə olunmalıdır. Meşədən torpaq daşınıb gətiriləndə ondakı kimyəvi xüsusiyyətləri parçalayırlar. O, bərkiyənə qədər ən azı 3-4 il vaxt lazımdır. Sel, daşqın isə vaxt gözləmir. Daşqın hər il baş verir. Sabah sel, su gəlsə, o bəndi bir anın içərisində yuyub aparacaq”.

HƏM ZİYARƏT, HƏM TİCARƏT...

Ekoloq deyir ki, meşə torpaqlarından istifadə olunmasında başqa məqsədlər də var: “Orda milyardlarla tonlarla sement istifadə olunmalıdır, bundan da gedirlər meşələrdən, dağlardan münbitli torpaqları daşıyıb gətirirlər, bəndin yerinə tökürlər”.

Ekoloq hesab edir ki, meşələri qazanlar bəndtikmə adı altında meşələrin münbit torpaqlarını həm də şəxsi məqsədləri üçün daşıyırlar.
XS
SM
MD
LG