Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:42

Janrın çətinlikləri: hekayədən romana


Tənqidçi Tehran Əlişanoğlu bu məqaləsi ilə gənc yazar Sevinc Pərvanənin "Şəhər" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


“Azadlıq” olmasaydı, açığı, Sevinc Pərvanənin “Şəhər”inə bir daha baş vurmayasıydım.

Çün mənimcə: “Sevinc Pərvanə qadın həqiqətlərini “Şəhər” əsərində romanlaşdırmağa cəhd edir; sanki açıq-aşkar Gender problemlərini illüstrəyə köklənən əsər ədəbiyyat faktı kimi çox da uğurlu deyil; burda natura bədiiyyatı üstələmişdir...” (Tehran Əlişanoğlu, Ən yeni nəsrimizdə Azərbaycan obrazı. "Kultaz").

Yəni daha ciddi romançılıq axtarışlarından “Şəhər”ə dönmək geriyə addım kimi gəldi mənə.

Görünür, “Azadlığ”ın “Şəhər”də dəyər verdiyi başqa nələrsə də var; və bunun elə həməncə problem qatından özgə bir şey olmadığını zənn edirəm...

Janr söhbəti. Sevinc Pərvanənin bir yazar olaraq həyata, dünyaya, cəmiyyətə fərqli bir müdaxilə ehtirasına, fərdi özünüifadə axtarışlarına önəm verirəm.

Şeirlərində bu hələ günün dəbinə hamıdan çox iddia eləmək kimi görünürdüsə, hekayələrində özünütəsdiq məhz fərdi manera və yanaşım hesabına olur.

Sevinc Pərvanənin oxucu ilə bölüşəsi mövzusu var; bu, cəmiyyət aşağılarının insan olmaq haqqı, insan olmağın müşkülü, sevincləri və bədəlidir.

S.Pərvanənin hekayəçi istedadı var; konkret hadisə, qəfil qəhrəmanın iç (və dış) durumundan başlayıb apaydın mətləblə tamamlanan süjet, istər “Şəhər” kitabındakı (“Qanun”, 2010), istərsə də digər hekayələrində yazarın bu janra yaxşı yiyələndiyini göstərir.

“Zeynəb oxumamışdı. Heç orta məktəbdə də qiymətləri yaxşı deyildi.

Amma oxumaq istəyərdi. Gözünü açandan dədəsindən tez-tez eşitdiyi bu cümlə olmasaydı:

“Namuslu kişinin qızı təkbaşına Bakılarda gəzməz, qıçını qatlayar oturar dədəsinin xarabasında, xeyirli qismətini gözləyər”.


Bu passaj “Zeynəb” hekayəsindəndir; həmin “ata düsturu”nun işığında hekayədə təkcə ərindən yarımamış, “xeyirli” qisməti “dədə xarabası”na dönüşlə nəticələnən Zeynəbi yox, həm də “avaranın birinə qoşulub gedən”, “indi onun özündən də betər gündə yaşayan” bacısı Gülsümü də, xaxol alıb, boşamağa vadar olan “Ukraynanın hansı dərəsindəsə alkaşlıq edən” qardaşı Həsəni də görürük.

Üstəlik: “Əri, ölmüş dayısının arvadını vərəmli oğluyla birgə evə gətirmişdi. Sən demə hələ dayısının sağlığında arvadla gəzirmişlər...” Zeynəb otuz yaşında ərə gedir, toydan sonrakı gün əri xuliqanlıq üstündə tutulur, “duvağını çıxarıb üç il gözləməli olur oğlanın yolunu”.

Bir hekayədə neçə tale; cəmisi də bircə təhkiyə anına, əlli üç yaşlı Zeynəbin çıxdığı ocağa dönüşü məqamına sığır.

Durmayıb, hekayənin sonluğunu da bura cızıram:

“Qocalar böyük zalda yanaşı namaz qılırdılar. Dədəsi yüksək, anası alçaq səslə.

Bu uzun illər boyu onları ancaq namaz qılanda yanaşı görmüşdü. Yataqları ayrı idi, nahar eləyəndə də anası həmişə hamıdan axırda yeyirdi.

Küçədə də dədəsi həmişə öndə, anası arxada yeriyirdi. Evin hər yerinə sükut çökmüşdü.

Hətta qardaşının dörd yaşlı qızı Aytən də müqəvva kimi baxırdı, uşaq nəfəsini elə bil həmişəlik udmuşdu”.


Ay aman, biz bu başdan-başa patriarxaliya mənzərələrini harada görmüşük; şəksiz ki, ilk öncə kitablarda, yüz il əvvəlin “Molla Nəsrəddin” səhifələrində.

Amma yox, burdakı qayıdıb da müstəqillik illərinin bizə gətirdiyi həyatın özündən olmalıdır; demə, Azərbaycan maarifçiliyinin 150 il ərzində durmadan çalışdığı bihudə getmiş.

İroniyasız, tam ciddi deyirəm; Sevinc Pərvanənin yazıçı qələmi gerçəklərdən nə qədər belə süjetlər çıxarsın, həm də tam ciddi.

Sevinc Pərvanənin hekayələrində 1960-80-ci illər hekayəçiliyinin dərsləri var; deyək, bir detal, yaxud situasiya-məqam ətrafında bütöv bir həqiqətin kəşfi. “Mumiya”, “Həftə sonu”, “Çörək... iş... Qarabağ ” hekayələrində məhz belədir.

Amma hansı həqiqətlər? Apaşkardır ki, S.Pərvanə hədəf götürdüyü gerçəkləri əslinə daha yaxın, bəzəklərdən təmiz, arı-duru verməklə bir zaman 60-cıların müəyyən bəzəklərlə qabartdığı gerçəklərə qənşər qoymaq əzmindədir.

“Mumiya” hekayəsində oyuncaq-mumiyalar sosial bir bəlaya – dolanışıq naminə ataların Rusiyaya üz tutduğu ailə dramlarına açılmağın sadəcə bir üsulu olur.

60-cılardan ixtiyari bir müqayisə: Elçinin “Qırmızı ayı balası” hekayəsində isə, əksinədir: oyuncaq ayı balası canlanmaqla məişət zəminli ailə dramını aradan götürür.

Ordakı (60-cılardakı) həyat şıltağına qənşər burda həyatın şiddəti.

Yaxud Anarın “Macal”ında macalsızlıqdan qəfil yaranan macal detalı rifaha barınmış insanın mənəvi deqradasiyasına açılan düşüncə planını verir; macalsızlıqdan qəfil macal “Həftə sonu”nda da əsas priyomdur, amma burda sosial aşağıları insani xoşbəxtliyə yadlaşdıran, maşınlaşmış-mexanikləşmiş-kompüter əlavəsinə çevirmiş gerçəklərdir hədəfdə.

Yenə də həyat şıltağına qənşər həyat şiddəti. Elçinin “Toyuğun diri qalması”nda söhbət nədən gedir; cavanlığında bir qədər sərbəst həyata uymuş tənha bir qadının uzun-uzadı mənəvi-əxlaqi düşüncələr içrə durulmasından. “Çörək... iş... Qarabağ” hekayəsində də uzun-uzadı qara toyuğun diri qalıb-qalmaması məsələsi oxucunu əməlli-başlı yorur: amma fondakı bu dəfə də şıltaqlar yox, həyat şiddətləridir – Qarabağ savaşı insanların həyatında, müharibə və atəşkəs; və bir də bura ürcah olan könüllü-könülsüz könül məsələləri...

Bəli, özgə zamanlardır və əslində, gizli ya açıq, birbaşa ya oxuduqlarının təhtəlşüurda oyanması hesabına Sevinc Pərvanənin 60-cılardan sitatları fərqi, özgəliyi dəbərtmək baxımından uğurludur.

Bir hekayəsi var: “Beşmərtəbəli binanın altıncı mərtəbəsi”; Anarın eyni adlı əsərindəki mənaların müasir gerçəklərdə yerini-izini konstatasiya edir: ilkin mənbənin (Anarın romanının) mifikləşmiş statusuna qəti toxunmadan postmodern ironiya (bir gerçəklərdən digərinə) yerindədir.

Kitabdakı “Güllər necə tər, necə qəşəng idilər” adlı hekayə də eyni məqamdan başlayır; “Dədə Qorqud”un epos genişliyində “gül-çiçəklə oynayan Anarın Turalı” burda gənc ailənin yeni qurduqları “gecəqondunun cəmi on iki kvadratmetrlik həyətində gül kolları əkməsi” ilə yanaşdırılır.

Hekayənin bədii siqlətinə önəm vermədən, demək lazımdır ki, S.Pərvanənin yaradıcılığında sağlam həyat ironiyası düzgün istiqamətdə irəliləyir. İnsanı insan edən amillər (konkret halda gözəllik-sahman duyğusu) hər yerdə statusunu qoruyur, kitablardan cəmiyyətə, ta həyatın aşağılarına qədər özünə yer edir, yeriyir...

Gələk, fikrimcə, alınmamış “Şəhər”ə.

Qeyd etdik: yazıçının mövzusu var, predmeti var, deyiləsi mətləbləri var; niyə də bütün bunları bir yerə, bir Şəhərə, romana ünvanlayıb, oxucu ilə daha tutarlı, əhatəli, yaxından təmas qurmayasan?!

S.Pərvanə bunu istəyir də; amma istəmək azdır axı.

Roman bir janr olaraq sadəcə hekayələri üst-üstə gəlməklə olmur ki...

Sevinc Pərvanə
Eləsinə qalsa, yazıçının səriştəsindən “Şəhər”də də nə qədər hekayələr var:

Almazın hekayəti, Ağ atlı oğlan nağılı, Gülşah və Gilas arvad, Sovetin qızları Sona və Sənubər, Seymurun xalası qızı Nailənin əhvalatı, Həmidə Ömərovanın tələbələri və Ziya Adaşov, yaxşı oğlan Rafiqin kirayənişinliyi, Qızbəs və Gülqədəm faciəsi, Bahadır və Sona faciəsi, Xavər və əmioğlu İldırım dastanı, iki bacı bir qardaş ekizlərin əhvalatı, Hökumət kişi və ögəy ana, Zəminənin evləri, qız qarıyan Yetərin şairliyi, Doğum evindən reportaj, almaz üzüyün əhvalatı və s. və i. daha kiçik epizodlara sığmış tarixçələrə qədər...

Vərəqlədikcə qəsdən tematik vurğulayıram; bəzi yerlərdə oxşar, təkrar, yaxın məxrəcli, bəzi məqamları ilə fərqli bu əhvalatların empirizmi, birbaşa gerçəklərdən, həyatdan gəlməsi S.Pərvanəni qəti darıltmır; əksinə, hekayəçiliyinə müvafiq o bu süjetlərin hər birindən ayrıca əsər yapa bilər, amma heyfslənmədən bu dəfə romana güzəşt edir...

Çətinliyi təcrübəsiz romançı lap əvvəldən, oxucu ilə söhbətində hiss elətdirir: əslində təhkiyə planını necə - “mən”, “sən”, yoxsa “o” mövqeyindən qurmaq tərəddüdləri daha çox müəllifin öyrəşdiyi hekayə ilə adlamağa çalışdığı roman başlanğıcı arasında qaldığını, hələ dürüst seçim edə bilmədiyini ortaya qoyur.

S.Pərvanə fəhmən duyur ki, ehtiva və həzm etməyə çalışdığı həqiqətin adı – Şəhərdir; mətndə kənd qızlarının ağ atlı oğlan arzuları da, Almazın yalnız və yalnız Şəhər sevdası da, Xavərin və tirajlanan daha neçə qadın personajların ümid ünvanı da, hətta Yetərin şairliyi də tək-tək və bir ağızdan Şəhər deyir...

İlk əvvəl bunu romançı qəhrəman seçdiyi Almazın Şəhəri üzərində cəmləməyə qərar verir. Amma az sonra məlum olur ki, buna materialı (Almazın Şəhəri) çatışmır.

Az qala romanı yarılayan “Əlinizdəki kitab haqqında düşüncələrim” fəslində bunu etiraf da edir:

“İnsanın bir başqasının başına gələn hər şeyi olduğu kimi, bütün təfərrüatlarıyla xatırlaması mümkün deyil. Uydurma, xəyal, kobud desək, yalan! Mənimçün maraqlısı daha çox bu nüans. Mən də Almazın həyatının bütün məqamlarını blmirəm, bilə bilmərəm...”

Bir də ki buna bir daha nə hacət, bu artıq Almazın oxuduğu romanlarda, məsələn, “Cenni Herhard”da var da.

“Mən kitablardan yox, həyatdan öyrənməyə üstünlük verdim. Və bəlkə də ən çox, ya da təkcə özümün inandığım bir kitabı yazmağa başladım...”

İş ki qaldı həyata, romançının həyat materialı boldur; bəlkə də bugün bu sarıdan gənc yazarlardan ən potensiallı elə Sevinc Pərvanə görünür.

Yuxarıda sadaladığım kimi, mətndə də bunun mənzərələri az deyil. Məsələn, Almaz əvəzinə girişib yaxşı oğlan Rafiqin Şəhərini yazaydı, ya Xavər-İldırım dastanına ilham verəydi, ya elə vurğula(n)dığı kimi: “Şam ədəbi məclisindən danışacağına dair verdiyi sözü tutsaydı” yenə bu sayaq bir nəsə alınasıydı.

Amma mətndə romançının təhkiyəni etibar elədiyi bir surət var – İlahə; və diqqət etsəniz, romandakı çoxlu hekayələr içərisində İlahənin hekayətini xatırlatmadıq.

Çün bu, yoxdur da; axı mətndə Almazın əhvalatından tutmuş xırda epizodlaracan nə varsa, İlahənin söylədikləridir, onun dünyasını (Şəhərini) ehtiva edir: uşaqlıq xatirələrindən passajlar, gördüyü-tanıdığı kənd qadınlarının əhvalatları və buna ötəri münasibət və şərhlər; şəhər mənzərələri, tələbəlik həyatı, kirayənişinlik, qəzetçilik barədə və habelə doğum evindən reportaj; kino,ədəbiyyat, sosial həyat, adət-ənənə, seks, siyasət, seçkilər və hətta Qarabağ və erməni məsələsi üzərində düşüncələr...

Bütün bu məqamlar bir roman qəhrəmanı, romanik məxrəc-baxış-platforma ətrafında cəmləşmək istəyir.

Amma romançı bu Şəhərə (İlahənin dünyasına) çox da etina etməyib, eləcə fonda saxlayır, İlahəni qəhrəmanı olaraq roman düşüncəsinə yükləyə bilməyib (izahı bir qədər sonra), vurğunu, ağırlığı salır hekayələrin üzərinə...

Hekayələr isə özlüyündə (bu və ya digər mətləb ətrafında) başlayır və qurtarır... Bəs romanı irəlilətmək üçün nəsə bir mexanizm lazımdırmı?

Odur ki, romanın tənqidi ilə razılaşmalıyıq (bax: C.Yusifli, Professionallıqdan o yana:): romançı əvvəldə (çoxsaylı hekayələrdə) qoyduğu ciddi mətləbləri unudub, sonda güc verir ucuz variantlara, məlum klişelərə, melodramaya, Hollivud “happy end”lərinə, hamının hamılıqla xoşbəxt olduğu nağıllara; bir sözlə, ədəbiyyatı tərk edir əyləncəviliyə...

Tehran Əlişanoğlu (sağda). Azadlıq Radiosunun Bakı studiyası. 16 dekabr 2010
Mətləblər barədə.
Qadın həqiqəti bizim ədəbiyyatın köklü məsələlərindəndir. “Şəhər” mövzunun geniş spektrindən eyni zamanda bir neçəsi üzərində diqqətini saxlamağa çalışır.

Birisi Qadını əhatə edən patriarxaliya, Kişi cəmiyyətinin basqılarıdır; Mirzə Cəlilin “Danabaş”ında klassik təcəssümündən İ.Şıxlının “Dəli Kür”ünəcən milli ədəbiyyatda inikası-şərhi-izahı-dərki, düşüncə sırası qədərincədir: Hadidə var, Sabirdə var, Caviddə var, Ə.Cavadda var, C.Cabbarlıda var, Müşfiqdə var, S.Vurğunda var...

Romanda bu (çoxsaylı hekayələrdə) eləcə təsvir, illüstrə, oçerk səviyyəsindədir; romançı ilk fəsillərdə (“Biz elə yerdə yaşayırdıq ki”) sanki roman düşüncəsinə rəvac verməyə cəhd edirsə də, necə yerdə? – sonrası “düşünmək”dən vaz keçib, təkrar-təkrar bunun illüstrələrinə meydan verir.

Nəticədə guya patriarxaliyanın fövqünə qalxmış təhkiyəçi-qəhrəman (İlahə) mətləb barədə bizə təzə (məsələn, “Danabaş”dan kəskin) nəsə deyə bilmir...

İkinci mövzu aktuallanmış qadın içi, qadın dünyasıdır; Cavidin “Maral”ı, “Afət”indən günümüzəcən qadınlığın fəlsəfəsi milli ədəbiyyatın nəzər-diqqətindədir.

Xüsusən, 60-cılar nəsri məqama həssas kəsildi: Anarın Təhminəsi, Ə.Əylislinin Mədinə bibisi, Elçinin Məsməxanımında qadın başlanğıcına maraq bugünün ədəbiyyatında daha da şaxələnmiş, təfərrüatlaşmış, az qala utilitarlaşmışdır da (bax: T.Əlişanoğlu, Nəsrdə qadın diskursu, Tənqid.net jurnalı, 2008, № 5).

S.Pərvanə qadının cinsəl dünyasına diqqətlə sanki bu fəlsəfənin bitdiyi yerlərdə yeni nüanslar aramağa meyllidir; səpəli şəkildə, ərsizlik, “bədbəxt Tükəzbanlıq” sindromu yaşanan nöqtələrdə müəyyən iç həqiqətləri, müşahidələr də sezilir.

Görünür ki, başlanğıcdakı “Qarımış qızlara ithaf” epiqrafı əbəs deyildir.

Amma o da barizdir ki, roman daha çox feminist dalğaya iddia edir; mövzu planı özlüyündə qadın içini deyil, bu için açıq bəyanatını, sosial həyata yeriməsini aktuallandırır.

Almazın adında, yaxud qadın həqiqətlərinin bu ad altında problemləşməsində, uzaq sələfi – C.Cabbarlının Almazına isnad aşkardır.

O ki Şəhərin, sivilizasiyanın nəfəsi dəyir qadına, bu bir Cabbarlıda deyil ki; 1920-30-cu il hekayəçiliyinə baş vursan: Seyid Hüseyndə də var, Qantəmirdə də, Böyükağa Talıblıda da, Tağı Şahbazidə də; hətta Mehdi Hüseyndə, Mir Cəlalda, Ənvər Məmmədxanlıda var...

Görünür, növbəti “mədəni inqilab” (seksualmı?) qadın mövzusunun cəmiyyət həyatına total (inqilabi) sirayət etməsi məqamına dönüşlə müşaiyət olunur.

İlahənin mövqeyində, doğrudan da, Gülüşün, Sevilin, Almazın açıq avanqard platformasını axtarmaq olar; amma C.Cabbarlıdakı günün, çağdaşlığın aydın, düşünülmüş konsepsiya bütövlüyünü necə, S.Pərvanədə tapmaq olurmu?

Hər halda baxaq; od olmasa, tüstü də olmur; şeirlərindən başlayaraq Sevinc Pərvanənin yaradıcılığına bir epataj səciyyəsi, nümayişkaranəlik xasdır.

“Şəhər”də də bu var, əslində roman eləcə günün nəfəsini qadın mövzusunda nümayiş etdirmək cəhdindən ibarətdir.

S.Pərvanə hər növ tabulara üsyan ehtirası ilə yazır; o sıradan qadın həqiqətlərinin təcəssümündə. İntəhası kortəbii, bir qədər də azartla (qəsdən, acığa) olduğundan təsvir planı düşüncə qatını basır, üstələyir: belə olarsa, niyə də başqa cür olmasın; intimliyəcən varmışıqsa, niyə cinsəlliyəcən olmasın; həyatdakı çılpaqlıq niyə də yazıda olmasın; naturadan rəsmin rəsmiyyətinə nə mane olur ki və s. – azart bundan ibarətdir.

Bir oxucu şərhində deyildiyi kimi: S.Pərvanə kişi yazarların cürət eləyə bilmədiyi təsvirlərə cəsarətlə gedir:

“Məni xəyaldan yellənə-yellənə üstümə gələn iri plandakı kişi cinsiyyət üzvü ayırdı. Bu hələ ikinci kurs tələbəsi olan bizlər üçün gözlənilməz olmuşdu...”

Amma bu məqam nə üçündür; romanın sonrakı hissələrində heç növ motivlənmir.

“Mən də səni tumarlayacam təklifini eşidəndə dadına baxmaq pis olmaz deyə razı olmuşdum. Həmin hisslər özü idi ki var. Bədənimin hər tərəfinə gizilti ilə yayılan, əlləri və qolları boşaldan bu cənnət meyvəsinin özü idi. Həm də qadağan bir meyvə. Almazla Seymur bu qadağanı pozmuşdular...”
– axıracan vermədiyim bu seksual təsvirin mümkünlüyü yox, nədəni sual altındadır, sonrakı təsvirlərdə nə təhkiyəçi-qəhrəmanın, nə də Almazın dünyasında mənasını tapmırsa əgər... “Amma əvəzində kişi nəfəsini duyacaq, illər boyu ona əzab verən, amma heç cür tərgidə bilmədiyi alışqanlığından da əl çəkəcək, daha masturbasiya eləməyəcək, həqiqi, həm də qanuni əriylə əlaqəyə girəcəkdi...” – yenə yarımçıq gətirdiyim bu sitatın da, nə qəhrəmanlara, nə də roman fabulasına dəxaləti, əskildib-artıracağı yoxdur; daha bir epizodik hekayə personajı barəsindədir.

Ümumən mətndə külli miqdar ötəri pornoqrafik açıqlamaların nədənini tapmayıb, məhz əlahiddə məqsəd daşıdığını, eləcə təsvir tabularına etiraz niyyətli olduğunu görürəm.

Görünür, “Şəhər”i yazırkən, romançı ciddi mətləblər, şəhər romanları, Hollivud filmləri və melodramlarla yanaşı, pornoqrafik romanlardan da bir çimdik bu sousa qatmağı gərək bilmişdir.

Bir yazıda da toxunmuşam bu məqama, indilikdə bizim qadın yazarları milli Emmanuili yaratmağa qədər qadir bilirəm; amma həftəbecər niyə?

Tabulara üsyan düşüncə qatında olmadan, təsvirdə epatajdan artığını gözləmək də olmaz.

Bu halda dürüst əxlaq və ailə dəyərlərinə bağlı (patriarxaliyamı?) gənc roman qəhrəmanının (təhkiyəçi-qəhrəmanın) həm də sanki feminist hərəkatçı kimi patriarxal mühitə qənşər nümayişkaranə nağılbazlığı yalnız təbəssüm doğura bilər.

İç həqiqəti etibarilə İlahənin yeri qadın mövzulu nəsrdə Təhminədən, 60-cılardan, hətta Səriyyədən də o yanadır. Başqalarında xoşbəxtliyini tapan qəhrəmanın özünəironiyası İlyas Əfəndiyevin Nuriyyəsində var.

Bəlkə burda da 60-cıların dekonstruksiyasını aramaq olardı, mətn gərəyincə işarələr versəydi.

Sevinc Pərvanənin qələmini “Şəhər”dən daha irəlidə bilirəm.

Həmçinin oxu
Kənan Hacı. S.Pərvanənin qələmi nəsrə hazır deyil
Cavanşir Yusifli. Professionallıqdan o yana
Sevinc Pərvanə "Şəhər" (Romandan bir parça)
XS
SM
MD
LG