Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:50

Sevinc Çılğın. Şeirlər


OLMUR

Elə gözlərində yox oldu həyat
kimsə bilmədi nələri itirdim
Nələr qaldı yarı yolda
susmağa məcbur
yaşamağa təhkim
olmasan olmur
qoynuna sığınmadan
ovuclarında itmədən
olmur, hərşeyim, olmur
dodaqlarını hiss etmədən
gəl
yaşamaq istəyirəm
səni
səni
səni istəyirəm
olmur, hərşeyim, olmur
gəl…

Hisslərimə qadağalar yaraşmır
etmə, eləmə
əllərimi təşnə etmə saçlarına
bu bədbəxt taleyimin yazılmamış səhifəsisən
istəmirəm
sənsiz ölmək istəmirəm
bacarmıram,
sənsizliyin əsarətindən qurtar məni
qurban olum
qurtar
olmur, hərşeyim, olmur
Gəl…

Ürəyimdə yara kimi göynədir yerin
dodaqlarımda adının çat yeri
səndən başqa görə biləcəyim kimsəm yox
başımda rüzgarlar dolaşar
sən yoxsan
sən yoxsan
ol,
qurban olum, ol
olmur, hərşeyim, olmur
Gəl…


CAVİDANIMA ETİRAF

Sevgi
bədəndə söndürülən
siqaret.
Çılpaq vücudlar var
közərməyə möhtac.
Sevilməyə acan,
hər gələnə qucaq açan
hər qadına mərhəmət də
kişilərə yaraşmaz, oğlum.
Sonra
dəli kimi sevən xanımın
aldığı hər “5”-ə
pul borcu ödədiyin oğlun
ya da
qapısının döyülən vaxtı çatan
qızın olsa belə,
səni sevərlər.
Dünyada
bilmirsən nə qədər
arvadın kimi ana
məşuqən kimi qadın
var, yavrum.
Məsələn, mən…
OLA BİLƏR

Xəyalların bolluğundan
hücum çəkə bilər
vahimələr.
Asta-asta
qaçıb gizlənmək olar
masaların altında
sancılardan qovrula bilərəm
olmayanda sığalların.
Bəlkə o an sən olsan da,
səndən də qorxmaq olar
qorxuludur…
vəhşi olur axı
sevgi etirafların.


ÜÇ GÖRÜŞƏ

Bu gün sus
Heç nə demə
qırmızı paltar geyinəcəyəm
yerində olsaydım, düşünməzdim də.
Elə bax!
Necə olsa, səhərdir.

Sabah gülərsən
“vur bura” deyərsən arada
sarı paltar geyinəcəyəm
alaqaranlıqda.

O biri gün sevinərsən
elə bilərsən dünyanı sənə veriblər.
Sən nə desən,
istəsən…
sultansan da.
O gecənin yarısında
Yaşıl paltar geyinəcəyəm!

***

Səni istəməkdən
başımı qaşımağa
vaxt tapa bilməmişəm
son günlər.
Bu gecənin də ətəyindən tutub
çırpınıram sabaha.
Səhər çözüləcək düyünlər
sabah oxuyacağam əfsanəmi.
Sənə baxıb
məhəbbət yollayacağam sənə
tutub atarsan mənə.

www.kultaz.com
XS
SM
MD
LG