Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:45

Azərbaycandan Belarusa kim gedib?


Lukaşenko and içir - 21 yanvar 2011
Lukaşenko and içir - 21 yanvar 2011
Aleksandr Lukaşenko yanvarın 21-i 4-cü dəfə Belarus prezidenti kimi and içdi. Mərasimi Qərb dövlətlərinin səfirləri boykot edib. Andiçmə mərasimi Minskin Mərkəzi Respublika Sarayında keçirilib.

Andiçmə mərasimi prezident seçkilərinin nəticələrinə etiraz olaraq küçə nümayişlərini amansızcasına dağıtdığına görə Avropa və ABŞ-ın Likaşenkoya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığı bir vaxta təsadüf edir.

Mərasimdə Azərbaycanı kimin təmsil etməsi haqqında məlumat verilmir. Adətən bu tədbirlərdə baş nazir Artur Rasi-zadə iştirak edir. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bununla bağlı onda hər hansı məlumat olmadığını bildirib.

SƏFİR TƏMSİL EDİB


Azərbaycanın Belarusdakı səfirliyinin attaşesi Ramin Səlimxanov isə deyib ki, rəsmi Bakını mərasimdə səfir Əli Nağıyev təmsil edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə deyib ki, mərasimdə iştirak etməklə bağlı onlara dəvət gəlməyib:

“Xarici İşlər Nazirliyinə dəvət gəlməyib”.

“Zerkalo” qəzetinin siyasi şərhçisi Nicat Səmədoğlu isə bildirir ki, Azərbaycana dəvət göndərilməməsi gözlənilən deyil:

“İKİ DÖVLƏT ARASINDA HƏR HANSI PROBLEM GÖRMÜRƏM”

“Həmişə deyirlər ki, Belarusla Azərbaycan arasında strateji müttəfiqlik var. Belarusun Rusiyaya qaz borcuna da Azərbaycan kömək eləmişdi. Dəvət göndərilməməsi ilə bağlı iki dövlət arasında hər hansı problem görmürəm. Avropa Birliyi bildirib ki, prezident seçkilərindən sonra Belarusa qarşı sanksiyalar kəskinləşsin, yeni növ sanksiyalar tətbiq olunsun. Ancaq Azərbaycan bu sanksiyaları dəstəkləməyib”.

Müxalifət və beynəlxalq müşahidəçilər Belarusda keçirilmiş prezident seçkilərinin saxtalaşdırıldığını bildirirlər. Qərb dövlətləri Belarusu kütləvi etiraz aksiyaları zamanı və ondan sonra həbs olunmuş müxalifət fəallarını, o cümlədən Lukaşenkonun rəqibi olmuş 4 namizədi azadlığa buraxmağa çağırırlar.

19 dekabr nümayişlərini polis zorakılıqla yatırdıb. Həmin vaxt 700 nümayişçi həbs edilib. Onlardan 300-dən çoxunu uzunmüddətli həbs cəzası gözləyir.

AVROPA PARLAMENTİ QƏTNAMƏ QƏBUL EDİB

Yanvarın 20-də isə Avropa Parlamenti Avropa dövlətlərini Lukaşenko rejiminə qarşı yeni sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib. Avropa Birliyi nazirləri bu məsələ ilə bağlı yanvarın 31-də yığışacaqlar. Onlar Belarusa qarşı yeni sanksiyalar tətbiq etmək, o cümlədən Lukaşenko və digər yüksək rütbəli Belarus rəsmilərinə qarşı viza qadağası qoymaq, Beynəlxalq Valyuta Fondundan isə bu ölkəyə maliyyə yardımları göstərilməsini dondurmaq məsələlərini müzakirə edəcəklər.

Vaşinqton da Minskə qarşı yeni sanksiyalar haqqında fikirləşir.

LUKAŞENKO ALMANİYA VƏ POLŞANI İTTİHAM EDİR

10 milyon əhalisi olan Belarusu 1994-cü ildən Lukaşenko idarə edir. ABŞ-ın keçmiş prezidenti Corc Buş onu “Avropanın sonuncu diktatoru” adlandırmışdı.

Minskdəki dünənki çıxışında isə Lukaşenko bildirib ki, Avropa Birliyinin sanksiyalarına qarşı kəskin tədbirlər hazırlanacaq. Lukaşenko deyib ki, onu devirməklə bağlı qiyamın arxasında Polşa və Almaniya dayanır.

Bu iki ölkə ittihamı absurd adlandırıb.
XS
SM
MD
LG