Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:00

“Yarımçıq əlyazma” və yaxud jurnalistikanın ədəbiyyatdakı mühaciri


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
Tənqidçi Elnarə Tofiqqızı bu məqaləsi ilə yazıçı Elçin Hüseynbəylinin "Yolayrıcında qaçış" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur. Bununla da romanın müzakirəsi başa çatır.

“Yarımçıq əlyazma” və yaxud jurnalistikanın ədəbiyyatdakı mühaciri

Bir çox çağdaşından iş və yazı təcrübəsinə görə fərqlənən Elçin Hüseynbəylinin ədəbi ictimaiyyətə təqdim etdiyi «Yolayrıcında qaçış» (Çaşqın insanlar haqda çaşqın bir roman) («Azərbaycan» jurnalı, 2010-cu il, 10-cu sayı) «hadisə roman»ı yazarın yaradıcılığı üçün səciyyəvi olan formada yazılmış növbəti irihəcmli əsərdir.

Roman «azəri qızı» Züleyxa Göyçəyin İstambuldakı malikanəsində qətlə yetirilməsinin psixoloji səbəblərinin aydınlaşdırılması üzərində qurulub və araşdırmaçı obrazında müəllif özü çıxış edir ki, bu da E.Hüseynbəylinin bir neçə romanının ortaq forma və üslub

"Hətta əsərin redaktə olunmadığı təəsüratı da yaranır (Z.Göyçəyə «Boğaziçində ağ yelkənli günəş» tablosunu verən dostu Sərdar Küçükoğlu (s., 13) bir yerdə «Sərdar Küçükbəy» (s., 24) deyə xatırlanır və s.)".

xüsusiyyəti olduğundan, yazıçının artıq qəlibə çevrilmiş janr seçiminin təhlilini zəruriləşdirir.

1. Forma və üslub fərdiliyi

E.Hüseynbəylinin məzmun baxımından çox fərqli görünən romanlarını forma və təhkiyə uyğunluğu: a) görmədən təsvir etməmək; b) toxunmadan hiss etməmək; c) uydurmamaq və ya uydurmuş kimi görünməmək; d) canlı təsvirləri kənar müdaxilədən ayırmamaq və s. – birləşdirir.

Hətta tarixi faktlar üstündə qurulan «Azərbaycanlı Don Juan» (roman-ekskurs) əsərində də müəllif 400 il əvvəl İrandan İspaniyaya yollanan elçilərin izi ilə gəzərək aradan zaman və məkan fərqini götürməyə çalışır və yenə də süjetlər müəllifin ətrafında birləşir.

Sanki E.Hüseynbəyli jurnalistikanın ədəbiyyatdakı mühaciridir və heç bir vəchlə peşəsinə xəyanət edib, fantaziyasını reallıq kimi təqdim etmir, müxtəlif roman və hekayələrində yazıçı-müəllif olaraq «46 ölçülü ayaqqabı»nın («46 ölçülü ayaqqabım qızın xırdaca ayaqlarının altına soxuldu» («Azərbaycanlı Don Juan», B.-2009, s., 84); «46 ölçülü ayaqqabım üstündə yalançı adamların yeridiyi asfaltı gördü…», «Metro vadisi», B.-2009, s., 25 və s.) sahibi kimi konkretləşir və təsvirləri «reportaj» üslubunda qurur.

Jurnalistika hadisə və fakt zənginliyi baxımından münbit bir sahədir və təsadüfi deyil ki, dünya ədəbiyyatının bir çox karifeyləri jurnalistikanın ədəbiyyata verdiyi töhfələrdir. Bu böyük ədəbiyyatçılar bəzən əsərlərində jurnalistikanın janrlarından məharətlə istifadə etmişlər.

Nümunə kimi Q.Q.Markesi və onun «Gözlənilən bir qətlin tarixçəsi» povestini götürmək olar.

Markes «Tarixçə»də hadisəni çoxsaylı şahidlərin təzadlı açıqlamaları üstündə qurur və psixoloji səhnənin aydinlaşması üçün müdaxilədən qaçıb jurnalist araşdırması çərçivəsində nümunəvi bir forma ortaya qoyur.

Elçin Hüseynbəyli
E.Hüseynbəyli də «bir qətlin» - Züleyxanın ölümünün tarixçəsini araşdırır. Amma psixoloji gərginlik yox səviyyəsindədir, hadisədə yeganə alternativ tərəf Züleyxanın bacısı Fatimədir ki («qatı islamçılar»ın yalnız adı keçir), o da yazıçı müdaxiləsinin daimi təzyiqi altındadır; müəllif dialoqlar (müsahibələr) və ya real təsvirlərlə Fatimənin baxışlarının yanlış olduğu qənaətini çıxarmağı oxucunun ixtiyarına buraxmır, qətldə baiskar hesab etdiyi bacının mənfi obrazını yaratmır, əksinə, deyir!

Süjetin oxucu ilə səmimi söhbət, canlı təhkiyə üstündə qurulması da ötən əsrin ortalarından etibarən dünya ədəbiyyatında uğurlu formalardan biri kimi istifadə olunub (Maşado de Assiz). Amma bu «birbaşa ünsiyyətin» heç birində obrazın müsbət və ya mənfiliyi təyin edilmir, təsvirlə verilir.

2. Obraz və təsvirlər

«Yolayrıcında qaçış» romanında Züleyxanın gözəl, müəllifinsə onun heyranı olduğu canlandırılır və epitet, bənzətmə təkrarlığının gözəlliyi qələmə almaq çətinliyindən əmələ gəldiyi gizlədilmir ki, əslində, elə bu da ədəbi vasitədir.

Amma təəssüf ki, mətndəki bu ədəbi vasitə konkret obraza şamil olunduğu üçün özünü doğrultmur.

Markesin «Kifir qadın haqda düşüncələr» hekayəsində də qadının kifirdən-kifir olması birbaşa deyilir.

Ancaq bu «eybəcərlik təyini» obrazın təsvirinə yönəlməyib; hekayə «kifirlik sərhədlərinin aşılması»nı göstərir: yazıçı bir tərəfdən kifirlik ölçüsünün itməsini («İsabel Makondada yağışa baxır»da zamanın itməsi kimi), digər tərəfdən kifirliyin də əndazədə olmasını kiçik bir hekayədə ümumiləşdirib.

«Yolayrıcında qaçış» əsərində isə obrazın təsviri var və burada təyin ola bilməz.
Fatimə ilə Züleyxanı müqayisə edən müəllif müdaxilələri də uğurlu seçilməyib.Bosfor

L.Tolstoy «Anna Karenina»da cəmi ikicə cümləyə sığışdırıb bu təsviri: «Onların bütün cizgiləri bir-birinə bənzəyirdi... Amma birində bu cizgilər mütənasib, o birində namütənasib idi».

Digər obrazların – Dinqo və Memo, Sərdar Küçükoğlu (Küçükbəy), Orhun bəy (Türkiyənin Dubaydakı konsulu) təsvirləri də yarımçıq saxlanılıb.

Bəlkə də bu obrazları «yardımçı obrazlar» kimi qəbul etmək mümkündür - halbuki Dinqonun ələ keçən gündəliyindən «pozulmuş» yerlərin sayını azaltmaq və onu daha ətraflı işləmək, Orhun bəyə isə, heç olmazsa, soyad vermək olardı, - amma istəmədən xala qatilinə çevrilən və ya qatil olduğu bilinməyən Məhəmməd obrazının genişləndirilməsi üçün romanda yaradılan zəmin mütləq inkişaf etdirilməliydi.

3. Süjet

E.Hüseynbəylinin maraqlı mövzu seçimi, geniş fantaziyası var, oxucunu cəlb etmək, inandırmaq təxəyyülünə malikdir və bu bacarıq hər yazıçıya xas xüsusiyyət deyil.

Amma mövzuya hazırladığı oxucunu birdən-birə tərk etmək də Hüseynbəyliyə xasdır. «Metro vadisi» və «Azərbaycanlı Don Juan» kimi «Yolayrıcında qaçış»da da müəllif əsəri tamamlamadan, şaxələndirdiyi süjetləri axıra çatdırmadan bitirir və yaxud heç mahiyyətə aid olmayan abzas və bölmələrə yer verir.

«Yolayrıcında qaçış» romanında müəllifin Türkiyəyə səfər çərçivəsində uşaqlıq dostu Züleyxa ilə görüşmək istəyi «Don Juan» və «Metro vadisi»ndən tanıdığımız macərapərəst müəllif-təhkiyəçinin xarakterinə tam uyğun bir yanaşmadır. Ancaq aydın olmur ki, «Qloballaşan dünyada Şərq və Qərb münasibətləri» mövzusunda keçirilən konfransdakı çıxışın mətnini vermək (s., 24-25) və qloballaşmanın əleyhinə getməyin romana aidiyyatı nədir?

Halbuki Məhəmmədin təriqətə gəlişi, dini qrupların təsvirləri, inanc sisteminin polemikalarla müqayisələri, silahlı qruplaşmaların inam ocaqlarından sui-istifadə üsullarını göstərmək üçün romanda bünövrə hazırlanıb və bu xətlər tamamlanmalıydı; həmçinin Züleyxa Göyçək ilə ilk görüşdə obrazın xarakterinin onun öz dilindən, fərqli prizmadan açılmasına imkan yaratmaq olardı.

Ancaq xatirələrinin girovuna çevrilən jurnalist-araşdırmaçı müsahibinin özünü ifadə etməsinə yardım əvəzinə, ona mane olur; bəlkə də müəllifin eqoizmi obrazının gözəl təhkiyə sahibi kimi görünməsini qısqanır.

Digər tərəfdən, romanda açıq suallar saxlanılıb:

Bosfor
a) Züleyxanın açıq-saçıq şəkillərini əks etdirən «Hürriyyət+» qəzetinin illər öncə çap olunmuş nüsxələrini Türkiyədən Bakıya, Fatimənin yeni mənzilinə göndərən; Məhəmmədin oxuması üçün onun gödəkcəsinin cibinə (s., 50), tələbə yataqxanasındakı yatağının üstünə (s., 54) saralmış səhifələri qoyan kimdir? Məhəmmədin tələbə yoldaşı Dinqo, yoxsa onun əmisi oğlu Memo? Bəlkə, Züleyxanın özü?

b) Züleyxanı öz bacısı oğlu Məhəmmədmi öldürür, yoxsa təriqətçilər? Züleyxanın özünün intihar etməsini düşünmək üçün də oxucuya variant verməyə (s., 70) və bunu çözməməyə nə ehtiyac?

c) Z.Göyçəyin öldürülməsinin səhnələşdirildiyi, əslində belə bir qətlin olmadığı barədə məlumat nəyə xidmət edir? «Hürriyyət+» qəzetinin Z.Göyçəyin ölmədiyi, Kanar adalarında olmasını bildirən sayını (s., 69) müəllif-təhkiyəçiyə kim gətirir?
Romanda detektivsayağı işlənən, kütləvi oxucu auditoriyasına hesablanmış bu müəmmaların çözülməsi və süjetlərin tamamlanması vacib idi.

4. Yarımçıq qalmış roman...

E.Hüseynbəyli Məhəmmədin dağlara, PKK-ya gedən yolunu – qətldən sonrakı taleyinin təsvirini «uydurmamaq» kompleksinin davamı kimi verir: müəllif dağlara qaçışın «konturlarını beynində cızdığını» (s., 48) yazmaqla oxucunu «aldatmadığını» açıqlayandan sonra romana başlayır.

Yazıçının bir-iki məqamda uğursuz bənzətmə-müdaxiləsini («çaqqallar yaxşı yeməkdən sonra təpə başına çıxıb vaqqıldaşırlar…» (s., 66) və vəhşi, mənasız dağ həyatının təsvirləri içində lazım olmadan PKK-ya müəllif antipatiyasını, bir qədər də tələskənliyini kənara qoysaq, maraqlı bir roman oxumağa başlayırıq (s., 48).

Amma az sonra roman yarımçıq saxlanılır və müəllif “jurnalistikanın döydüyü qapını” (s., 69) açıb “ədəbiyyat otağından” çıxır.

5. Dil xüsusiyyəti

E.Hüseynbəyli əsərlərində ədəbi təsəvvürləri aydın olan yazıçı olaraq görünür: dili sadə və axıcıdır, xırda istisnalarla, dilə yad söz və ya ifadələrdən istifadə etmir, standart cümlə strukturundan bəhrələnir, formalaşmış üslubu var; C.Cabbarlının sözləriylə desək, oxucunu təsirində saxlamağı, əsərini oxunaqlı etməyi bacarır. Amma məharətlə qurduğu süjetləri sona çatdırmaması, psoxoloji qata enməməsi, potensialı daxilində olsa da, xarakter yaratmaması baxımdan «Yolayrıcında qaçış» romanının yarımçıq halda çapa veriliməsi qənaətindəyik.

Hətta əsərin redaktə olunmadığı təəsüratı da yaranır (Z.Göyçəyə «Boğaziçində ağ yelkənli günəş» tablosunu verən dostu Sərdar Küçükoğlu (s., 13) bir yerdə «Sərdar Küçükbəy» (s., 24) deyə xatırlanır və s.).

Fikrimizcə, qeyd olunan nöqsanlar olmasaydı və yazıçı bu “yarımçıq əlyazmanı” çapa verməyə tələsməsəydi, ədəbi ictimaiyyət Elçin Hüseynbəyli yaradıcılığında növbəti mərhələ sayılan bir roman oxumaq imkanı qazanacaqdı.

Həmçinin oxu
Elçin Hüseynbəyli "Yolayrıcında qaçış" (Romandan parça)
Tehran Əlişanoğlu. Hər şeydən heç nə
Kənan Hacı. Çaşdırıcı roman haqda çaşqın fikirlər
Cavanşir Yusifli. Vive la Différence!
Vaqif Yusifli. Çeşidlərin sonuncusu
XS
SM
MD
LG