Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:09

Gömrükdə 8 manat rüsum əvəzinə 100 manat?


- Kağızın qiyməti 100 manatdır, bilirsiniz?

- 100 niyə? 8 manat deyildimi?

- 8 manat deyirlər. Amma 100 manatdır.

- Niyə belə baha? Nə vaxtdan qiymət qalxıb?

- Yeni ildən qalxıb. 25 manat qalxıb, hələ biz yaxşıyıq. Başqa yerlərdə 125 manat, 116 manatdır.

- Bu, 100 manat elədi, mənə də zəhmət haqqı verərsinizsə, verin.

- Nə zəhmət haqqı, elə 100 manatın içindədir hamısı.

- Yox vallah, burdan mənə heç nə çatmır, hamısı yuxarı gedir.

Bu dialoq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə bitişik Bakı Baş Gömrük İdarəsində sahibkar Ədalət Abbasovla broker arasında gedən söhbətdəndir. Fevralın 16-da baş tutan bu söhbət rüsumu 8 manat olan gömrük bəyannaməsinə 100 manat alınması, bu məbləğin hər hansı sənəddə qeyd olunmaması haqdadır.

Rusiyadan Azərbaycana pəncərə şüşəsi idxal edən «Azqlass» MMC-nin prezidenti Ədalət Abbasovun malını fevralın 19-da ölkəyə buraxıblar. Halbuki sahibkar fevralın 16-da bütün rüsumları ödəmiş, yük gömrük deklarasiyasını tərtib etdirmişdi.

«Qanun pozuntusudur malın gec buraxılması. Biz bu pozuntuya görə dəmir yolunda təxminən 1200 manata yaxın saxlama haqqı ödədik. Bəzi əlavə rüsumlar var, əlavə pul ödəməli olduq».

GÖMRÜYÜN «VİDADİ» MƏRHƏLƏSİ

... Bəyannamənin tərtibatından sonra sahibkarla birlikdə idarənin 3-cü mərtəbəsinə - Maliyyə Tarif Şöbəsinin şöbəsinə qalxırıq. Burda sahibkarın bəyannaməsinə baxan şöbə rəisinin sualı bu olur: «Vidadiylə danışmısan?»

Ölkəyə gətirilən malı bazara çıxarmaq üçün hər bir sahibkar «Vidadi» mərhələsini keçməlidir. Vidadi adlandırılan şəxs bütün rüsumları ödəyəndən sonra sahibkarın «gördüyü» şəxsdir. Sahibkarlar deyir ki, hər sahənin belə qeyri-rəsmi nəzarətçiləri var, bazara çıxmaq üçün onlardan icazə almadan malı ölkəyə buraxmırlar.

«Vidadiylə danışmısan?» sualına sahibkarın «yox» cavabı Bakı Baş Gömrük İdarəsindəki Vahid Pəncərədə sənədlərin qeydiyyata salınmamasıyla başa çatdı.

Yalnız 3 gün sonra Ədalət Abbasova zəng edib «müəyyən şərtlərlə» yükü ölkəyə buraxmağa razılıq verdiklərini bildiriblər. Ancaq sahibkar həmin şərtlərin nədən ibarət olduğunu açıqlamaq istəmədi.

Ədalət Abbasov deyir ki, ölkədə başlanan antikorrupsiya kampaniyasının Bakı Baş Gömrük İdarəsinə aidiyyatı yoxdur:

«Orda korrupsiya necə var, elə də qalıb. Köhnə qaydada necə işləyirdilərsə, hazırda da elədir. Həmin məlum iclasdan sonra yüküm gələnə qədər mən digər sahibkarlarla maraqlandım ki, indi vəziyyət nə yerdədir. Mən narahat idim ki, mənim də yüküm gəlir, görüm hansı formada işləyəcəyəm. Sahibkarlar mənə demişdilər ki, əvvəl necə idisə, elə də işləyirlər. Gömrük İdarəsində hələ ki, heç bir dəyişiklik yoxdur».

SAHİBKAR MÜBARİZƏDƏ MARAQLI DEYİL

«Şəffaflıq Azərbaycan»təşkilatının təmsilçisi Kənan Qasımov deyir ki, çalışdığı quruma gömrüklə bağlı müraciətlər hökumətdəki iclaslardan sonra çoxalıb. Ancaq bunlar şikayət yox, məlumat almaqla bağlıdır. Məsələn, hansı rüsum nə qədərdir, hansı problemi necə yoluna qoymaq olar və s.

«Sahibkarlar gömrük orqanlarındakı rüşvət faktlarıyla bağlı məlumat vermək istəmirlər. Ümumiyyətlə, o sahədə mübarizə aparmaqda maraqlı deyillər. Demək olar ki, şikayətlərə, müraciətlərə verilən cavablar bir ay çəkir. Həmin müddət ərzində gömrük məntəqələrində qalan mallarına ziyan olmaması və digər məsələlərlə əlaqədar onlar maraqlıdırlar ki, bu məsələ bir ay yox, daha tez həll edilsin. Ona görə onlar öz üsullarından istifadə edirlər».

Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə Dövlət Gömrük Komitəsinin sədri olmuş İbrahim Vəliyev hesab edir ki, gömrükdə rüşvətin qarşısını almaq üçün ayaqdan yox, başdan başlamaq lazımdır:

KÖHNƏ MAŞININ HİSSƏLƏRİNİ DƏYİŞMƏKLƏ MAŞIN SAZ OLMAZ


«Yəni o rüşvət yığılıb kimlərə gedirsə, onlar cəzalandırılmalı, onlar araşdırılıb tapılmalıdır ki, gömrükdə rüşvət aradan qaldırılsın. Bir neçə nəfərin tutulması, bir neçə nəfərin çıxarılması gömrükdə rüşvətin qabağını alan deyil. Yuxarıda oturan, deyək ki, sədr rüşvətin alınmasını bir dəfə bilməyə bilər, iki dəfə bilməyə bilər. Əgər bu, kütləvidirsə, deməli, onların da məlumatı var və maraqlıdırlar. Köhnə maşının hissələrinin dəyişilməsiylə və köhnə hissələrlə dəyişməklə o maşın saz ola bilməz».

Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisi Mirqasım Vahabov bir neçə gün əvvəl deyib ki, Gömrükdə heç kəsdən əlavə rüsum tələb olunmur:

«Bizim əsas məqsədimiz odur ki, insanlar normal gömrükdən keçsinlər. Biz buna çalışırıq və bizim yerli idarələrə də məlumat verilib ki, cənab prezidentin tapşırığına əməl etsinlər».
XS
SM
MD
LG