Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:36

Metsamor atom stansiyası


Metsamor atom elektrik stansiyası, 26 sentyabr 2010
Metsamor atom elektrik stansiyası, 26 sentyabr 2010

YEREVANDAN 40, İĞDIRDAN 16 KİLOMETR MƏSAFƏDƏ FƏLAKƏT MƏNBƏYİ


Ermənistan paytaxtı Yerevandan 40 kilometr kənarda fəal zəlzələ zonasında sovet dövründən qalma bir atom elektrik stansiyası işləyir. Erməni ekoloji təşkilat fəalları hesab edirlər ki, Metsamor olduqca təhlükəlidir.

Ermənistanda Yaşıl Birlik adlı qeyri-hökumət təşkilatının rəhbəri Hakob Sanasarian stansiyadan gələn təhlükəni belə izah edir:

- Stansiyanın çevrəsində 5 tektonik çat var. Onlardan biri stansiyadan 34 kilometr, biri 16 kilometr, daha biri isə 500 metr məsafədədir. Bunu bilə-bilə iddia edirlər ki, həmin stansiyanın heç bir təhlükəsi yoxdur.

ERMƏNİ RƏSMİLƏRİ METSAMORUN FUKUSHİMADAN ETİBARLI OLDUĞUNU İDDİA EDİRLƏR

Ermənistan rəsmiləri israrla bildirirlər ki, indi Yaponiyanın üzləşdiyi atom böhranından Ermənistan sığortalıdır. Onların iddialarına görə, Metsamor stansiyasının reaktorları səkkiz bal gücündə zəlzələyə davamlıdır.

Ermənistanda Atom elektrik stansiyaları üzrə araşdırma institutunun direktoru Vahram Petrosian AzadliqRadiosunun erməni redaksiyasının müxbirlərinə deyib ki, onların ölkələrində Yaponiyadakı yer təkanları gücündə zələzlənin baş verməsi ehtimalı isə çox aşağıdır.

Amma rəsmilər əminliklə danışsalar da çox da uzaq olmayan tarixdə - 1988-ci ildə Ermənistanın Spitak şəhərində 6.9 bal gücündə zəlzələ oldu və 25 000 insan həyatını itirdi.

Ermənistanın Nüvə Təhlükəsizliyi üzrə Dövlət Komitəsinin rəhbəri Ashot Martirosian iddia edir ki, Metsamor stansiyasının soyutma sistemi Yaponiyanın «Fukushima» stansiyasının sistemindən daha etibarlıdır.

GÜRCÜ EKSPERT METSAMORDAN NİYƏ NARAHATDIR?

Amma bu sözlər Ermənistanın qonşularında narahatlığı aradan qaldırmağa yetmir. Gürcüstan Texniki Universitetinin nüvə məsələləri üzər mütəxəssisi Gia Arabidze bildirir ki, indi həmin stansiya qonşu ölkələrə ciddi ziyan vurmasa da Yaponiyadakına bənzər bir zəlzələ region üçün çox fəlakətli ola bilər:

- Bu stansiyanın zəlzələdən dağılması ehtimalı çox yüksəkdir. Yaponiyadakı belə stansiyalar Sovet İttifaqında tikilənlərdən zəlzələyə daha davamlıdır.

Britaniyadakı nüvə fizikası üzrə mütəxəssis Frank Barnaby da hesab edir ki, Metsamor stansiyasının dizaynı və yaşı onun zəlzələyə davamlı olmasına şübhələr yaradır:

- Köhnə üsullarla tikilən stansiyaların təhlükəsizliyi o qədər də yüksək deyil. Demək istədiyim odur ki, müasir stansiyalar əvvəlki modellərdən daha etibarlıdır. Ona görə guman edirəm ki, Ermənistandakı stansiya o qədər də etibarlı deyil.

ERMƏNİSTAN TƏZƏ STANSİYA TİKMƏYİ ARZULAYIR


1998-ci ildə baş vermiş zəlzələnin mərkəzi Metsamor stansiyasından 75 kilometr aralıda idi. O zaman sovet hakimiyyəti təhlükəsizlik sarıdan narahatlığa görə bu stansiyanın fəaliyyətini dayandırmışdı. Amma 1995-ci ildə ciddi enerji böhranı ilə üzləşən Ermənistan hökuməti beynəlxalq tənqidlərə baxmayaraq, stansiyanın işini bərpa etdi.

1995-ci ildə Avropadan və ABŞ-dan Metsamor stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar pul xərclənib.

Avropa Birliyi bu stansiyanı köhnə və az etibarlı adlandırır.

Bununla belə stansiyanın keçmiş Baş direktoru Suren Azatian AzadliqRadiosunun erməni xidmətinin əməkdaşlarına deyib ki, hələ də Metsamordan radioaktiv maddələr sızmadığına əmin deyil.

Amma Ermənistan rəsmiləri bildirirlər ki, ölkənin elektrik enerjisinə tələbatının 40 faizinin istehsal edildiyi bu stansiyadan əl çəkmək niyyətində deyillər. Yerevan bildirir ki, 2016-cı ildə onun yerinə daha güclü və Qərb standartlarına uyğun atom elektrik stansiyası tikməyi planlaşdırır.
XS
SM
MD
LG