Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:50

Elmar Şahmar. Kaş...



Kaş səninçün necə darıxdığımı biləydin...

Kaş sənin eşqindən necə əzab çəkdiyimi,

səsini eşidib simanı görmək üçün

nələrdən keçməyə hazır olduğumu,

baxışlarında ərimək üçün

gözlərinə necə həsrət qaldığımı duya biləydin...

Kaş...

Onda bilərdin səni necə sevdiyimi,

səninçün necə darıxdığımı,

bu sevginin gücünü...

Onda hiss edərdin

hicran atəşindən alovlanan ürəyinin çırpıntısını,

vüsal arzulayan həzin pıçıltısını...

Gözlərin baxaraq görmədiyini,

qulaqların eşidərək duymadığını bilirsənmi?

Mən yaxşı bilirəm...

Bu, ruhun bədəndən ayrılması,

insanın xəyala dalmasıdır...

Bir şeir yazarkən,

bir də səni düşünərkən mənim ruhum bədənimdən ayrılır,

ya qafiyə, söz axtarır,

ya da səni...

Qafiyəni də, sözü də tapmaq olur,

amma səni...

Ruhum acizdir səni tapmağa,

hey axtarışdadır,

gözəl olduğunçün bütün gözəlliklərə yalvarışdadır,

bəlkə səndən bir xəbər ala deyə,

bəlkə səni onlarda tapa deyə,

ətrini duya deyə...

Amma təəssuf ki, ala bilmir,

tapa bilmir səni və

hər dəfə əliboş qayıdır cismimə...

Bax belədir mənim yaşam tərzim,

həyatım,

xəyallar içində keçən bir həyat,

yalan bir həyat...

Bəlkə də özünü yalana həsr etmiş həqiqi bir həyat...

Səncə hansıdır?

Hansıdır mənim yaşadıqlarımı səciyyələndirən ifadə?

Yalan yoxsa həqiqi həyat?

Səncə mən yaşayırammı?

Yox... yaşamıram,

yaşamaq istəyirəm səni taparaq,

həqiqi həyata addım ataraq,

səninlə nəfəs alaraq,

birlikdə qocalaraq...

İndi mən

yalan bir həyatın dərinliklərində

səni tapmaq ümidilə

ruhunu sonsuz xəyallar içində azdıran

tənha, kimsəsiz bir adamam...

Yaşlı gözləri

həm bütün varlıqları görüb dərk etməyəcək qədər kor,

həm sənin ruhunu belə görə biləcək qədər iti,

qulağı

həm saatın əqrəbinin səsini belə duyacaq qədər həssas,

həm atom bombasının partlayış səsini belə eşitməyəcək qədər laqeyd,

ürəyi

həm səni duymaq üçün döyünməyən,

həm sənin eşqinlə

etiraz edirmiş kimi çırpınaraq döyünən bir halda olan

zavallı, çarəsiz bir adam...

Hətta bir yox,

yarım adam...

Mən sənin eşqinlə bir ola bilərəm,

tamlığım yalnız səninlə mümkündür.

Mən səni axtarıram

tam olmaq üçün,

bir olmaq üçün,

yaşamaq üçün,

həqiqi bir həyat üçün...

Bezmişəm tənhalıqdan,

səssizlikdən,

sənsizlikdən,

yorulmuşam yalan həyatdan,

bitib – tükənmişəm xəyallar dünyasında yaşamaqdan...

Darıxıram,

çox darıxıram səninçün,

sənin darıxmadığın qədər...

Sənin sevmədiyin qədər sevirəm səni...

Çünki,

sən mənimçün heç darıxmırsan.

Təbiidir,

insan heç sevmədiyi biriyçün darıxarmı?!

Onun nələr çəkdiyini anlayarmı?!

Onun nələr yaşadığını duyarmı?!

Çətin...

Kaş anlayaydın...

Kaş duyaydın...

Kaş...


11 fevral 2011
XS
SM
MD
LG