Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:17

Vatikanın gizli arxivində Azərbaycan haqda nə sənədlər var?


Fərid Ələkbərli
Fərid Ələkbərli
Mayın ortalarında ölkə mediası maraqlı bir xəbər yaydı. Vatikan Məxfi Arxivlərində Azərbaycan tarixinə aid 85 sənəd aşkar olunub. AzadlıqRadiosunun «İz» proqramı bu xəbərin ardınca düşərək həmin sənədlərin ölkə tarixi və mədəniyyəti üçün önəmini açıqlamağa çalışıb. AMEA Füzuli adına Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli «İz»in suallarına cavab verir.

- Fərid bəy, Vatikan Məxfi Arxivindən tapılan sənədlər çox böyük maraq doğurdu. Bunu gözləyirdinizmi?

- Sözün düzü, yox. Amma iş orasındadır ki, əldə olunan nəticələr bizim özümüz üçün də gözlənilməz oldu. Reaksiya da təbii idi. Biz özümüz orada Azərbaycana aid materiallar tapacağımızı gözləmirdik. Xoşbəxtlikdən, biz həmin materialları tapdıq və bu, sensasion bir xəbər oldu...

- Elə isə, keçək əsas məsələyə. Vatikana nə məqsədlə getmişdiniz? Sənədlərin varlığından xəbərdardınızmı? Yoxsa hər şey təsadüfi oldu?

- Təsadüfi deyildi. Vatikanla Azərbaycan arasında xüsusi razılıq əldə edilib. Həmin razılığa əsasən Azərbaycan alimləri Vatikanın məxfi arxivlərində işləyə bilər. Bu imkan birinci dəfədir ki, bizim əlimizə düşüb. Ona qədər heç bir alimimiz Vatikanın Məxfi Arxivlərində çalışmayıb.

IX ƏSRDƏN BU YANA SƏNƏDLƏR VAR

- Vatikanın Məxfi Arxivləri deyəndə, nə başa düşülür?

- Müqəddəs Roma Kilsəsinin- katolik kilsəsinin fəaliyyəti dövründə toplanan müxtəlif sənədlərdir. Orada on minlərlə fərmanlar, məktublar, cürbəcür sənədlər var. IX əsrdən bu yana, ta bugünümüzədək yığılan arxivdir. Amma orada VIII əsrə aid də bir neçə sənəd var. Müqəddəs Katolik Kilsəsi vaxtilə çox böyük nüfuza malik olub. Elə indi də, onun nüfuzu genişdir. Müsəlman dünyasında ərəb xəlifələri xilafəti idarə edən kimi, orta əsrlərdə də Avropanı Roma Papaları idarə edirdi. Onlar təkcə dinlə yox, siyasətlə də məşğul olurdular. Avropanın Şərq ölkələri ilə olan ilişgilərində elə bir məsələ yox idi ki, Vatikan kilsəsi buna müdaxilə etməsin. Ona görə də, bu sənədlər toplanırdı. Burada diplomatik yazışmalar da var. Orta əsrlərdən, X1 əsrdən başlayaraq Azərbaycan hökmdarları- Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu dövlətləri, İlxanilər, Səfəvilər, Əfşarlar və Qacarların Roma Papası ilə intensiv əlaqələri, yazışmaları olub. Demək olar ki, hər həftə bir-birinə məktub yazırdılar.

PAPADAN MƏKTUB VAR...

- Nə danışırsınız? Yəni doğrudan hər həftə yazışırlarmış?

- Hər həftə, hər həftə! Həftə olmayanda da, iki həftədən bir yüz faiz! (Gülüşmə) Məktubların hamısı qorunub. Onların arasında müttəfiqlik olub. Bir tərəfdən Venesiya Respublikası, o biri tərəfdən Papa, o biri tərəfdən də Azərbaycan Səfəviləri, xüsusən də Osmanlı dövrlərindəki müharibələr zamanı. Bu məktubların böyük çoxluğu bizim alimlərə bəlli olmayıb. Pərakəndə məktublar- Avropa alimləri tərəfindən öyrənilib nəşr edilənlərdən bizimkilər istifadə ediblər, amma böyük əksəriyyətindən- tərcümə olunmayan və nəşr edilməyəndən xəbərsiz olublar. Çünki ora birbaşa çıxa bilməyiblər, işləyə bilməyiblər.

ALBAN KİLSƏSİ TAM MÜSTƏQİLMİŞ!

- Bəs arxivdə başqa kilsələrin sənədləri yoxdur?

- Vatikan Arxivində başqa kilsələrin də məxfi sənədləri var. Bilirik ki, Azərbaycan ərazisində İslamdan əvvəl Alban dövləti olub, Alban kilsəsi fəaliyyət göstərib. İndi ermənilər deyirlər ki, alban kilsəsi ermənilərin təsiri altında olub, albanlar ümumiyyətlə olmayıblar. Sadəcə, albanlar ermənilərin içində bir qrup olub. Amma bu sənədlərdən məlum olur ki, alban kilsəsi tam müstəqilmiş! Özü də qriqorianlardan fərqli olaraq, ortodoks kilsəsi olub. Ərəblər Alban kilsəsini VII əsrdə yox etdilər, onu ermənilərə tabe etdirdilər, çünki ermənilərə daha çox etibar edirdilər. XIX əsrin ortalarına qədər bu kilsənin qalıqları yaşadı, sonra ruslar onu ləğv etdilər və tamamilə Eçmiadzinə bağladılar.

ORTA ƏSRDƏ BAZARDA QİYMƏTLƏR NECƏ OLUB?

- Yayılan xəbərdə Vatikan kilsəsinin Azərbaycanda apardığı dini fəaliyyət və təbliğatla bağlı sənədlərin olduğu deyilir. Həmin fəaliyyət və təbliğat nədən ibarət olub?

- Elədir. Arxivdə IX əsrdən bu yana Azərbaycanda olan missionerlərin hesabatları var. Onların çoxusu Azərbaycana kəşfiyyat məqsədi ilə göndərilib. Ona görə də, Azərbaycanda nə var-nə yox—hansı abidələr var, şəhərlərin əhalisi nə qədərdir, harada hansı etnik qruplar yaşayır, təsərrüfatı necədir, yollar haradan keçir, bazarda qiymətlər necədir, hökmdarların titulları nədir, hansı ərazilər kimə tabedir və s. bütün təfərrüatı ilə təsvir edilib. Məsələn, Şamaxıda vaxtilə olmuş və sonralar dağıdılmış xanəgahlar barədə də məlumatlar əldə edirik. Yazırlar ki, biz xanəgahın içinə girdik, orada pilləkən vardı, pilləkəndə 43 pillə vardı, hər pillənin uzunluğu bu qədərdi, pəncərənin üstündə bir şəbəkə vardı, divarda filan yazı vardı, tavanın uzunluğu bu qədərdi, oradan çay axır, çayın uzunluğu bu qədər, dərinliyi bu qədər...(Gülüşmə) Avropalılara xas dəqiqliklə yanaşı, onlar təlimatla işləyirdilər. O təlimat əsasında Vatikan Kilsəsi fəaliyyət planını dəqiqləşdirirdi. Amma indi biz o yazılanlar əsasında Azərbaycan haqqında qiymətli məlumatlar öyrənirik. Bu təsvirlər heç bir mənbədə yoxdur! Çünki adi tarixçilər və coğrafiyaşünaslar ölkəni belə dəqiqliklə təsvir etmirdilər. Missionerlər isə peşəkarcasına- kəşfiyyatçı kimi hər şeyi qeydə alırdılar. O hesabatlarda hansı ərazidə hansı etniklərin yaşadığı da göstərilib. Məsələn, ermənilər həmişə yazırlar ki, biz orta əsrlərdə Şamaxı ətrafında yaşamışıq. Amma orta əsr salnaməçiləri əksini yazırlar. Yazırlar ki, orada yaşayan xristian əhali erməni deyil, qriqorian dinini qəbul etmiş farslardır. Öz aralarında da fars dilində danışırlar. Doğrudan da orada farsdilli əhali hələ də var. Orta əsrlərdə üç qrupa bölünürdülər. Bir hissəsi islamı qəbul edib- onlara müsəlman tatlar deyirlər. Bir hissəsi yəhudi dininə keçib- onlara dağ yəhudiləri deyirlər. Bir hissəsi isə xristian dinini- qriqorianı qəbul edib- onlara da erməni deyirdilər. Əslində isə, onların erməni kökü olmayıb, irandilli qrup olub.

Fərid Ələkbərli

QOVLUQLAR ADAM BOYDADIR

- Fərid bəy, arxivdə işləmək asandırmı?

- Arxivdə sənədlər həddindən artıq çoxdur. Ancaq bir çətinlik var. Mərkəzi kataloq yoxdur. Düzdür, ayrı-ayrı mövzuları əhatə edən kataloqlar var. Onlar da orada olan sənədlərin təxminən 7 faizini əhatə edir. 93 faiz əhatə olunmayıb. Arxivlər məxfi olduğundan, keşişlər hamının istifadə edəcəyi rahat kataloq hazırlamaqda özləri də maraqlı deyiıldi. Öz sənədlərinin yerini isə əla bilirlər. Bir də, son 75 ildən bu yana yazılan sənədlər hələ də məxfidir. Orada elə böyük qovluqlar var ki, lap insan boydadır... Onu yerindən tərpətmək üçün 2-3 nəfərin köməyi gərəkdir. Onların içində hansı Papanın dövrün də hansı məktublar yazılıb, hara göndərilib- hamısı var, amma əlifba sırası ilə deyil. Bu toplular minlərcədir. Bir-bir o qovluqlarla işləməli oldum. Orada Azərbaycan hökmdarlarının 85 məktubunu aşkar etdim. İnşallah, o məktublar Azərbaycana göndəriləcək.

SƏFƏVİLƏR NİYƏ OSMANLILARA QARŞI VURUŞURDU?

- Məktublarda nə yazılırdı? Heç olmasa, birini bizə açıqlaya bilərsinizmi?

- Onların arasında strateji-siyasi danışıqlar gedirdi. Bu, tariximizi öyrənənlər üçün çox vacibdir. Onlar Osmanlı türklərinə qarşı müttəfiq olublar. Osmanlı dövlətindən çox böyük qorxu var idi. Roma Papaları Şərqdən kömək gözləyirdi. Orada möhtəşəm qüvvələr var idi. Monqol imperiyası güclü idi. Elə Səfəvilər dövləti də, Ağqoyunlular və Qaraqoyunlular da. Onlardan istifadə etməyə çalışırdılar. Planlar cızırdılar. İndi çoxları Azərbaycan hökmdarları ilə Osmanlıları qınayır. Niyə bir-biri ilə vuruşublar- deyə... Və bu məqsədlə niyə dinayrı katoliklərlə ittifaqa giriblər- deyə. Amma o dövrdə milli anlayış indiki səviyyədə deyildi. Əsas sülalə götürülürdü. Deyirlər ki, niyə türklər-türklərə qarşı vuruşurdular? İş orasındadır ki, o dövrdə türklərdən başqa hakimiyyət yox idi... Osmanlı türklər idi, Səfəvilər həmçinin, Misirdə türk dinastiyası var idi, Orta Asiyada Şeybanilər də türklər idi. Başqa millət olmadığı üçün bir-biriylə vuruşurdular...

- Belə çıxır, oradakı arxivlər hamısı məxfidir?

- Yox. Orada Vatikan Apostol kitabxanası var, Məxfi Arxivdən fərqli olaraq, orada daha çox qədim kitablar- əlyazmalar saxlanılır. Orada Azərbaycan müəlliflərinin əlyazma kitablarını tapdım...

60 ƏLYAZMA- KİTAB TAPDIM

- Kim var, nə var?

- Nizami, Marağayi, Füzuli, Nəsimi, Dədə Qorqud... Orta əsr müəlliflərinin 60 əsərini tapdım! Onların doqquzu Azərbaycanda heç məlum deyil. Adları hansı millətə mənsubluğunu deyir. Məsələn, Şirvanilərdir, Zəncanilərdir, Ərdəbililərdir, İrəvanilərdir, Naxçıvanilərdir. İndi onların surətləri ölkəyə gətiriləndən sonra üzərində araşdırmalar aparılacaq. Və bizim mədəniyyət və elm tariximizə yeni adlar yazılmağa başlayacaq. Bu da, çox mühümdür. Çünki millətin tarixi təkcə siyasi tarixdən ibarət deyil. Ona başucalığı gətirən həm də, mədəniyyət tarixidir, elm tarixidir.

Vatikan

- Fərid bəy, Vatikana tək getmişdiniz?

- Bəli. Bu, ilk «kəşfiyyat» oldu. Bir ay ərzində harda, necə işləmək lazım olduğunu dəqiqləşdirdim. Sizə deyim ki, orada illərlə işləmək lazım gələcək. Təkcə Apostol kitabxanasında 1 milyondan çox əsər var. IV-V əsrlərdən başlanıb toplanmağa. Əvvəllər Romada-Sent-Ancelo qəsrində saxlanılırdı. Sonra onu Vatikanın içinə- XVI əsrdə tikilmiş binaya yerləşdirdilər. Bir tərəfdə Məxfi Arxivlər, o biri tərəfdə isə kitabxanadır.

VATİKANDA NƏ VAR-NƏ YOX?

- Lütfən, Vatikan Məxfi Arxivi barədə bir az geniş bilgi verin bizə. Qoy dinləyicilərimiz də eşitsin. Nə boydadır bu Arxiv, nə həcmdədir?

- Apostol kitabxanası Məxfi Arxivlərdən böyükdür. Amma Məxfi Arxivlər də kiçik deyil... Orada olan rəfləri bir-birinin yanına düzsək, 85 km məsafə alınar (Gülüşmə). Özləri ölçüb hesablayıblar...Vatikan müstəqil dövlətdir. Orada işləmək üçün xüsusi razılıq lazımdır. Bu razılıq əvvəlcədən alınmışdı. Yoxsa, işləmək bir yana, Vatikanın ərazisinə girmək çox çətindir. İtalyanların özlərini də ora buraxmırlar. Dünyada bir milyard yarım katolik var, hamısı da Papanı görmək istəyir. Ora da balaca bir yerdir, 1200 nəfər işləyir. Ancaq hər şey çox yüksək səviyyədə təşkil olunub. İşləmək üçün kompüterlər var. Arxivlər də tam məxfi deyillər. XIX əsrin ortalarında Papalar arxivləri Avropa alimlərinə açdılar. Amma məhdudiyyət vardı. Hər adamı buraxmırdılar. Orada işləyən alimlər, tapdıqları sənəd barədə yaza bilirdilər. İndi görürsünüz ki, başqa ölkələrə də bu imkan yaradılır. Dediyim kimi, orada oturub illərlə işləmək lazımdır. Əlyazma kitabı oxumaq isə çox çətindir. Dili də orta əsr dilidir...

FƏRİD BƏY NEÇƏ DİL BİLİR?

- Mütəxəssisləriniz varmı?

- Var. Mən özüm farsı, ərəbi, türkü bilirəm. Bu mütəxəssislər Universitein Şərqşünaslıq fakültəsində hazırlanır. Amma elə dillər var ki, o sahə üzrə Azərbaycanda mütəxəssis yoxdur. Məsələn, mən müəyyən qədər latın dilini bilirəm. Oxuyub tərcümə edirəm. İtalyan dilini də bilirəm. Amma Arxivdə elə sənədlər var ki, məsələn, qədim fransız dilindədir. Nə qədər axtarıblar, Azərbaycanda qədim fransız dilini bilən adam tapmayıblar. Çünki o dili bilən burada neyləyəcəkdi ki? Axı, o yöndə tədqiqatlar aparılmır. Sonra, ölü dillər var—məsələn, Akkat dilində sənədlər var- perqamentdə və s. Azərbaycan haqqında məlumatlar var. Qədim yunan yazılarında həmçinin ölkəmiz barədə bilgilər yer alıb. Bizdə isə qədim yunan dilində mütəxəssis hazırlanmır. İndi plan var ki, bu dillər üzrə xaricdə mütəxəssis hazırlansın. Bəzən elmi mübahisələr düşür, məsələn, qonşularımız ərazilərimizə göz dikiblər və sübut etməyə çalışırlar ki, ora bizim torpaqlar olub. Halbuki qədim yunan və ondan da əvvəl qədim Akkat, Assur və başqa mənbələrdə buralarda kimlərin yaşaması barədə kifayət qədər məlumat verilir. Sadəcə, onu oxuyan mütəxəssislər lazımdır. Və mən inanıram ki, gələcəkdə onları hazırlayacaqlar. Çünki strateji cəhətdən millətin öz mütəxəssislərinin olması gərəkdir.

- Vatikana növbəti səfər nə vaxt baş tutacaq?

- Onu deyə bilmərəm. Bəzi məsələlər həll olunmalıdır. Orada illərlə işləmək lazımdır.

- Yolunuz açıq olsun!
XS
SM
MD
LG