Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:20

Avropa Birliyi: “Demokratik olmayan yardımsız qala bilər”


Ashton və Fuele yeni yanaşmanı elan edirlər
Ashton və Fuele yeni yanaşmanı elan edirlər


Avropa Birliyi “Ərəb Baharı”na reaksiya göstərərək cənubdakı və şərqdəki “qonşu”larına əlavə 1,2 milyard avro kömək ayırır. Ancaq yeni şərt qoyur: qonşunun alacağı kömək onun apardığı demokratik islahatdan asılı olacaq.

Bu, Avropa Qonşuluq Siyasətində (AQS) mühüm yenilikdir və bununla da Avropa Birliyi öz Qonşuluq Siyasətinə yenidən baxmış olur.

Tunisdəki, Misirdəki inqilablardan sonra Avropa Birliyinin ünvanına da tənqidlər səslənirdi ki, Avropa-Aralıq Dənizi tərəfdaşlığı çərçivəsində Avropa Birliyi 15 il ərəb ölkələrinə milyardlarla yardım verib. Halbuki bu ölkələrdə demokratiya geriləyirdi.

İndi Avropa Birliyi elan edir ki, “islahat olmasa, Birlik yardıma yenidən baxa bilər və ya yardımı kəsə bilər”.
Bu da yenilikdir.

Başqa yenilik odur ki, Birlik "Avropa Demokratiyaya Yardım Fondu" yaradır ki, bu da hər bir qonşu ölkədə demokratiya uğrunda mübarizə aparanlara kömək üçündür.

Həmçinin Avropa Birliyi qonşularındakı münaqişələrin həll olunmasına, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə daha çox cəlb olunmaq fikrindədir.

Avropa Birliyinin Qonşuluq Siyasəti Azərbaycan da daxil, Yaxın Şərqin, Şimali Afrikanın və keçmiş SSRİ-nin 15 ölkəsini və Fələstin ərazisini əhatə edir.

Avropa Birliyi bu yerlərə yardıma 2011-2013-cü illər üçün 5,7 milyard avro ayırmışdı. İndi bu yardım faktiki 7 milyard avroya çatdırılır.

İndiyə kimi Avropa Birliyinin yardıma ayırdığı pulun 3-də birini Şərq qonşuları, 3-də 2-sini Cənub qonşuları alırdı.
Ancaq bundan sonra belə olmayacaq. Birliyin genişlənmə komissarı Fuele deyib:
“Əgər biz cox iş görənə daha çox yardım vermək prinsipində ciddiyiksə, islahat aparana daha çox kömək verəcəyik. Bizim bələdçimiz cografiya olmayacaq”.
Bu da yenilikdir.

“DƏYİŞƏN QONŞULUĞA YENİ REAKSİYA”

Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Astonun və genişlənmə komissarı Stefan Fuelenin təqdim etdiyi “Dəyişən qonşuluğa yeni reaksiya” adlı sənəddə deyilir ki, “Ərəb Baharı” , eləcə də Moldova, Ukrayna, Mərakeş, İordaniya kimi ölkələrdəki tərəqqi Avropa Birliyindən “tarixi sınaqlara cavab vermək səviyyəsinə qalxmağı tələb edir”.

Ancaq Avropa Birliyinin yeni dəstəyi şərtlə olacaq:
“dəstək demokratiyanın qurulmasındakı və möhkəmlənməsindəki tərəqqidən və qanuna hörmətdən asılı olacaq”.

“Daxildə islahatlarda daha çox tərəqqi edən ölkə Avropa Birliyindən daha çox yardım alacaq”.

Birliyin yardımı isə müxtəlif formalarda ola bilər: “inkişaf layihələrinə birbaşa kömək” və ya ticarət güzəştləri, məsələn, “Avropa bazarlarına çıxışa kömək” və ya “Avropa İnvestisiya Bankından kredit” və s.

Avropa Birliyinin yeni siyasətinin məqsədi sənəddə deyildiyi kimi köklü demokratiya qurulmasına nail olmaqdır.

Sənəddə köklü, “dərin demokratiya” belə izah olunur: dərin demokratiya odur ki, səs vermək hüququ ilə yanaşı insanların sərbəst danışmaq hüququ olsun, siyasi partiyalar rəqabət apara bilsinlər, müstəqil hakimlər tərəfsiz qərarlar versin, insanların cavabdeh polisdən və ordudan təhlükəsizliyi olsun,
xidmətlər rüşvətsiz olsun.

AVROPA BİRLİYİ AZƏRBAYCANDAKI VƏZİYYƏTİ NECƏ QİYMƏTLƏNDİRİR?

Avropa Birliyi 16 qonşusundan 12 –si haqda hesabat da yayıb.

Azərbaycan haqda deyilir ki, makro-iqtisadi sabitlikdə, enerji əməkdaşlığında tərəqqi var, ancaq “demokratiyaya hörmət qoyulmasında və insan haqlarının, fundamental azadlıqların qorunmasında əhəmiyyətli tərəqqi olmayıb.
2011-ci ilin ilk aylarında gənc fəalların tutulması artıb.
Siyasi dialoqda və islahatlar sahəsində, o cümlədən, seçki prosesində və müstəqil ədliyyədə yeni cəhdlərə ehtiyac var”.

“2010-cu ilin 7 noyabr seçkiləri demokratik inkişafda əhəmiyyətli tərəqqi kimi qiymətləndirilmədi. Beynəlxalq müşahidəçilər seçkiyə hazırlıqda və keçirilməsində bir sıra çatışmazlıqları qeyd etdilər.”

“Söz azadlığı, media azadlığı, toplaşma azadlığı sahələrində heş bir tərəqqi olmayıb”.

AVRO BİRLİYİNİN 16 QONŞUSU KİMDİR?


Keçmiş SSRİ məkanından - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Belarus.

Yaxın Şərq regionundan- Mərakeş, Livan, İordaniya, İsrail, Misir, Tunis, Əlcəzair, Suriya, Liviya, Fələstin ərazisi.

YENİ FƏSİL AÇILIR

Beynəlxalq Böhran Qrupundan Alain Delotroz Frans Press Agentliyinə deyib ki, Avropa Birliyi “qonşu”larla münasibətdə yeni fəsil açır.

Avropa Parlamentinin sədri Jerzy Buzek Avropa Birliyinin yeni yanaşmasını alqışlayıb. O deyib ki, insan haqlarının, ümumi dəyərlərin qorunmasında Avropa Birliyinin xüsusi rolu var.

Buzek Qonşuluq Siyasətinə daxil olan ölkələr haqda isə deyib ki, onlar yeni yanaşmanı güclü şəkildə dəstəkləməli və həyata keçirməlidirlər. Buzekin fikrincə, bu yanaşma hər bir ölkənin vətəndaş cəmiyyətində müzakirə mövzusu olmalıdır.

Avropa Komissiyasının sədri Jose Manuel Barroso isə
deyir ki, yardıma ayrılan 7 milyard avro “bizim demokratik islahatlara nə qədər sadiq olduğumuzu göstərir”.

“Biz hamımız eyni gələcəyi bölüşürük. Biz demokratiyanı, tərəqqini dəstəkləməklə, biz sabitliyi bərqərar edirik, qeyri-sabitlikdən yayınmış oluruq”.
XS
SM
MD
LG