Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:18

Belarusda hökumət əleyhinə aksiya keçirilib


Minskdə etirazçıları döyür və həbs edirlər
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00
Direct-ə keçid
ETİRAZÇILAR ƏL ÇALIBLAR

Belarus polisi bazar günü bütün ölkə boyu hökumət əleyhinə keçirilən etiraz aksiyalarını amansızcasına dağıdıb. Polis gözyaşardıcı qazdan istifadə edib, onlarla etirazçı həbs edilib.

Etirazçılar Minskdə və başqa şəhərlərdə avtoritar prezident Aleksandr Lukashenkoya qarşı əl çalmaqla etirazlarını bildiriblər. Müxalifət fəalları sosial şəbəkə vasitəsi ilə tərəfdarlarını müstəqillik gününü özlərinə məxsus dinc əl çalmaqla qeyd etməyə çağırmışdılar. Belarus ötən bazar günü 1944-cü il iyulun 3-də faşist işğalından azad olunması qeyd edib.

AzadlıqRadiosunun müxbiri Halina Abakunchjuk Minskin dəmiryol stansiyasının ətrafındakı etiraz aksiyasının şahidi olub. O deyir ki, aksiya yerinə qısa müddətdə çoxlu polis gəlib. Nümayişçilərlə əlbəyaxa olublar, onlarla etirazçını saxlayıblar. Abakunchjuk polis zorakılığının tayı-bərabəri olmadığını bildirib:

«Mən Minskdə çoxlu nümayişlər izləmişəm. Beləsini görməmişdim. Küçələrdə adamları tutub yaxınlıqdakı polis avtobuslarına doldururdular. Əllərinə kim keçdi tuturdular, jurnalistləri də tuturdular. Qarşılarındakının kim olduğuna baxmayaraq hamını döyürdülər».

Aksiya
POLİS JURNALİSTLƏRİ DƏ SAXLAYIB

Etirazçılar arasında gənclərlə yanaşı yaşlı adamlar, uşaqlı qadınlar da olub. «Vesna» adlı müxalifətçi qrupun məlumatına görə, aksiyada 100 nəfər saxlanılıb.

Saxlananlar arasında AzadlıqRadiosunun iki müxbiri də var. Həbs olunanların çoxu kimi onlardan biri də asayişin pozulmasında iştirakda günahlandırılıb, bu gün məhkəməyə çıxarılacaq.

Əl çalmaqla müşayiət olunan etiraz aksiyası günün birinci yarısı Lukashenkonın müstəqillik günü ilə bağlı çıxışı zamanı da təşkil olunub. Həmin aksiya da yatırılıb və etirazçılar həbs olunub. Aksiyanın qarşısını almaq üçün hakimiyyət orqanları sosial şəbəkə saytlarını 1 saatlığına bağlayıb. AzadlıqRadiosunun Belarus xidmətinin saytı da haker hücumu nəticəsində bir neçə saatlığına fəaliyyət göstərə bilməyib. Bu hücumdan radionun digər saytları da ziyan çəkib.

«SABİTLİYİ POZMAQ...»

Belarus prezidenti Lukaşenko
Dekabrda keçirilən prezident seçkilərindən sonra müxalifətə divan tutan Lukashenko beynəlxalq təzyiqlərə məruz qalır. Müstəqillik Günü ilə bağlı keçirilən dünənki hərbi paraddakı çıxışında Lukashenko deyib ki, son etiraz aksiyaları onu devirmək üçün xaricdə hazırlanmış planın tərkib hissəsidir:

«Bəzi qüvvələr müəyyən ölkələrin paytaxtlarında həyata keçirdikləri rəngli inqilabları burda da həyata keçirməyə çalışırlar. Biz başa düşürük ki, onların məqsədi cəmiyyətdə qeyri-müəyyənlik və zorakılıq toxumu səpmək, sabitliyi pozmaq, son nəticədə bizi diz çökdürüb müstəqillik dövründə əldə etdiklərimizi heçə endirməkdir. Ancaq bu baş tutmayacaq».

Dekabrda Belarusda keçirilmiş prezident seçkilərindən sonra ölkədə çoxlu sayda müxalifətçi həbs olunub. Həbs olunanlar arasında seçkilərdə Lukashenkonın rəqibi olmuş Andrei Sannikov da var. O 5 il azadlıqdan məhrum edilib.

Dekabr seçkilərindən sonra Belarusda narazılıqlar daha da artıb. Ölkədə maliyyə böhranı da yaranıb.

Etiraz aksiyasından görüntülər:






XS
SM
MD
LG