Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:14

Azərbaycanda hər 100 nəfərə 105 mobil telefon düşür


Arxiv foto
Arxiv foto
Bu ilin ilk altı ayı ərzində Azərbaycanda İKT gəlirləri 15% artıb ki, bu da ümumdünya orta göstəricisindən təxminən 2 dəfə çoxdur.

Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində iyulun 16-da keçirilən kollegiya iclasında nazir Əli Abbasov bildirib.

Nazir 2011-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasda qeyd edib ki, artım tendensiyası 6-7 ildir ki, davam edir:

«Yəni Azərbaycanın İKT sektoru hər 3 ildən bir 2 dəfə genişlənir».

Ə.Abbasov deyib ki, bu ilin ilk 6 ayı ərzində Azərbaycanda stasionar telefon sisteminin elektronlaşması başa çatıb, mobil telefon sektorunda xidmətlər genişlənib:

«Hazırda Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon aparatı düşür».

Nazir həmçinin, qeyd edib ki, hesabat dövründə mobil sektorda xidmətlər 30%, həmçinin rouminq xidməti istiqamətlər üzrə 20-30% ucuzlaşıb.

Əli Abbasov

NAZİR: «YAXIN VAXTLARDA «BAKCELL» VƏ «AZERCELL» 3G LİSENZİYASI ALA BİLƏRLƏR»

Yaxın vaxtlarda Azərbaycanın «Bakcell» və «Azercell» mobil operatorlarına 3G xidmətləri üzrə lisenziya verilə bilər.

Nazir Əli Abbasovun sözlərinə görə, bu operatorlara lisenziyaların verilməsi prosesi son mərhələdədir və operatorlar yalnız bəzi mühüm olmayan texniki məsələləri həll etməlidirlər:

«Lisenziya bu operatorlara artıq yaxın günlərdə, son halda bir həftəyə verilə bilər».

Hazırda Azərbaycanda yalnız «Azerfon» şirkəti 3G xidməti göstərir.

3G «üçüncü nəsil» şəbəkələri 2 GHz tezliyində işləyir və məlumatları 2 Mbit/s sürəti ilə ötürür. 3G şəbəkələri videotelefon əlaqələri təşkil etməyə, mobil telefonda filmlərə, teleproqramlara və s. baxmağa imkan yaradır. /apa/
XS
SM
MD
LG