Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 01:55

İrana nikahsız ərə getməyin fəsadları


Foto: Arxiv - Tehranda toy mərasimi
«Qonşum olan bir qadınla İrana getdim. İranda bir evdə olduq. Evin sahibi ilə tanış oldum. O, mənə evlənməyi təklif etdi. Məndən xoşu gəldiyini dedi. Evə döndüm. Üç gündən sonra mənə zəng edib bildirdi ki, elçiliyə gəlmək istəyirlər».

Bu sözləri Astara şəhərini şərti olaraq Leyla adlandırdığımız bir sakini deyir. O, AzadlıqRadiosuna müraciət edən artıq 5-ci qadındır ki, İran İslam Respublikasının vətəndaşına ərə gedərək bir müddət sonra boşanıb geri qayıdıb.

Leyla deyir ki, bu söhbətdən sonra anası və qardaşlarının razılığı əsasında həmin İran vətəndaşı Tərtərdən olan iki dostu ilə onlara elçiliyə gəlir. Beləliklə, onun İran vətəndaşı ilə evlənməsinə razılıq verirlər. Razılıqdan sonra İran vətəndaşı tələb edir ki, mərasim qısa müddətdə başa çatsın və qızı da özü ilə İrana aparsın:

«Bakıya getdik. Məni İrana aparmaq üçün sənədlər düzəldirdi. İki ay burada qaldıq».

Leylanın deməsinə görə, İrana, ər evinə gələndən sonra müsibətli günləri başlayır. O qeyd edir ki, hər 15 gündən bir Azərbaycana qayıdıb pasportunda qeydiyyat aparmalı olub. Bununla da məlum olub ki, onun evlənməsi ilə əlaqədar heç bir sənədləşmə getməyib:

«ƏRİM İLK GÜNDƏN MƏNİ DÖYMƏYƏ BAŞLADI»

«İrana qayıdanda başımı bağlayırdım, rüpüş geyirdim. Bunsuz İranda bir addım atmaq olmaz. İranda ər evində cəmi 7 ay qala bildim. Ərim ilk gündən məni döyməyə başladı. Təhqir edirdi, söyüş söyürdü, işgəncə verirdi... Dözə bilmirdim. Məni heç yerə buraxmırdı. Evdə işləyirdim, evdə təmizlik işlərini görürdüm, oğlunu saxlayırdım. Başa düşdüm ki, belə getsə, məni burda öldürəcək. Şikayət etmək üçün yer tapa bilmirdim. Qeydiyyatda olmadığıma görə heç yerə şikayət edə bilmirdim. Anam bizə gələndə, gizli şəkildə dərdimi ona dedim. Məndən tələb edirdi ki, fars dilini öyrənim. Mən ona deyirdim ki, bunun üçün vaxt lazımdır. İranda ərdə olan bizimkilərdən yaxşı yaşayanı da var, pis yaşayanı da. Mən onların heç birisinə oxşamadım.
Astara rayonu
Qızlarımıza demək istəyirəm ki, əcnəbilərə ərə gedənlər ehtiyatlı olsunlar, onların şirin sözlərinə inanmasınlar. Orda qızlarımıza zülm edirlər, onlara nökər kimi baxırlar».

Leylanın anası deyir ki, İrandan elçi gələndə, buna sevinib. Leyla bir dəfə ərə getmişdi, əri narkoman olduğu üçün ondan boşanmışdı. Ananın bildirdiyinə görə, təkcə Astara rayonundan 100-dən çox qız İranda ərdədir:

«BAŞQALARININ SÖZLƏRİNƏ BAXDIM»

«Gələn İranlı da dedi ki, qızı əl içində saxlayaram. Məscidlərdə namaz qılıram. Gördüm, bu kişi də subaydır, razılaşdım. Lənkəranda bir nəfər kəbini kəsdi. Kəbin kağızına həm qızımın, həm də oğlanın şəkilini yapışdırdılar. Başqalarının sözlərinə baxdım. Bizim qızlarımız şirin vədlərə aldanırlar. Dedim nikah edək. Dedi öz ölkəmdə edərəm. Astaradan olan Əsli Ağayeva adlı qadın məni aldatdı. Astara və Lənkərandan İrana gedən qadınlar onun evində qalırlar».

«BİLİRDİ Kİ, ŞİKAYƏT ETMƏYƏCƏYƏM»

Leyla deyir ki, İranda kişilər arvadlarını boşaya bilmirlər. Arvadın razılığı olmadan bu mümkün deyil:

«Buna görə də mənə zülm edirdi. Bilirdi ki, şikayət etməyəcəyəm».

Vəkil Novruz Hacızadə də bu məsələdə əsas problemi rəsmi nikahın bağlanmamasında görür:

«Şəriət qanunu ilə kəbin kəsənlər elə bilməsinlər ki, bununla iş bitir. Bizdə din dövlətdən ayrıdır. Nə dövlət dinin işinə, nə də din dövlətin işinə qarışa bilməz. Evlənənlər mütləq kəbin kəsirlər. Vətəndaş bilməlidir ki ,kəbinlə yanaşı, ona nikah da lazımdır. Bu, gələcəkdə onun hüquqlarını müdafiə etməyə kömək edəcək».

Mirsahib Mirhəmzə
Vəkil deyir ki, Leylanın işini müdafiə etmək çətindir. Çünki rəsmi nikahı yoxdur. Lakin vəkil hesab edir ki, işgəncə faktı varsa, onu araşdırmaq olar. Bu iki ölkə arasında olan bir məsələdir.

«BURADA DİNİ QAYDALARA ƏMƏL OLUNMAYIB»

Ruhani Kərbəlayı Mirsahib Mirhəmzə oğlu isə deyir ki, hər kəsin kəbin kəsməyə ixtiyarı yoxdur. Kəbin kəsən adam buna görə məsuliyyət daşıyır. Onun fikrincə, molla kəbini nikahdan sonra bağlasa yaxşıdır. Ruhani düşünür ki, əcnəbilərə ərə gedənləri Bakı Nikah Evi rəsmiləşdirirsə, kəbini də Qafqaz Müsəlmanları İdarəsi bağlamalıdır:

«Müsəlman kişinin müsəlman qadını ilə ailə qurmasında heç bir maneə yoxdur. Burada sərhədlər də əhəmiyyət daşımır. Əsas odur ki, nikah bağlayarkən İslamda nəzərdə tutulan bütün qaydalara əməl edilsin. Onu deyə bilərəm ki, burada dini qaydalara əməl olunmayıb».

«Ailə tədqiqatı» Mərkəzinin rəhbəri Rəsmiyyə Axundova isə deyir ki, İran tamamilə fərqli bir ölkədir. Həm ölkənin özü, həm də qadınları qapalı həyat yaşayırlar. İran vətəndaşlarına ərə gedənlər həm el qaydalarına, həm də qanunlara əməl etməlidirlər. Rəsmiyyə Axundova deyir ki, bəzi hallarda ailələr bunu kasıbçılığın daşını atmaqda ən şanslı hal hesab edirlər. Onun deməsinə görə, İran vətəndaşı ilə ailə qurub xoşbəxt olanlar da var. Lakin bu xoşbəxtlərin sayı azdır.
XS
SM
MD
LG