Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:40

Fuad Qəhrəmanlının qızı: «Atamı sadəcə iki il görməyəcəm»


Fuad Qəhrəmanlı ailəsi ilə birlikdə
Fuad Qəhrəmanlı ailəsi ilə birlikdə
«Ata-anamın danışmasından bilirdim ki, atam tutulacaq. Düşünürəm ki, nə olur-olmaz atam yenə geri qayıdacaq, çalışıram ki, anama dəstək olum. Mən şanslıyam, bəzi uşaqlar var ki, heç atalarını görməyiblər, mən şükür edirəm ki, atamı sadəcə 2 il görməyəcəm».

Fuad Qəhrəmanlı hazırda azadlıqda olsa da, ailəsində hamı – sonbeşikləri 7 yaşlı Sənay da düşünür ki, yaxın günlərdə atası ilə sağollaşmalı olacaq və bir müddət onu yalnız dəmir barmaqlıqlar arxasından görəcək.

«ATA, SƏN NİYƏ TUTULMAMISAN?»

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı İctimai Palatanın 2 aprel aksiyasından sonra həbs olunan 14 müxalifətçidən biridir. Digərləri bu müddət ərzində ailələrindən uzaqda – həbsdə olsalar da bircə Fuad Qəhrəmanlı istintaqın və məhkəmənin keçirildiyi 5 aydan da çox vaxtı yaxınlarının yanında keçirib. Fuad Qəhrəmanlı haqqında həbs qərarı polis nəzarəti ilə əvəzlənib. Sentyabrın 26-da Səbayıl rayon Məhkəməsində prokuror digər 3 müxalifətçi ilə birlikdə ona da hakimdən cəza istəyib – 2 il 6 ay. İndi bütün ailə hazırlaşır ki, Fuad Qəhrəmanlı azı növbəti iki ilini həbsdə keçirəcək. Fuad bəy deyir ki, bu hal onlar üçün nə yenidir, nə də təəccüblü:

«Dəfələrlə olub ki, polis məni övladlarımın, xanımımın gözü qarşısında evdən tutub aparıb. Bizim ailə bu məsələlərə öyrəncəlidir. Övladlarım bizim hansı işlə məşğul olduğumuzu bilirlər. Hətta kiçik qızım Sənay məndən soruşur ki, ata, digərləri tutulub, sən niyə tutulmamısan? Yəni uşaqlarım da, xanımım da bu yolun çətinliklərini qəbul edirlər. Biz başa düşürük ki, bu yolu getmək üçün bir adamın fədakarlığı yetərli deyil, həm də ailə həmrəy olmalıdır. Mən şanslıyam ki, ailəmdə seçdiyim yolla bağlı həmrəylik var».

Fuad Qəhrəmanlı deyir ki, indi vaxtını daha çox dəyərləndirir, hakim qərar çıxaranadək həyət-bacadakı yarımçıq qalmış işlərini tamamlamağa çalışır. Amma deyir ki, nə qədər çalışsa da, həyat yoldaşı Zümrüd xanımın çiyninə ağır yük qoyub getməli olacaq:

Fuad Qəhrəmanlı. Məhkəmə binasının qarşısında
«Bu cəzanı özümdən çox Zümrüdə şamil edirəm, çünki ailənin yükünü daşımaq missiyası onun üzərinə düşəcək. Mənsə həbsxanada ailə qayğılarından bir növ kənarlaşacam, bunları ancaq düşüncələrimdə yaşayacam».

FUAD QƏHRƏMANLININ ÇANTASI DA HAZIRDIR

Zümrüd Yağmur isə bu yükü çəkməyə hazır olduğunu deyir. O danışır ki, Fuad bəy həbs olunarsa, buna təəccüblənməz, bu hissləri illər öncə də yaşayıb, hələ nişanlı ikən Fuad Qəhrəmanlı ilə görüş yerləri həbsxana olub:

«Bizim ailə həyatımız elə tutulmaqla başlayıb. Biz nişanlı olanda Fuad 1 il yarım həbsdə yatıb. Həmişə «Azadlıq» qəzetinin redaktoru Alı Rza ilə həbsxanaya – onun yanına gedirdim. Bir dəfə geri baxdım ki, Fuad dəmir barmaqlıqdan bizə qəribə baxışla baxır. Alı bəyə dedim ki, bilmirəm buraya gəlməyib bu baxışları görmədən yaşayım, yoxsa ki, gəlib görüm və yaşayım».

«MƏN ÇOX QÜRURLUYAM Kİ...»

Zümrüd Yağmur deyir ki, xoş bir hiss olmasa da indi Fuad bəyin həbs olunacağını daha soyuqqanlı qarşılayır, hətta ona lazımi əşyalardan ibarət çanta da hazırlayıb:

Zümrüd Yağmur
«Mən çox qürurluyam, çünki cəmiyyətə örnək ola bilmək qürurunu yaşayıram. Öz yoldaşını soyuqqanlı şəkildə hazırlayıb həbsə göndərən xanımın acılarından daha üstün fərəh duymaq qabiliyyətinə qadir olan bir xanım kimi qürurluyam. Biz robot olmasaq da, o qürur hər şeyin önünə keçdiyi üçün bu əzabları yaşamaq bizim üçün bir qədər asandır».


«ATAM QƏHRƏMANDIR»

Zümrüd xanım deyir ki, tez-tez kənardan Fuad bəyə qarşı yönəlmiş qınaq dolu söz-söhbətlər eşidir. Amma bunlara heç vaxt əhəmiyyət vermir. Deyir ki, uşaqlarını da bu ruhda tərbiyə edə bilməsinə sevinir. İndi nə 7 yaşlı Sənay, nə də 11 yaşlı Selcan üçün atasının həbs olunacağı faciəvi görünür:

«Bu yay tətildə bir az üzülmüşdüm ki, niyə bütün sinif yoldaşlarım tətilə gedib, mən gedə bilməmişəm. Amma sonra düşündüm ki, atam həmin o uşaqların, mənim daha yaxşı yaşamağım üçün döyüşür, ona görə həbs olunur. Ona görə də, mən daha bəxtiyaram, daha şanslıyam ki atam qəhrəmandır».

Bu da 11 yaşlı Selcanın düşündükləridir.

Fuad Qəhrəmanlı ilə yanaşı daha 3 müxalifətçinin növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin olunub. Vəkillərin və ittiham olunanların son çıxışından sonra gözlənilir ki, hakim qərar çıxaracaq. İctimai Palatanın 2 aprel aksiyasından sonra həbs olunmuş 6 nəfərə isə artıq 3 ildən 1il 6 ayadək həbs cəzası verilib. Digər 4 nəfərində məhkəməsi hələ davam edir.
XS
SM
MD
LG