Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:55

İslam Partiyası sədrinin 2 yanvar çıxışı və... 12 illik həbs


Polislə dindarlar arasında qarşıdurma olub
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00
Direct-ə keçid

Oktyabrın 7-də İslam Partiyası fəallarına hökm oxunub

Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində İslam Partiyasının sədri Mövsüm Səmədova və daha 6 nəfərə hökm oxundu.

Hakim Eldar İsmayılovun sədrlik etdiyi məhkəmə Mövsüm Səmədovu 12 il azadlıqdan məhrum etdi. İslam partiyasının digər üzvləri və Mövsüm Səmədovun qohumları haqda da hökm elan edildi.

Partiya sədrinin müavini Vaqif Abdullayev 11, Astara təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev 10, əmisi oğlu Dəyanət Səmədov 10 il, Masallı ruhanisi Fəramiz Abbasov 11 il müddətinə azadlıqdan məhrum edildi. Lənkəran ruhanisi Zülfüqar Mikayılzadə isə 5 ili sınaq müddəti olmaqla 11 il şərti həbs cəzasına məhkum olundu.


TERRORA HAZIRLIQ İŞLƏRİ

Hökmdə deyilir ki, Mövsüm Səmədov cihada çağırışa, mövcud hakimiyyəti dəyişməyə yönələn hərəkətlər edib. Onun İslam Partiyası adı altında fəaliyyət göstərdiyi təşkilat rəsmi dövlət qeydiyyatından keçməyib. Bu quruma daxil olan bir-neçə nəfərlə Mövsüm Səmədovun ölkədə terrora hazırlıq işləri apardığı deyilir.

Məhkəmənin əsas dəlilllərindən biri Mövsüm Səmədovun bu il yanvarın 2-də partiyanın toplantısındakı çıxışıdır. (Bu çıxışın videogörüntüləri YouTubeda yerləşdirlib)

Hakimin elan etdiyi hökmdən:

“Mövsüm Səmədov, Vaqif Abdullayev və Rufulla Axundzadə partiyanın qərargahında ətraflarına topladıqları digər şəxslərlə birlikdə İslam dininin bəzi müddəalarını qəsdən yanlış ifadə edərək “Azərbaycan xalqı gərək bu məsələdə ayağa qalxsın”, “əgər bu şəxslər bizim dinimizə, mənəviyyatımıza əl uzadarlarsa, biz də onların dünyasına əl uzadarıq”, “Azərbaycan xalqı belə bir zalım rejimin hakimiyyətinə son qoysun”, “İnanın, bundan o tərəfi böyük faciələrdi”, “Azərbaycan xalqının sakit durmağa haqqı yoxdur”, “Azərbaycan xalqını bu zülmün qabağında durmağa dəvət edirəm və bu zülmün qabağını almasına çağırıram”, “Allah bizə yardımçı olsa, heç kəs bizə qalib gələ bilməz”, “Hüseynə Kərbəlada gələ bilmədik, bu gün gəlmişik Hüseyncan, sənin dinində və sənin imanında cihad inşallah” kimi ifadələrlə əhalini ayağa qalxmağa, vətəndaş qarşıdurmasına, kütləvi itaətsizliyə, çağıraraq mövcud hakimiyyətə son qoymaqla Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər hərəkət ediblər”.

İRAN TƏŞKİLATLARI İLƏ DANIŞIQLAR

Hökmdə qeyd olunur ki, Milli Təhlükəsizlik Nazirliyi Mövsüm Səmədovun və Vaqif Abdullayevin İrandakı bəzi təşkilat üzvləri ilə danışıqlarını üzə çıxarıb ki, həmin danışıqlarda onlar “tapşırıqlar yerinə yetirilir”, “hər şey qaydasında gedir” kimi ifadələr işlədiblər. İstintaq orqanı sübut edib ki, İslam Partiyasının üzvləri İrandakı bəzi təşkilatlarla əlaqədə olaraq Azərbaycanda terrorlar etməyə, mövcud hakimiyyəti dəyişməyə hazırlıq işləri aparıblar. Rufulla Axundzadə isə İranın “Səhər” telekanalına Azərbaycanda talışlara qarşı ayrı-seçkilik edilməsi barədə danışıb. Onun bu hərəkəti ölkədə etnik qarşıdurma yaratmağa xidmət edib. Məhkəmə hökmündə belə göstərilib.

Hökmə görə, təqsirləndirilən şəxslər məhkəmədə yaşadıqları ünvanlardan tapılan silahların onlara məxsus olmadığını deyiblər. Ancaq məhkəmə hökm çıxaranda onların dediklərini yox, ibtidai istintaq zamanı hal şahidlərinin verdikləri ifadələri əsas götürüb.

İBTİDAİ İSTİNTAQA ƏSASLANAN HÖKM

Təqsirləndirilən şəxslər nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı ittihamları qəbul etməyiblər. Onlar silahların mənzillərinə əməliyyatçılar tərəfindən atıldığını deyiblər. Məhkəmədə dindirilən şahidlərin və hal şahidlərinin bir hissəsi ibtidai istintaq vaxtı ifadələrinin müstəntiq tərəfindən yazıldığını, onlara oxumağa imkan verilmədən imzalatdırıldığını, bəziləri savadsızlıqdan müstəntiqin nə yazdığından xəbərsiz olduğunu demişdilər. Lakin hakim hökm elan edərkən həmin şahidlərin və hal şahidlərinin məhkəmədə verdikləri ifadələrinə yox, ibtidai istintaqdakı ifadələrinə istinad etdi. Bu da təqsirləndirilən şəxslərin etirazına səbəb oldu.

Hakim hökmün nəticə hissəsini elan etməyə başlayanda məhkəmə salonundakıların etiraz səsləri başlandı. Hakim və köməkçi hakimlər hökmün oxunuşu bitən kimi zalı tərk etdilər.

BİZİM SİLAHLAR İDİSƏ...

Bu il yanvarın 21-də həbs olunan və bu gün 11 il 6 aylıq həbsə məhkum edilən Rufulla Axundzadəyə verilən ittihamda göstərilir ki, o, silahları öz evində yox, qonşunun bağında gizlədib. Onun həyat yoldaşı Tamara Axundzadə AzadıqRadiosuna deyib ki, onların yaşadığı ünvana gələn əməliyyatçılar evi axtarandan sonra qonşunun bağına keçiblər. Onlardan biri bağlı kisəyə işarə edərək “silahlar burdadır” deyib. Tamara Axundzadə danışır: “Kisəni açıb baxmamış nə bilirdilər ki, içindəki silahdır? Açıq havada silah saxlayarlar? Bizim silahlar idisə, bizim evdən tapılardı, qonşunun bağından niyə tapılırdı. Misir Mərdanov məktəbdən hicablı qadınları qovlayanda yoldaşım etiraz elədi ki, belə olmaz, Kərbəlaya, Həccə gedənlər var, biz müsəlmanıq, bizim başımızı zorla açmaq olmaz. Ondan iki gün sonra gəlib yoldaşımı bu vəziyyətdə tutub apardılar”.

Vəkillər AzadlıqRadiosuna deyiblər ki, hökmdən apellyasiya şikayəti verəcəklər.

Oktyabrın 7-də polis təqsirləndirilənlərin məhkəmənin qarşısına toplaşan qohumları və tərəfdarlarını döyərək ordan uzaqlaşdırıb. Başı yarılanlar da olub. Polis dəyənəyi AzadlıqRadiosunun müxbirindən də yan keçməyib. Eyvanlardan baxan qonşu binaların sakinləri polisin adamları söyüb, döyməsinə etiraz ediblər. Bir qədər sonra məhkəmənin qarşısına təqsirləndirilənlərin tərəfdarları olan 50-dək qadın gəlib. Polis onlara qarşı da zorakılıq edib.
XS
SM
MD
LG