Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:18

S.Bakker: "Eurovisionun siyasi platformaya çevrilməsini istəmirik"


Sietse Bakker
Sietse Bakker

2000-ci ildə yaratdığı internet saytı Eurovision ilə əlaqədar ən çox izlənən mənbə olandan sonra Hollandiyalı Sietse Bakker Avropa Yayımçılar İttifaqı ilə əməkdaşlığa başlayıb. 2011-ci ilin əvvəlindən 27 yaşlı Sietse Bakker Eurovision Mahnı Müsabiqəsinin təşkilati işlərinə rəbərlik edir və Avropa Yayımçılar İttifaqının Junior Eurovision müsabiqəsinin rəhbəridir.

Sietse Bakker 2012-ci ilin may ayında Bakıda keçiriləcək Eurovision Mahnı müsabiqəsinə hazırlıqla bağlı AzadlıqRadiosuna müsahibə verib.
- Cənab Bakker, Azərbaycan Eurovision mahnı müsabiqəsini keçirməyə hazırdırmı?

Bu yarışı udanda müsabiqəyə ev sahibliyi etmək üçün hazırlaşmağa bir il vaxtınız olur. Bir çox ölkələrin bu cür böyük tədbirlər keçirmək sahəsində təcrübəsi olmur. Odur ki, çox ağır iş tələb olunur. Çoxlu iş görülüb və əminəm ki qarşıdakı aylarda da görüləcək.

İndi əsas prioritet müsabiqəni keçirmək üçün uyğun məkanın seçimidir. Ortada 3 variant var. Hamısı da nəzərdən keçiriləcək.
- Eurovision müsabiqəsinə hazırlıqla bağlı çoxlu tənqidlər də var: viza qaydalarının dəyişməməsi, evlərin sökülməsi, müsabiqə ilə əlaqədar xərclər və s. Sizə bu cür xəbərlər çatırmı?

Təbii ki. Müsabiqə ilə bağlı bütün xəbərləri çox yaxından izləyirik. Çünki Eurovision müsabiqəsi ilə bağlı ev sahibi ölkədə nə deyildiyinin, nələr baş verdiyinin fərqindəyik.

Eyni zamanda biz hər il fantastik mahnı müsabiqəsi təşkil etmək istəyirik və bu bizim əsas prioritetimizdir.

Təbii ki söz azadlığı, insan haqları, xüsusən də mətbuat azadlığı ilə bağlı narahatlığımız var və biz bu dəyərlərə çox önəm veririk.
- Azərbaycanda belə bir təşəbbüs irəli sürülüb – “Qeyri-azad ölkədə azad mahnı müsabiqəsi”. Sizcə bu mümkündürmü?

Əgər bu cür böyük tədbirə ev sahibliyi edirsinizsə, onu düzgün keçirməyiniz üçün bir sıra şərtlərə əməl etməlisiniz. Söhbət ifadə, söz, hərəkət azadlığı kimi dəyərlərin təmin olmasından gedir. Gələn ilin mayında Bakıya minlərlə adam gələcək. Onlar mahnı müsabiqəsi ilə yanaşı, Bakı və Azərbaycan xalqı haqda çox şeylə maraqlanacaqlar. Bizim qarşımızda duran məsələ odur ki, bu insanların istədiklərini əldə etmələrinə şərait yaradaq.

Biz hökumətlə əlaqələrimizdə açıq-aydın bildirmişik ki, 2012-ci ilin mayında yarışı təşkil etmək üçün bu məsələlərlə bağlı təminatlara ehtiyacımız var. Baş nazir bizə bu cür təminat verib.

Düzdür, sual çıxır ki, niyə bu təminatlar bütün Azərbaycan cəmiyyətinə verilməsin? Və təbii ki, doğru yanaşmadır.

Amma digər tərəfdən, biz müsabiqə keçirmək istəyirik və bu tədbir zamanı siyasi platformaya çevrilməmək də bizim üçün çox vacibdir.

Eurovision mahnı müsabiqəsi siyasi tədbir deyil, biz başqalarına bu tədbirdən siyasi məqsədlər üçün istifadə etməyə, şou zamanı siyasi bəyanatlara imkan vermirik və s. Əgər biz bu qaydalara riayət olunmasını istəyiriksə o zaman özümüz də mahnı müsabiqəsini siyasi alətə çevirməmək üçün yaxşı nümunə olmalıyıq. Çünki bu bizim məqsədlərimizə aid deyil.
- Bilmirəm xəbəriniz var, ya yox, bir çox insanlar fikirləşir ki, Azərbaycan hökuməti bu yarışdakı qələbədən, təşkilatçılıqdan siyasi məqsədlər, daxili siyasətdə təbliğat üçün istifadə edir. Bu sizi narahat edirmi?

Dediyim kimi, biz yarışı qeyri-siyasi tədbir kimi görürük. Biz Eurovision mahnı müsabiqəsini bütün cəmiyyət üçün bir imkan kimi görürük. Azərbaycan xalqı, bütün Azərbaycan – ölkə olaraq bu yarışın faydasını görməlidir, yalnız hökumət yox.
- Bakı hava limanından şəhərə gedən yol və o yoldakı divarlar yadınızdadırmı?
Bəli, yadımdadır.
- Heç maraqlanmısınızmı, orada, o divarların nə işi var?
Bəli. Düzü məni hətta imkanım olub ki, o divarların arxasına baxım, orda nəyin olduğunu görmək üçün. Və məncə bu çox vacibdir ki, hər kəs təkcə o divarların gözəlliyini yox, onun arxasında nə olduğunu da görə bilsin.

Və biz söz azadlığı və mətbuat azadlığına təminat istəyəndə də məhz Eurovision mahnı müsabiqəsi üçün Bakıya gələcək 2 minə yaxın jurnalistin öz istədiklərini görmək marağını nəzərdə tuturuq. Biz jurnalistlərə deyə bilmərik ki, siz ancaq gözəl şeyləri göstərin. Onlar özləri seçəcəklər nəyi yazsınlar.
- Azərbaycanda Eurovision mahnı müsabiqəsi ilə bağlı neqativ ab-hava yaradan məsələlərdən biri də yarışın keçiriləcəyi yerin tikintisindən ötrü evlərin sökülməsi və mülkiyyət sahiblərinin hüquqlarının pozulması iddialarıdır.

Bu cür xəbərlər bizə də çatıb və narahatlıq doğurur. Digər tərəfdən, mən vurğulamaq istərdim ki, biz müsabiqənin keçiriləcəyi yeri seçmirik və ya təsdiqləmirik. Yarışın keçirilməsi üçün təklif olunan 3 yerdən hansını seçmək bizim səlahiyyətimizdə deyil.

Üç variantdan ikisi artıq hazır yerlər olduğu üçün, 3-cü variantın tikintisi ilə bağlı məlumatlıyam. Bildiyim qədər bu, Bayraq meydanı ətrafındakı ərazilərdə tikilir və orda uzun müddətdir ki, heç bir bina olmayıb.

Yəni biz hər hansı yeni bina tikilməsini xahiş etməmişik, hər hansı bir yerin seçilməsini və xüsusən də, hər hansı mülkiyyətin sökülməsini istəməmişik. Odur ki, biz yıxılan binalarla Eurovision mahnı müsabiqəsi arasında heç bir əlaqə görmürük.

Abadlıq işlərinə gəlincə, Bakıda bu işlər çox əvvəldən aparılır, hətta Azərbaycan Eurovision mahnı müsabiqəsində iştirak etməzdən də əvvəl. Odur ki, söküntü ilə Eurovision arasında heç bir əlaqə görmürük və düşünürəm ki, bu iddialar sırf şayiələrə əsaslanır.

HƏMÇİNİN OXUYUN:
Bakıda «Eurovision» üçün konsert kompleksinin tikintisinə başlanılıb
«Eurovision–2012»nin təşkilinə Mehriban Əliyeva rəhbərlik edəcək
«Eurovision»da birinci, Avropaya inteqrasiyada neçənciyik?
İlham Əliyev: «Qələbədən sonra çox gözəl anlar yaşadıq»
«Eurovision» qalibləri Bakıya döndülər
Gürcülər «Eurovision»u bağlayacaqlar
"Bu, hamımızın qələbəsidir" - VİDEO
Bakı sakinlərinin "Eurovision" sevinci
XS
SM
MD
LG