Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:06

50-60 milyonluq zavodu olan kasıb vətəndaş


Foto Arxiv
Foto Arxiv
Xətai rayon Məhkəməsində Zülfüqarlı qardaşlarının təsisçisi olduqları «Birlik» MMC-yə məxsus «Bakı Elektroştamp» və «Bakı Poladtökmə» zavodlarının əllərindən alınması ilə bağlı Lerik rayon sakini Gəray Məmmədova və Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) qarşı iddiaları üzrə məhkəmə prosesi keçirilir.
Dekabrın 12-də məhkəmə iclası Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılovun vəsatətləri ilə başladı.

Əvvəlcə o, işin obyektiv araşdırılması üçün «Birlik» MMC-nin nümayəndəsi Cəfər Nuruşovun şahid qismində dindirilməsini xahiş etdi. O dedi ki, Cəfər Nuruşov Qiymətli Kağızlarla İş üzrə Dövlət Komitəsində «Birlik» Kiçik Müəssisəsinin adından alqı-satqı haqda müqaviləni imzalamağa məcbur olub. Amma həmin alqı-satqı müqaviləsinin bağlanması zamanı və ya sonra nə «Birlik» MMC-yə, nə də ki, onun təsisçiləri – Zülfüqarlı ailəsinə 3 milyon 609 min 200 manat məbləğində pul verilməyib. Bu müqavilə ilə ASC-nin 79,99 faizinin Zülfüqarlı qardaşlarının əlindən alınması rəsmiləşib.
«GƏRAY MƏMMƏDOV MƏHKƏMƏYƏ GƏLSƏ, GÖRƏCƏKSİNİZ Kİ...»
Vəkil məhkəmədən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə sorğu göndərməsini də xahiş etdi. O, dedi ki, bu sorğuyla «Bakı Poladtökmə» ASC-nin investisiya müsabiqəsində satılmış səhmləri üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi haqda icra aktının alınması vacibdir:
«Həmin sənədlər «Birlik» MMC-in «Bakı Poladtökmə» ASC-yə nə qədər investisiya qoyulduğunu təsdiq edir. Bu investisiyalardan 3 il sonra zavodun 3 milyon 609 min 200 manata heç kəsin tanımadığı Gəray Məmmədova satılması absurddur və əqdin qeyri-qanuni olduğunu sübut edir».
Aslan İsmayılov Zülfüqarlı qardaşlarının zavodları adına rəsmiləşdirilən Gəray Məmmədovun formal bir şəxs olduğunu da bildirdi:
Aslan İsmayılov
Aslan İsmayılov

«O adam bura gəlsin, görəcəksiniz ki, onun kredit, kredit müqaviləsi barədə anlayışı belə yoxdur. Elə məhkəmə zalının qapısından içəri daxil olması kifayət edəcək ki, onun ümumi görünüşündən bunu proses iştirakçıları və məhkəmə sezsin.

O, məhkəməyə gəlsə, görəcəksiniz ki, onun adına banklardan götürülən kreditlər barəsində heç bir məlumatı yoxdur».
VƏKİL PROSESDƏ İŞTİRAK EDİRSƏ...
Gəray Məmmədovun vəkili Ceyhun Yusifov isə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun işdə adının hallandırılmasının lazımsız olduğunu bildirdi və vəsatətin təmin olunmamasını xahiş etdi.
Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi Azər Tanrıverdi də vəsatətin təmsil etdiyi quruma aid hissəsinin təmin olunmamasını xahiş etdi.
Hakim isə dedi ki, Gəray Məmmədovun vəkili prosesdə iştirak etdiyinə görə özünün prosesdə iştirakı vacib deyil.
Gəray Məmmədov əvvəlki məhkəmə iclaslarında da iştirak etməyib.
50-60 MİLYONLUQ ZAVOD SAHİBİ ƏSLİNDƏ XIRDAVAT ALVERÇİSİ İMİŞ
Lerik rayonunun Ordahal kənd sakini, işsiz Gəray Məmmədov 2006-ci il martın 30-da imzaladığı bir sənədə görə, Bakıdakı iki böyük zavodun «Bakıelektroştamp» və «Bakıpoladtökmə» zavodlarında 80 faiz payına malikdir.
Bu zavodlar hazırda Türkiyədə mühacir həyatı yaşayan Zülfüqarlı qardaşlarına məxsusdur. Zavodun sahiblərindən biri, qardaşların böyüyü Nurəddin Zülfüqarlının sözlərinə görə, onlara məxsus əmlakın 80 faizi qardaşı Loğmanla həbsxanada olduqları müddətdə, 2006-cı ildə əllərindən zorla alınaraq həmin Gəray Məmmədova verilib.
Məhkəmə prosesinə dekabrın 26-dək fasilə verildi. Proses bitəndən sonra Gəray Məmmədovu axtarmağa başladıq və yaşadığı ünvanı tapdıq.

Bu şəxs Lerikin Ordahal kəndində qeydiyyatda olsa da, 16 ildir ki, Keşlə qəsəbəsindəki Şanxay yaşayış massivində yarıuçuq bir evdə yaşayır. Gəray Məmmədov elə evinin qapısındaca xırdavat malları satmaqla dolandığını dedi. Gəlişimizdən isə heç də razı qalmadı:

- Siz bu qədər zavodların sahibi ola-ola niyə belə şəraitdə yaşayırsınız?
- Sizi bura kim göndərib? Sizə mənim şəraitimlə tanış olmaq lazımdır? Get, mənim telefonumu gətir.
TELEFON DANIŞIQLARI VƏ...
Gəray Məmmədov bu tapşırığı oğluna verir. Sonra oğlunun evdən gətirdiyi telefonla hara isə zəng vurur. Gəlişimiz barədə məlumat verir və necə hərəkət etmək barədə məsləhətlər alır. Danışığını bitirəndən sonra isə deyir ki, «vəkilimə etibarnamə vermişəm, nə sualınız varsa, gedin vəkilimdən soruşun».
Gəray Məmmədovun səs-küyünə yığışan qonşular onun zavod rəhbəri olduğunu eşidəndə təəccübləndilər:
- Mən birinci dəfə sizdən eşidirəm ki, bunun zavodu var.
- Ruslarda bir söz var «postovnoy litso». Yəni ad mənim, dad başqasının.
«QANUNU POZMUŞAMSA, QOY MƏNİ TUTSUNLAR»
Gəray Məmmədov özü də əslində oyunun içərisində olmasından peşmançılığını etiraf edir:
- Hər kəs öz əməlinin cavabını tapacaq. Heç kəs qanundan kənarda qala bilməz, heç kəs də konstitusiyadan qırağa qaça bilməz.
Gəray Məmmədov onu da deyir ki, əgər təqsiri varsa, qanunu pozubsa, qoy onu tutsunlar, cəzalandırsınlar.
Baxış Zülfüqarlı deyir ki, zavodun 80 faizlik payı həmin adamın adına dövr edilsə də onlara bir manat da pul verilməyib. Onun sözlərinə görə, həmin sənədin imzalanmasından sonra qardaşları həbsxanadan buraxılıb. Bir müddət sonra isə məhkəmə onlara bəraət verib.
Vəkil Aslan İsmayılov isə deyir ki, hazırda Poladtökmə zavoduna Rasim Məmmədov adlı şəxs rəhbərlik edir.
Zavodları əllərindən alınan Zülfüqarlı qardaşları indi Türkiyədə yaşayırlar. Son aylarda isə qardaşlara məxsus üçüncü zavodun, Xəzər-Boru zavodunun da fəaliyyəti mübahisələrə görə dayandırılıb.
XS
SM
MD
LG