Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:03

Prezident Administrasiyası qarşısında ağac aksiyası


Prezident Administrasiyası qarşısında etiraz
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Yasamal rayonunda yaşıllıq zolağının məhv edilməsinə etiraz olaraq Prezident Administrasiyasının qarşısına toplaşan Bakı sakinlərini Administrasiya Bakı şəhər İcra Hakimiyyətinə göndərib. İcra Hakimiyyəti isə onları evlərinə qaytarıb... araşdıracağıq vədi

Əllərində «Möhtərəm prezident, yaşıl zolağın məhv edilməsinə imkan verməyək» sözləri yazılan plakatlarla 10-dan çox Bakı sakini dekabrın 16-da Prezident Administrasiyasının qarşısına toplaşıblar. Onlar Xıdır Mustafayev və Şərifzadə küçələrinin kəsişməsində yerləşən yaşıllığın məhv edilməsinə etirazlarını bildirirlər. Sakinlər iddia edir ki, yaşıllıq zolağı salınan ərazi hansısa tikinti şirkətinə satıldığı üçün məhv edilir.

«AĞACLARI KÖTÜKLƏRİNƏ KİMİ ÇIXARIB APARDILAR»

«Qabaq uşaqlar orada oynayırdılar, yaşlılar otururdular. Biz özümüz də ağaclar əkmişdik. Yaxşı meyvə ağacları var idi. Neçə ilin ağacları idi. Yüzlərlə ağacı bir-bir kəsdilər. Haradasa 50-60 polis gecə əraziyə gəlmişdi ki, camaat yaxın dura bilməsin. Bütün ağacları kəsdilər, kötüklərinə kimi çıxarıb apardılar. Bu gecə də bütün ərazini hasara alıblar. Nəsə tikintiyə başlayırlar. Düz evimizdən 5 metr aralı hasara alınıb».

«QURUMUŞ, 3 AY ƏVVƏL BAR VERƏN AĞACLAR»

Sakinlər deyirlər ki, bu ərazidə ağacları kəsməyə iki ildir başlayıblar. Əvvəl-əvvəl ağacları tək-tək, gecələr isə xəlvət kəsirlərmiş. Elşad Ağayev ağacların kəsilməsi ilə bağlı bütün adiyyatı qurumlara müraciət edilsə də heç bir nəticəsi olmadığını deyir:

«Ekologiya Nazirliyinin Ekspertiza İdarəsindən bizə cavab gəldi ki, ərazidə budanma işləri gedir, quru ağaclar kəsilir və onların yerində yeni həmişə yaşıl ağaclar əkiləcək. Halbuki heç bir dənə də ağac əkilməyib. Şəkildə gördüyünüz bu ağaclar 3 ay əvvəl, bar vaxtı çəkilib. Bunların hansı qurumuş ağacdır?! Fakt odur ki, həmin ərazini götürən adam da deyir ki, «mənim əlim uzundur, gedin hara istəyirsiniz şikayətinizi edin». Bir tək ümidimiz cənab prezidentədir».

«FUTBOL TOPU»

Bir qəbuldan digərinə tələsən və bağlı qapı ağzında gözləyən sakinlər özlərini futbol topuna bənzətdilər. Prezident Administrasiyası qarşısında sakinlərin əllərindəki plakatları polis alandan sonra onları qurumun dövlət-hüquq şöbəsinin müdiri Nailə Hüseynova qəbul etdi. Şöbə müdiri sakinlərin problemini dinlədikdən sonra onları Bakı Şəhər İcra hakimiyyəti aparatının rəhbər Rasim Quliyevin qəbuluna göndərdi. Rasim Quliyev isə şikayətçiləri 2 saatdan sonra qəbul etdi və Bakı şəhər İcra hakimiyyəti nümayəndələrinin iştirakı ilə ərazidə araşdırma aparılacağını bildirdi.

«YAŞILLIQLARA BOŞ ƏRAZİ KİMİ BAXIRLAR»

«Artıq ağaclar kəsilib. Nəyi araşdıracaqlar? Kəsilən ağacların yerinə yeniləri əkilsə belə 20-30 ildən sonra indiki vəziyyətinə çata biləcək».

Bunu deyən Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova isə düşünür ki, Bakı şəhər İcra Hakimiyyətinin araşdırma ilə bağlı verdiyi yalnız vəddir:

«Yaşıllıqların məhv edilməsi vaxtaşırı baş verən bir hadisədir. Aidiyyatı dövlət idarə və qurumları yaşıllıqlara boş ərazi kimi baxır. Və onları gözüyumulu sata bilirlər. Bir müddət öncə Şərifzadə küçəsində, İnşaatçılar metrosunun yaxınlığında yolkənarındakı ağacları yolu genişləndirmək adı ilə kəsdilər. Yüzlərlə 30 yaşlı ağacın yerində «parkovka» düzəltdiklərini bildirdilər».

Fəridə Hüseynovanın fikrincə, bu gedişlə bir neçə il sonra Bakıda qarşısı alınmayacaq ekoloji fəlakət yarana bilər.
XS
SM
MD
LG