Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:22

«Qarabağ münaqişəsinin nizamlanması mürəkkəbləşir»


Bernard Fassier
Bernard Fassier

«Ümid edirəm ki, həmkarlarım irəliləyişə nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində işi davam etdirəcəklər. Vaxt gedir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması getdikcə mürəkkəbləşir».

ATƏT-in Minsk Qrupunun səlahiyyətlərini başa vurmuş həmsədri Bernard Fassier bu fikirdədir.

Fassier qoşunların təmas xəttində itkilərə təəssüfləndiyini qeyd edib:

«Hər dəfə əsgər, yaxud mülki şəxs öləndə bizə irad tuturlar. Lakin atəşkəs rejiminə riayət olunsa, belə hadisələr baş verməz. Mən tərəfləri bu rejimə riayət etməyə çağırıram».

Həmsədr fəaliyyəti dövründə pozitiv məqamlara diqqət çəkib:

«Son il yarım ərzində həmsədrlərin qoşunların təmas xəttini beş dəfə qarşı tərəfə keçib. Bundan başqa, vasitəçilərin səyləri nəticəsində diskussiyaları davam etdirmək mümkün olub və müharibə baş verməyib. Həmçinin artıq ortada nizamlama layihəsini hazırlamaq üçün yazılı formada çərçivə prinsipləri var».

Amma o əlavə edib ki, hələ ki, tərəflər təklif olunan prinsiplərə razılıq verməyib.

«Son yeddi ildə mən hiss etdim ki, sülhə hazırlıq heç vaxt yetərli ola bilməz. Bu qədər qan töküldükdən sonra elə bir nifrət yaranıb ki, bunu yalnız danışıqlarla aradan qaldırmaq mümkün deyil. İnsanlar arasında da sülh yaratmaq lazımdır», deyə həmsədr bildirib.

Keçmiş həmsədr Azərbaycanda ATƏT-in fəaliyyətinə münasibətin tənqidi olmasına dair də fikirlərini paylaşıb:

«ATƏT-in Minsk Qrupunu tənqid etmək lazım deyil. Biz tərəflərə həm prezidentlər, həm də xarici işlər nazirləri səviyyəsində görüşmək və bütün məsələləri müzakirə etmək üçün çox aktiv işləmişik. 2007-ci ilin sonlarında biz baza prinsiplərini təqdim etdik, daha sonra bu prinsiplərin yenilənmiş variantını təklif elədik. O vaxtdan bu prinsiplər ətrafında çoxlu diskussiyalar aparılıb. Təəssüf ki, Kazan görüşünə kimi mövcud olan ümidlər özünü doğrultmadı. Vasitəçilik – çətin missiyadır, Belə münaqişələri nizamlamaq çox mürəkkəb işdir və danışıqlar prosesində iştirak edən bütün şəxslərdən bütün aspektlər üzrə razılıq almaq çox çətindir. Amma hər halda ümidləri itirmək olmaz. Məsələn, mən vəzifəmə başlayana kimi beynəlxalq biliyin üzvlərindən heç kim Qarabağ ətrafında işğal olunmuş ərazilərə baş çəkə bilmirdi, amma indi bu mümkündür və indiyə kimi iki belə missiya həyata keçirilib».

Fassierin səlahiyyətlərini ötürdüyü həmyerlisi Jack Fort 2012-ci ilin yanvar ayından səlahiyyətlərinin icrasına başlayacaq.
XS
SM
MD
LG