Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:27

«Öncə ziyalını məhv edib sonra da «ziyalı yoxdur» demək çox asandı»


Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
Fransa Senatının üzvləri Azərbaycanda səfərdədilər. Onlar həm də Fransa Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləridir. Fevralın 7-də fransalı qonaqlar Milli Məclisdə azərbaycanlı həmkarları ilə görüşüblər. Görüşdə iştirak etmiş deputat, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Sabir Rüstəmxanlının bu və digər məsələlərə dair fikirlərini təqdim edirik:
- Bu qrupun üzvlərinin əksəriyyəti senatda qondarma erməni soyqırımı ilə bağlı qərara səs verməmiş adamlardır. Özlərinin də danışıqlarından bəlli oldu ki, bəziləri daxili inamına, bəziləri söz azadlığını məhdudlaşdırdığını düşünərək o qanunun əleyhinə olublar. Biz Azərbaycan Parlamenti adından çox sərt şəkildə bu qanuna tənqidi münasibətimizi bildirdik.
- Bəs onlar bu münasibəti necə qarşıladılar?
- Senatorlar dedilər ki, «əvvəla, biz bu hadisənin Azərbaycanda belə sərt reaksiya doğuracağını və doğurduğunu bilmirdik. İkincisi də, Fransa Senatında və ümumiyyətlə Fransada cəmiyyətin çox böyük bir hissəsi Qarabağ savaşından xəbərsizdir». Dedilər dostluq qrupu olaraq bura daha çox Azərbaycanla tanış olmağa, bu ölkə haqqında məlumat toplamağa gəliblər.
Mən onlara dedim ki, indiki dövrdə Azərbaycan torpağının 20 faizi işğal olunub, bir milyon qaçqını var. Necə ola bilər ki, siz bundan xəbərsiz olduğunuz halda tarixin hansısa qatında nəsə axtarırsınız? Bu həqiqəti necə görməyə bilərsiniz? Hər halda güman edirəm ki, bu görüşlər xeyirlidir. Baxmayaraq ki, Fransa senatoru üçün ABŞ, Britaniya, Almaniya və digərləri ilə dostluq etmək daha xoşdur, nəinki, tanımadıqları ucqar və problemli Azərbaycanla.
- Xeyli vaxtdır rəsmi dairələr Azərbaycanın uğurlu xarici siyasət yürütdüyündən, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə uğurla çatdırılmasından danışırlar. Amma dünyanın düzəninə kifayət qədər təsir imkanına malik olan Fransanın nəinki sıravi vətəndaşı, heç senatorları də Azərbaycanla dostluq qrupunun üzvü olan şəxslər də bu həqiqətləri bilmirlər.
Fransanın Bakıdakı səfirliyi önündə etiraz aksiyası. 25 yanvar 2012
Fransanın Bakıdakı səfirliyi önündə etiraz aksiyası. 25 yanvar 2012
- Düzü mən gələn senatorların bəzilərinin Qarabağ məsələsi haqda məlumatları olmadığını eşidib çox təəssüfləndim. Dostluq qrupunun üzvləri belə deyirlərsə başqalarından nə gözləyəsən? Eyni zamanda Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkədir. Yəni Fransada maraqlanmırlar ki, bu nə qrupdur, niyə Fransa orada həmsədrdir? Bu həmçinin bizim işimizin zəifliyidir ki, dünyanın aparıcı ölkələrindən birində hələ öz həqiqətlərimizi göstərə bilməmişik. Ermənilər istəyəndə bu məsələni unutdurur, istəyəndə də dünya Dağlıq Qarabağdan danışır. Bu görüş bir daha onu göstərir ki, diplomatiyamız bu sahədə hələ çox işlər görməlidir.
- AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Bakıda rəsmilərlə görüşdən sonra ümidlə bildirdilər ki, İctimai Palatanın 2 aprel aksiyasına görə həbs edilənlər yaxın həftələrdə azadlığa buraxılacaqlar. Parlamentin Amnistiya aktı qəbul etmə ehtimalı nə dərəcə böyükdür?
- O barədə məlumatım yoxdur. Amma ola bilsin Novruz bayramı ərəfəsində yeni bir amnistiya olsun. Biz Fransadan söz azadlığını məhdudlaşdıran qanunu qəbul etməməsini tələb ediriksə, çalışmalıyıq ki, Azərbaycanda da fərqli düşüncəyə, fərqli fikrə görə insanlar həbs olunmasınlar. Fərqli, yaxud müxalifətçi mövqeyinə görə, eləcə də iqtidarın apardığı siyasətə qarşı fikir söylədiyinə, onunla mübarizə apardığına görə məhkum olunan adamların həbsini haqsız sayıram və hesab edirəm ki, onlar azadlığa buraxılmalıdır.
- Bu günlərdə Milli Məclisdə ölkənin adının dəyişdirilib «Şimali Azərbaycan Respublikası» qoyulması təklifi səsləndi. Buna münasibətiniz necədir?
- Bu ciddi məsələdir. Buna ciddi yanaşılmalıdır. Ümumiyyətlə bizdə terminologiya məsələləri bir gün ciddi müzakirə olunmalı və bunlar dəqiqləşdirilməlidir. 1991-ci ildə, Azərbaycanın müstəqilliyinin bərpası zamanı bu «Şimali Azərbaycan» məsələsi dilə gətirilmişdi. Prinsipial yanaşsaq, bura doğrudan da Şimali Azərbaycan ərazisidir və bu dövlət də əslində «Şimali Azərbaycan» adlandırılmalı idi. Amma artıq iyirmi ildir dünya bizi Azərbaycan dövləti kimi tanıyır. Və bizim belə tanınmağımız heç də Cənubi Azərbaycan mövzusunu, İrandakı altı Azərbaycan ostanının mövcudluğunu inkar etmir. Ona görə bu məsələ diqqətlə düşünülməlidir. Hər halda Azərbaycanın parçalanmış bir xalq olduğunu bildirmək baxımından indiki respublikanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur. Amma indiki vaxta buna nə dərəcədə ehtiyac var və bu necə edilməlidir kimi məsələlərin bir az müzakirəsi daha yaxşı olardı.
- «Ziyalılar Forumu»nda iştirak edənlər hər hansı siyasi iddiada olmadıqlarını dəfələrlə bəyan etsələr də, siyasi dairələrdən tənqidə məruz qalmaqda davam edirlər. YAP icra katibinin müavini deputat Siyavuş Novruzov onları «fərari ziyalı» adlandırıb deyir ki, «bu bir qrup adam vaxtilə - Azərbaycanın qlobal problemləri olan dövrdə Azərbaycanı qoyub qaçan, ölkəmiz haqqında bir dənə də olsun dəyərli məqalə verməyən adamlardır. Gətirib bir dənə məqalə göstərsinlər ki, ermənilərə qarşı bir yazı yazıblar».
Siyavuş Novruzov
Siyavuş Novruzov
- Tamamilə yanlış mövqedir ziyalılara o cür yanaşma. Öncə ziyalını məhv edib sonra da «ziyalı yoxdur» demək çox asandır. Bütün bunlara baxmayaraq Azərbaycanda ziyalılar da var. Hətta siyasətdə də 20 il öz mövqeyini qoruyub saxlayan ziyalılar var. Təvazökarlıqdan kənar da olsa, həm ziyalı olmaq, həm də öz mövqeyimi daimi qoruyub saxlamaq baxımından mən özümü onlardan biri sayıram. Ona görə də «ziyalı yoxdur», «ziyalılar satqındır» və sair bu kimi fikirlər qətiyyən həqiqəti əks etdirmir. Bu gün Siyavuş Novruzovla rastlaşanda onun özünə də dedim ki, sən ziyalılar haqqında tamamilə yanlış mövqedəsən. Bu cür çıxış edərək Azərbaycan ziyalısını gözdən salmaq doğru deyil. Düşünürəm ki, ziyalısı olmayan millət bədbəxtdir.
Foruma gəlincə, mən hesab edirəm ki, biz onun yaranmasına və fəaliyyətinə sevinməliyik. Hətta iqtidar da sevinməlidir ki, Azərbaycanda belə bir qurum var. O qurum müəyyən həqiqətləri dilə gətirir və deyilən qüsurları aradan qaldırmaq baxımından bu forumun fəaliyyətindən yararlanmaq olar. Cəmiyyəti davamlı olaraq sıxıb boğmaqla heç nə etmək olmaz. Əksinə, cəmiyyətdə mövcud olan problemlər deyilməlidir. Onlar Milli Məclisdə müzakirə olunmalıdır. Və bu gün xalqın içində toplanan və açıq-aşkar hiss olunan qəzəb bu yolla üzə çıxmalıdır. Çıxmasa vurub cəmiyyətin mövcud sistemlərini dağıda bilər və Azərbaycan üçün fəlakətli nəticələrə gətirib çıxarda bilər. Hesab edirəm ki, Azərbaycan ziyalısına hörmətlə yanaşılmalıdır.
Elə düşünmək lazım deyil ki, bütün ziyalılar ancaq iqtidara xidmət edəndə ziyalı olurlar. Azərbaycandan kənarda yaşayan və bu iqtidara xidmət etməyən Lütfü Zadə, və digərləri deməli ziyalı deyillər? Müslüm Maqomayev də Qarabağa dair məqalə yazmamışdı. Deməli o ziyalı deyildi? Əlbəttə mən ziyalının belə məsələlərdən kənarda qalmasını da istəməzdim. Amma müəyyən şəraitə uyğun olaraq qarışmayanları da ziyalılıqdan və azərbaycanlılıqdan çıxmayıblar. Ona görə də hamıya iqtidarın xeyri baxımından qiymət vermək olmaz.
XS
SM
MD
LG