Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:51

Sevda Ələkbərzadə: «Whitney Houston bir tarixdir»


Sevda Ələkbərzadə
Sevda Ələkbərzadə
48 yaşlı amerikalı müğənni Whitney Houston vəfat edib. Onun «I will always love you» və digər mahnıları dünyada məşhurdur.
Azərbaycan müğənnisi Sevda Ələkbərzadə öz hisslərini AzadlıqRadiosu ilə bölüşüb:
- Çox pis oldum xəbərdən. Gözüm yaşardı, mənə pis təsir elədi.
- Dünya musiqisi üçün Whitney Houston kim idi?
- O dahi bir sənətkar idi. Houston məktəb yaratmışdı. Onun mahnılarını ilə, disklərini dinləyərək nə qədər müğənni ifaçılıq məktəbi keçib, peşəkarlaşıb. Houston əvəzedilməz müğənnidir, biri də var on nəfərin içində yaxşısan, biri də var dünyanın ən yaxşı, ən güclü ifaçılardan biri olasan. Öz ifa tərzi ilə tam fərqlidir. Whitney Houston bir tarixdir.
«GÜNDƏ 100 DƏFƏ OXUYURDUM Kİ, İFAM ONUNKU KİMİ ALINSIN»
- Sizin yaradıcılığınıza bir təsiri olubmu?
- «Rast» qrupunda oxuyandan onun təsiri məndə vardı. Uşaqlıqdan onu dinləmişəm, onun mahnılarını oxumuşam. Çalışmışam ki, məhz Whitney Houston kimi oxuyum. Bəlkə də gündə 100 dəfə oxuyurdum ki, ifam məhz onun ifası kimi alınsın. Alınmayınca, əl çəkmirdim. Bu, mənim üçün bir məktəb oldu. Whitney Houstonun texnikasını təkrarlamaq… Onun səs diapazonu çox böyükdür. Öz səsini idarə etmək bacarığı vardı. Həm texnikası, həmdə ifa etmək baxımından dahi sənətkar idi. Böyük itkidir. Hər adama nəsib olmayan bir taledir. Adam var illərlə oxuyur, heç yadda qalmır, amma düşünürəm ki, Whitney Houstonun mahnıları, ifası ömürlük qalacaq.
«İXTİYARI VARDI Kİ DAHA OXUMASIN»
Whitney Houston
Whitney Houston
- Sənət aləmində Whitney Houstondan yeni gözləntilər vardımı?
- Whitney Houston artıq yenilik gətirdi. İnsan bir dəfə gətirir yeniliyi, yüz dəfə gətirmir ki. Hər kəs bunu bacarmır ki?! Bundan artıq neyləməli idi? Axır illər səhhəti pis idi, oxumurdu, konsertlər vermirdi. Amma onun ixtiyarı var idi ki, oxumasın, çünki elədiyini eləmişdi. Sözün açığı, mən artıq heç nə gözləmirdim. Elədiyi bəs idi.
- Boş qalacaqmı yeri?
- Əlbəttə! 100 faiz! Hər insanın yeri boş qalır. Mikael Cekson getdi, ikinci Cekson oldumu? Hətta olsa belə, bu artıq təkrarçılıqdır. Whitney Houston Whitney Houstondur, bundan sonra kim olsa da, onun yerini heç kim verməyəcək.
«ORJİNAL HƏMİŞƏ YAXŞIDIR»
- Repertuarınıza onun mahnılarından daxil etmək fikriniz olubmu və ya bundan sonra belə bir fikir yarana bilərmi?
- Repertuarıma salmamışam, uşaqlıqda məhz onun kimi ifa etmək istəyim olub. Amma fikirləşirəm ki, Whitney Houstonun mahnılarımı repertuarıma salarımsa (öz yolum, üslubum var), ya mahnını başqa cür ifa etməliyəm, - amma o, o qədər gözəl oxuyub ki. Ya da təkrarlamalıyam və təkrarlayıb Whitney Houston kimi oxuyacamsa, ondan yaxşı oxumayacam ki! Ya Houstondan yaxşı oxumalısan, ya da oxumamalısan. Orjinal həmişə yaxşıdır. Mən də heç kəsi təkrarlamağı sevmirəm. Mən onu dinləyib öz yolumu tapmışam, 21 ildir sənətdəyəm, öz yolum var və kimisə təkrarlamağı artıq mənasız sayıram.
XS
SM
MD
LG