Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:55

Gürcü yazıçının müharibə haqqında hekayəsi (İLK DƏFƏ)


.
"Oxu zalı"nda başladığımız yeni layihədə sizi müasir dünya yazıçılarının əsərləri ilə tanış edəcəyik.

Layihəyə öncə Azərbaycanla qonşu ölkələrin ədəbiyyatından başlayırıq.




Kaxa ÇABAŞVİLİ


BURDA - TBİLİSİDƏ

Hekayə

(Seyfəddin HÜSEYNLİ ruscadan tərcümə edib.

"Oxu zalı" hekayəsinin Azərbaycan dilinə çevrilib çap edilməsi üçün müəllifdən icazə alıb).



“ - Ay sənin ananı…
- Sizdənəm mən, sizdən!
- Sizdən… kimdən?!”



Qar, yasəməni deyildi. Adi, ağ qardı. Bircə, hərdən qara kül qarışırdı ona. Olurdu qəşəng, ağ-qara qar... Küçələrə arabir əl gəzdirilsə də, xeyri yoxdu... Qarla birlikdə meyitləri də yığıb aparırdılar.

Qarətçilərlə keşikçilər arasında tez-tez qəfil toqquşmalar olurdu. Kim özgəydi, kim özününküydü, kim kiməydi - bilinmirdi. Bütün ölülər «özgə»ydi, sağ qalanlarsa, əlləri silah tuturdusa, «özününkü»ydü. Meyitə rast gələnlər rahatca tüpürüb üstündən adlaya bilərdilər.

Qarət fikriylə əllər avtomatlara yapışıb qalmışdı, canlar oddaydı, dillərdən murdar söyüşlər saçılırdı. Silah boldu! Hər iki tərəfdə! «Köşk»lərin hərəsinin öz qarətçisi, öz keşikçisi vardı. Avtomatın tətiyini çəkdinmi – vəssalam, getdi... Ancaq mütləq daldalanmalısan! Axı, gələn bahar təzə-tər otların üstündə gəzməyi kim istəməzdi? Nə, gürcü?! Çırp onu, nəyi varsa al, qoy rədd olsun!

Nə yatmaq olur, nə də gülmək. Hərçənd ki, yuxu da, gülmək də sağlamlıq üçün əsasdır. Amma ətrafda hamı ya içir, ya da çəkib uyursa, hansı sağlamlıqdan danışasan...

Bəyaz gecələr – Leninqradın yox, Tbilisinin gecələri...

İştaham küsüb. Dünəndən dilxoram. Dərman boğazımdan getmir, çəkməyə də heç nə qalmayıb. Əslində çəkməyə bir elə meylim yoxdur. Dünən bizim tindən Arkadi gəlmişdi, deyirdi, gəl, gedək mənimlə: “Biz orda kefdəyik. Avtomat – itinə tök! «Volqa»larda fırlanırıq, narkoşalar qonaq eləyir, köpəyuşağı! Getməliyik, dəxli yoxdu, əsas odu ki, dostumsan, işimiz yağ kimi gedər...»

Amma mənə lazımdımı bu?! O parabeyin elə bilir ki, mən də vətənimdən bezmişəm! Özü gah qarətçilərin tərəfinə keçir, gah da keşikçilərin. Bir «heyət»dən çıxıb o birinə soxulur. Hamı bu cür olub. Mənsə üç odun arasında qalmışam, fikirdən boğuluram. Arkadinin verdiyi dərman da qurtarıb! İndi çalışıram, dağılan fikrimi birtəhər nizamlayım.

...Neçə nəfərdik orda, kim bilir – on, iyirmi... Hamımız bir yerdəydik, heç nədən də qorxumuz yoxdu. «BeTeEr»imiz də vardı, sınıq-salxaq tankımız da. Güllələrdən dəlmə-deşik olmuş bir evin yanındaydı. Hə, tankvuran pulemyotumuz da vardı. Çiləməyə başladımı, vəssalam – kimsə burnunu irəli çıxara bilməzdi! Pulemyotçu əyyaşın biriydi. Səhər tezdən dəstə-tufaq tərpənib, “qazanc” dalınca yollanırdıq. Dərs əzbərləyirmiş kimi çox yerdə bunu təkrarlayırdıq: «Biz sənin gələcəyin üçün vuruşuruq, bacılı, sənsə bircə butulka pivəni də qıymırsan...» Belə baxanda, heç bu söhbətə ehtiyac da yoxdu, avtomat bizdən qat-qat yaxşı danışırdı. “Köşk”ü sil-süpür eləyib, pulemyotçu üçün «Rus arağı», üstəlik, yaxşı pivə də götürürdük. O bunları qabağına qoyub, adəti üzrə, öz bildiyi kimi “otururdu”. İşinin ustasıydı. Kürddümü, yezitdimi, dəqiq yadımda qalmayıb, adına Rakuş, ya da buna oxşar nəsə deyirdilər...

...Hə, bir dəfə, həmişəki halımızdaydıq, bir nəfəri dərman dalınca göndərdik. Birdən gördük ki, zığlı-palçıqlı bir «Mers» (iki il sonra Abxaziyadan bu cür maşınlar qaçırıb gətirməyə başladılar) yuxarıdan üzüaşağı şütüyür. Hansımızda nə silah vardı, ayağa çəkib, yola çıxdıq. Belə vəziyyətlərdə, adətən, karıxır, gicbəsər kimi bir-birimizin üzünə baxırdıq. Sürücünün bizdən ağlı bir şey kəsmədi, üstəlik, aramızdan biri güllə də atdı deyə, o, sürəti azaltmadı. Üzüyenişə ola, düz də yol...

- Saxla, sənin ananı... – səsimiz gəldikcə bağırdıq. Avtomat tutan əllərimiz gicişirdi.

- Yavaş-yavaş çıx maşından, ananı sənin... birdən düşmə, yoxsa it kimi gəbərdərəm...
Sürücü şüşəni azca yendirdi, qorxa-qorxa üzümüzə baxdı. Dərhal qaşlarının arasına avtomat lüləsi dirəndi.

- Qardaşlar, əziz qardaşlar, buraxın gedim, yaralı aparıram mən, oğlumdur...


Kaxa ÇABAŞVİLİ

1975-ci ildə doğulub. Tbilisi Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. “Rezonansi” qəzetinin redaktoru, “Kviris Mtavari Qazeti”də baş redaktor müavini olub. Bir neçə şeir və nəsr kitabının müəllifidir.

Mən maşının içinə boylandım: tfu, vay sənin ananı... bu nəydi belə, bu bədbəxtliklər hardan gəlib çıxır axı mənim rastıma... Onun yarası düz xirtdəyindəydi, ordan qatı göy rəngdə, qanla qarışıq, dəhşətli bir şey axırdı. Ayaqları çox yöndəmsiz qatlanmışdı, tüklü baldırları cırıq şalvarından çıxmışdı. Onu görəndə bizim hallı qardaşağalardan biri az qaldı gülməkdən keçinsin. Sonra birdən kiridi, «hə, uşaqlar, neyləyək» suallı gözlərini bizə dikdi.

- Yazıqdı, gəlin buraxaq. Bunun anasını... - qardaşağalarımızdan biri dilləndi.

«Yazıqdı» sözünü qulağı çalan kimi maşın yiyəsinin ağlına gəldi ki, axı, biz gürcüyük, tezcə başladı gah «bəlalı Gürcüstan»a and verməyə, gah da anlaşılmaz tərzdə söyməyə. Axır sözləri bu oldu:

- Mənim əzizlərim, görün, birtəhər yol verə bilərsinizmi, gedim...

- Zura, Rakuşu səslə, qoy yolu açsın!...

- Rakuş, tərpən, şarmankanı dilləndir...

Rakuşun qərargahı yuxarıda, yük maşınının üstündəydi. Qabağındakı pulemyotun yanına bəzisi boş, bəzisi dolu butulkalar düzülmüşdü. O, pişik ərincəkliyilə gözlərini açdı, ikihəftəlik qıllar basmış boynunu iyrənc bir tərzdə qaşıyıb, sulu gözlərilə bizi süzdü.

- Rakuş, qardaş, yolu aç görək!

O əvvəlcə boş, ardınca isə dolu butulkaya tərəf əyildi, sonra da pulemyotun arxasına uzandı. Həmin andaca ətrafa qulaqbatıran şaqqıltı yayıldı. Yoldakıların hərəsi sürünüb bir deşiyə girdi. Təkərlərindən cırıltı çıxan «Mers» yerindən qopub, düz Rakuşun gözlərinin qabağında yola mıxlandı. O da əcaib səslə «Ay sənin ananı...» hayqırıb, pulemyotun lentini dəyişməyə başladı. Nəsə dəhşətli bir hadisə gözlənildiyindən, sinəmin altı sızıldadı. Qeyri-ixtiyari: - Rakuş, sənin ananı…! - bağırdım, ancaq artıq gecdi... Bir az əvvəl yolla rahatca şütüyən «Mers»in indi təkərləri göydəydi, gur alova bürünüb, böcək kimi yerdə fırlanırdı.

Rakuşun baxışları məsumdu, boynunu ikihəftəlik qıllar basmışdı...

Axşam Bubaya baş çəkmək fikrinə düşdüm. Həm hal-əhval tutmaqçün, həm də elə-belə. O, yaxında, qonşuluqda olurdu. Nəysə, axşamacan gözlədim. Axır ki, ehtiyatla evdən çıxdım. İyrənc bir dekabr gecəsi düşürdü. Belə soyuqda mənimçün bircə stəkan araq hər cür «Asiya malı»ndan irəliydi. Üç stəkan içdik, xaçapuri yedik. «Sonra çəkərik» - Buba dedi. Amma mənim heç meylim döymürdü deyə, istəmədim. O dirəndi ki, dur gedək uşaqların yanına, gedək, bir bizimkilərə dəyək! Əsəblərim pozulmuşdu, fikirləşirdim ki, maraqlıdı, görəsən, bu “bizimkilər» kimdi belə, axı, məndən ötrü indi hamı «özgə»di. İstədim, Bubagilin parıldayan parketinə tüpürüb çıxım, evə gedib, yatdıqca yatım. Amma Buba elə tərsdi ki, hünərin var, dur qabağında...

Soyuq əhədimi kəsirdi, başqa çarəm də yoxdu! Yola düşdük. Hara gedirdik - qəti başım çıxmırdı, əhvalım da ki zibil günündəydi. Nəsə pis şeylər dammışdı ürəyimə. Bu sarsaq elə bilirdi ki, oraya çatan kimi qardaşağalarını tapacaq. Ay çıxmamışdı, bayırda zülmət gecəydi...

Tini burulduq, önümüz dalandı. Mən bunu bilirdim, amma Bubanı haldan salmaq fikrindəydim. O, hirslənəcək və yerə-göyə ana söyüşləri püskürəcəkdi. Qəşəng söyürdü, ağlagəlməz söyüşləri vardı. Ancaq yenə də o dalan məni açmadı, nəsə birtəhərdi. Ətraf qatı qaranlıqdı. Elə ağzımı açırdım deyəm ki, qabaq bağlıdı, gəl geri qayıdaq, qəfil kimsə çığırdı: «Əllər...!» Bədənim bumbuz oldu: lənət şeytana, gecə vaxtı belə xaraba yerdə kim olar bu, səni kim hesab eləyər?! Bəlkə elə ən rahatına gedər, hər şeyə tüpürüb deyər: “Qoy bunu burda gəbərdim, silahını götürüm...” Kəsəsi, əngələ düşmüşdük!

Bərk hallıydılar onlar. Vəhşi kimi böyürür, heç cür bir-birini başa düşmürdülər. Biri necə çığırdısa, elə bil ətini kəsdilər: «Tərpənməyin! Sizin ananızı...!»

- Hə, dostum, məhv elə onları! – bu dəfə də o birisi qışqırdı, guya kar adam vardı burda.
Eeehh, əlimizdə silah olaydı, görərdim onlar necə bağırırlar! Elə davranırdılar bizimlə, guya qurbanlıq qoyun-zadıq.

- Dayan hələ, əvvəlcə nələri varsa alaq, sonra...!

Bubaya baxdım. Qaranlıqdan seçilmirdi, amma hiss edirdim ki, uğunub gedib, dünyadan xəbəri yoxdu. Mən isə, gecənin qaranlığında kimsə kürəyimə avtomat dirədiyindən, heç güləsi halda deyildim. Qabağımızı kəsənlər bizə tərəf fanar yandırdılar, bilmirəm, sifətimiz xoşlarına gəlmədi, ya başqa nə oldusa, havaya uzun bir sıra atəş açdılar. Buba güllə səslərindən özünə gəldi, meyit kimi ağardı:

- Eeeyy!!! Öldürürlər bizi, bunların anasını mən...!

Nə, öldürürlər?! Ağzı açılmadımı: …bütün «darağı» boşaltdım onun bədəninə... şam ağacına mıxladım onu… sən gördün də… nə danışırsan sən, onların anasını!… getdik Laqodexiyə… keçirik Kaxetiyaya… əla plandı… ay özcə anamı … gördün, necə hoppanıb-düşürdü?! «poqonlar» qovalayır onları… satqın əldən çıxdı... zor şeydi onun arvadı… «Makarov» əladı… qardaş-bacılarımızın sağlığına içək… onların ölü-dirisini mən… güllə atmayın, sizin ananızı... sən ha tərəfdənsən?...

Nədənsə, Bubanın sərsəmliyi mənə də keçdi. Bildim ki, indicə böyürəcəm və … işlər düzələcək! Sonra meyidimiz də tapılmayacaq.

- Eybi yox, qardaş, bir yerdə yaşamışıq, bir yerdə də ölərik, - Buba mənə təskinlik verdi.

Ay səni, Buba, Buba, başıxarab bandit! Əgər könlümdən qəhrəmanlıq keçsəydi, elə Osetiya budu-buradı də! İndi bax beləcə, əlləri göydə dayan, qar dənələrindən ud, uda bildikcə, bəlkə elə axırıdı bu…

Onlardan biri yaxına gəlib hədələdi:

- Qımıldanmayın!

Sonra da üstümüzü təpədən-dırnağa axtardı. Danışıqlarından mənə elə gəldi ki, onları hardansa tanıyıram, amma burda bazar açmağa macal nə gəzirdi!

- Bunları da oraya apar, - birinci adam ciyildədi, üstümüzü kəsdirən isə bizi yiyəsiz itlər kimi qabağına qatdı.

Cırıq-sökük kreslolar qoyulmuş, üfunətli bir otağa apardılar bizi. İçəridə on-on iki adam olardı, qorxduqları üzlərindən oxunurdu. Onlar bir-birinə baxdıqca bir az da vahimələnirdilər. Bizi içəri salıb qapını bağladılar. Yan-yörəmizdəkilərə baş qoşmadıq, heç onların da bizimlə işi olmadı. Buba özünü yamanlayır, astadan söyürdü. Onun bu halı mənə ləzzət verirdi…

Qəfildən qapı açıldı, bir bağırtı qopdu. Kimsə kiməsə bərk təpinirdi. Daha doğrusu, bir nəfər söyürdü, təpinənsə başqasıydı. Nə dediyini anlamaq olmurdu. Bir də gördüm ki, mənim, qonşu küçədən olan, yaxın bir dostumu içəri itələdilər! Yaxşı oğlandı! Belə işlərə qarışmazdı, öz ağlıyla dolanardı. Kiməsə pisliyi keçməzdi, dinc adamdı. İndisə burda, ağına-bozuna baxmadan, ağzı köpüklənə-köpüklənə söyürdü. Deyəsən, bizim də payımızı verdi. Mat qalmışdım: nə əcəb onun boynunun dalından vurmurlar?!

Yanında yaşlı bir kişi vardı - atasıydı. Kişi: «Biz özümüz gəlmişik bura, sizə pendir-çörək gətirmişik!» - dedi və doğrudan da, pendir-çörək çıxartdı. Bunu görəndə gic gülmək tutdu məni. Bayaqdan bəri birinci dəfə üzümə baxan dostum məni tanıyıb qucaqladı.

- Ay bunların anasını… dostum mənim! Bizim tinin uşaqları dəhşət hallıdılar, məni tanımırlar e, kəllən qaynadır heç?! Di gəl gözlə də, gör, nə vaxt ayılacaqlar, ya heç ayıla biləcəklərmi? Özümüzünkülər özümüzünküləri tutublar e, beyninə girir bu?!
İt yiyəsini tanımırdı, ya da tərsinə. Bax, beləydi vəziyyət.

Hə, onda biz bir yerdəydik, heç nədən də qorxumuz yoxdu. Yeyirdik, içirdik, salamat «köşk»lərə dinclik vermirdik. Bütün Mtatsminda əlimizdəydi. Qabağımıza duranın gərək üç başı olaydı. Alverçilər bizdən yaman qorxurdular. Bəzisi qəti yaxın qoymurdu: «Nə dərman görmüşəm, nə də nə vaxtsa kiməsə satmışam!» Satmamısan, eləmi?! Ayaqdan-başa dərini soyarıq! Canını qurtarmaq istəyirsənsə, əlli tərpən, simiclik eləmə! Aravermədən hallanırdıq, gülməyə heyi qalanlar uğunub gedirdilər. Yaralılar astadan, gücləri yetincə gülürdülər. Lap, ölülərin də üzündə nəsə ilahi bir təbəssüm oynayırdı.
Gülürdük deyirəm, amma hamı bir deyildi axı! Biri vardı – əsl manyakdı. Qəşəngcə iynəyə oturmuşdu. Ürəyi zəifiydi, adamlara işgəncə veriləndə dözmürdü. Onu alverçilərin üstünə göndərmək əməlli-başlı bədbəxtlikdi. Kimdənsə nəsə qopartmağa əli gəlmirdi, hər dəfə də tumansız qayıdırdı. Axır vaxtlar onu heç yerə göndərmirdilər, özünün dərman payısa ona bəs eləmirdi. Bir dəfə özünü toplayıb düz Qldaniyə, tanış alverçinin yanına getdi. Əvvəllər alver eləmişdilər, o da buna inanırdı. Gedib alverçiyə deyir: «Al, götür, qardaş, avtomatım səndə qalsın, üstümdə pul yoxdu, sonra gətirərəm», - həm də bacardığı qədər acıqlı baxır ona. Alverçi fikirləşir: «Bu adam yaman dilxordu, bir xata çıxarmasa yaxşıdı…» Qalxıb, öz əliylə, lap at dozasında bir şey düzəldib verir, avtomatı özündə saxlayır. Bu da veriləni alıb oturur maşına, düşür yola! Bizim yanımıza gəlib çatanda adama oxşarlığı qalmamışdı. Dedim, yəqin ölər, çünki ayaq üstə güclə dayanırdı, özü də nəsə qədimi, üçavazlı bir gürcü mahnısı oxuyurdu. Heç yeriydimi – elə bu vaxt atışma başladı! Hamımız uzandıq, hansımızsa atəş açmağa da macal tapdı. Bu halgülü də əvvəlcə yerə yatdı. Baho, baxdım ki, heç tərpənib-eləmir, dedim, bəlkə yaralanıb, süründüm ona tərəf. Üstümüzdən güllələr vıyıldayıb keçirdi, başımızı qaldıra bilmirdik, bu isə birdən zırrama kimi sıçrayıb qalxdı, çığırmağa, əllərini avtomat kimi irəli tutub, guya güllə atmağa başladı! Gicbəsər sifətiylə, ayaqüstə dayanıb, güllə səsləri çıxarırdı – part-part-part! Elə də sevinirdi ki! «Gəbərtdim onu, dostlar, gəbərtdim!» - deyib hayqırırdı. «Yat aşağı!» - çığırdım, amma gecdi artıq, onu vurub aşırdılar.

Bir dəfə əmr gəldi ki, bəs, bir evi vurub-dağıtmaq lazımdı. Vacib bir evdi... Amma hardan atmalıydıq? Dedilər, kilsədən – belə həm də rəmzi mənası olar, yəni o ev İlahinin hökmüylə dağıdılır-filan. Nəysə, bütün batalyon qalxıb yollandı kilsəyə. Orda keşiş dədə çıxdı qabağımıza. Xeyirxah, mehriban bir keşiş dədə. «Kilsəyə silahlı buraxa bilmərəm sizi» - deyib durdu, sözündən dönənə də heç oxşamırdı. Bildim ki, onu birtəhər yola gətirmək lazımdı, axı, belə bir abırlı keşiş dədənin öldürülməsinə doğrudan insafım yol vermirdi. Bu məqamda kütbeyin bir qvardiyaçı irəli durdu. Bir hoqqa çıxartdı ki! Doğrudu, lüləni başına dayasaq da, keşiş dədə dediyindən dönməyəcəkdi. Amma yenə də, bu heyvərə qvardiyaçı lap ağ elədi: «Keşiş, ay götəş! Əgər bizi kilsəyə buraxmasan, heç bilirsən nələr olacaq?!... Bir bax, bax orda Şeytanın əlaltısı oturub, biz mütləq onu gəbərtməliyik! İndi sən bizi kilsəyə qoymasan, gör nələr olacaq da, götəş!...»

Kəsəsi, keçdik içəri. Lülələri pəncərələrə dirəyib elə bir mərəkə qopartdıq ki… Ordan da bizə atırdılar, amma kilsənin divarları qalındı, etibarlıydı.

Hamımız hallıydıq. Bizimkilərdən biri çiynini yan divara söykəyib lüləni pəncərədən çölə çıxarmışdı, elə hey harasa güllə yağdırırdı. Ona yaxınlaşanda nə görsəm yaxşıdı: üzbəüz pəncərəsi olmayan, boş evi gülləyə tutub. Birdən mənə tərəf çönüb sevincək qışqırdı: «Vurduuum! Oğraşam, vurmadımsa! Gördünmü, qardaş, necə çezdirdim onu?!»
Öz-özümə dedim: «Nəyi vurdun, a qancığın balası, bomboş evi gülləyə basırsan e, ay heyvərə!...» Dilimdənsə bu sözlər çıxdı: «Oğulsan e, qardaşım, yaman atırsan ha...»

…Səhərdi, hava işıqlaşırdı.

Yorulmuşdum, heyim qalmamışdı, evə tələsirdim. Avtomatım çiynimdəydi, canımsa xirtdəyimdə. Pilləkənlərlə üzüaşağı addımlayırdım. Elə haldaydım ki, heç nə vecimə deyildi: ya mən, ya boş bir pivə bankası. Hər şeydən bezmişdim, fikirləşirdim ki, axırım yoxdu onsuz da, insanlıqdan çıxmışam mən…

Birdən kimsə qışqırdı: «Dayan!» Qırımımı pozmadım, eləcə yan-yörəyə göz gəzdirdim. Pilləkənin ayağında qvardiyaçı formasında bir nəfər dayanmışdı. Tanıya bilmədim, əslində o an bunun bir əhəmiyyəti yoxdu.

- Dayan, sənin ananı… kimsən? – yenə qışqırdı.

Fikrimdən bunlar keçdi: «Kim olacam, heç kim. Nə kişiliyim qalıb, nə də həyatla bir bağlılığım...” Dinməzcə ona tərəf baxa-baxa, arxayın halda pillələri düşürdüm.

- Dayan, atacam! – bağırdı.

Onun hansı tərəfin adamı olduğunu anlamaq istədim, amma bu mümkündümü?!

- Sizinkilərdənəm mən, qancıq! – deyib, yenə üzüaşağı addımladım.

- Kimlərdən? – çığırdı.

Cavab vermədim, yolumdan da qalmadım.

- Dayan, sənin ananı...! – məndən açıq-aşkar şübhələnmişdi.

«Dayanmaram» - dedim öz-özümə, dayanmadım da.

- Atacam!

- Atma, qancığın biri! – laqeydliklə bunu deyib önümdəki pillələri saymağa başladım. Üçcə pillə qalmışdı.

- Atacam! – bir də bağırdı.

- Atma də, sənin ananı…! – bu dəfə sözlərim bir az xahiş kimi alındı.

Dediklərimi eyninə almayıb, atdı. Hallıydı, sevindiyindən qışqırdı: «Deşşşdim onu mənn…!»

Ürəyimdə: «Axı, sən kimlərdənsən… sənin ananı... ayağım...» - deyib, çökdüm pilləkənə.

1999

Həmçinin oxu
Levon Xeçoyan "Bayquş" (Hekayə)
XS
SM
MD
LG