Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:50

R.Aslanova: ««Eurovision-da heç bir siyasi çağırış mümkün olmayacaq»


Milli Məclisin insan hüquqları komitəsinin sədri, deputat Rəbiyyət Aslanova (Arxiv foto)
Milli Məclisin insan hüquqları komitəsinin sədri, deputat Rəbiyyət Aslanova (Arxiv foto)
«Eurovision» mahnı müsabiqəsi ərəfəsində, bu tədbirin Azərbaycanda keçirilməsi məsələsi müzakirə obyektinə çevrilib. Bəzi yerli hüquq müdafiəçiləri hesab edirlər ki, Azərbaycanda insan hüquqları ciddi şəkildə pozulur. Bildirirlər ki, ölkədə belə bir tədbirin keçirilməsinə hazırlaşan hakimiyyət insan hüquqlarına da hörmətlə yanaşmalı, siyasi məhbus adlandırılan şəxsləri həbsdən azad etməli və digər addımlar atmalıdır.

Bu və digər məsələlərlə bağlı Milli Məclisin insan hüquqları komitəsinin sədri, deputat Rəbiyyət Aslanova ilə söhbəti təqdim edirik.

«AZƏRBAYCANIN DÜNYAYA DEMƏYƏ SÖZÜ VAR»

- Rəbiyyət xanım, «Eurovision»ın Azərbaycanda uğurla keçiriləcəyini deyənlər də, bu tədbirdən siyasi məqsədlər üçün istifadə ediləcəyini bildirənlər də var.

- Azərbaycan dünya birliyinə inteqrasiya olunan, elmi-mədəni, siyasi-iqtisadi, bir sözlə bütün təşkilatlarda təmsil olunan hüquqi demokratik bir dövlətdir. Bu baxımdan Azərbaycanın böyük bir mədəniyyət hadisəsi olan «Eurovision»da iştirakı, öz istedadlı gəncləri ilə dünya musiqisinə töhfə verməsi çox gözəl bir haldır. Ümumiyyətlə, Azərbaycanın gənc musiqiçilərinin, gənc alimlərinin və digər sahələrin daşıyıcıları olan gənclərin beynəlxalq müsabiqələrdə iştirak etmələri ölkəyə baş ucalığı gətirən məqamlardır. Azərbaycanın o qədər ölkə arasında «Eurovision»ın qalibi olması bizim haqqında təsəvvürləri genişləndirdi. Bədxah qonşularımız Azərbaycan haqqında dünyaya olduqca yanlış məlumatlar verib. «Eurovision»la bütün bunların hamısı qırılır. Nə yaxşı ki, bu tədbir Azərbaycanda keçiriləcək və ölkəmizə xeyli insanlar gələcəklər. Onlar Azərbaycan, onun inkişafı barədə obyektiv təəssüratla buradan qayıdacaqlar. Bununla dünyanın Azərbaycan haqqında təsəvvürləri bir az da artacaq. «Eurovision»ın Azərbaycanda keçirilməsi haqqında mənfi fikir söyləyən adamlara çox təəssüf edirəm. Azərbaycanın dünyaya deməyə sözü var. Bu hadisə rəqabətə davamlı olan Azərbaycan gəncliyinin bütün sahələrdə dünya gəncliyi ilə bir sırada olmasının göstəricisidir.

«LENİNQRADDA NİZAMİ GƏNCƏVİNİN 800 İLLİYİ NECƏ KEÇİRİLDİ»

- Azərbaycan adamının maddi durumunun yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirib indiki vaxtda «Eurovision»a bu qədər xərc çəkilməsini məqbul saymayanlar da var.

- Bunlar çox yanlış və səhv düşüncələrdir. 1941-ci ildə, İkinci Dünya Müharibəsi zamanı Leninqradda böyük Nizami Gəncəvinin 800 illik yubileyi keçirilib. Onda deyək ki, müharibənin elə bir vaxtı idi ki, faşistlər artıq Moskva ətrafında idi, o zaman bu tədbirə nə ehtiyac var idi? Millətin milli mənəvi müqavimət qüvvəsini gücləndirmək, onun özünə, qələbəyə inamını artırmaq üçün belə siyasətin yeridilməsi çox önəmlidir. Çox təəssüf edirəm ki, buna qarşı çıxan insanlar Azərbaycanı təcrid etməyə, ölkəmiz haqqında təsəvvürləri yanlış istiqamətə yönəltməyə çalışırlar.

«Eurovision 2012»-də Azərbaycanı təmsil edəcək Səbinə Babayeva (Foto: Eurovision.az)
«Eurovision 2012»-də Azərbaycanı təmsil edəcək Səbinə Babayeva (Foto: Eurovision.az)
- Ölkədə siyasi məhbuslar olduğu iddia edilir. Bu iddiada olanların bəziləri hesab edirlər ki, gənclərin sərbəst toplaşma hüquqlarından istifadə etdikləri üçün həbsə salındığı bir ölkədə belə tədbirlərin keçirilməsi düzgün deyil.

ABŞ-DA TƏDBİR KEÇİRİLMƏSİN?

- Əvvəla onu deyim ki, Azərbaycanda siyasi məhbus olması fikri ilə birmənalı razı deyiləm. Bu artıq manipulyasiya və spekulyasiya cəhdləridir. Mən «Eurovision»dan da bu şəkildə istifadə olunması, dünyaya belə təqdim olunması ilə də razı deyiləm. Onda gəlin belə danışaq. Quantanamoda saxlanılan əsirlərin başlarına nə oyunlar gətirildiyi hamıya bəllidir. Onda gərək ABŞ-da heç bir tədbir keçirilməsin. Axı bunun ona nə dəxli var? Azərbaycanda siyasi məhbus var deyib, bu cür yanlış fikirlərlə «Eurovision» kimi böyük bir mədəniyyət müsabiqəsinə kölgə salmağa ehtiyac yoxdur. Mən bilirəm Azərbaycanın bəzi hüquq müdafiəçiləri gedib Avropada öz ölkələrinə qarşı milli heysiyyata yaraşmayan sözlər danışırlar, öz ölkəsinə, öz xalqına nə qədər böhtanlar atırlar. Bunlar çox təəssüf doğurur.

- Parlamentin son iclasında təklif səsləndi ki, «Eurovision»a qədər siyasi məhbus adlandırılan şəxsləri azad edib bu problemdən qurtarmaq lazımdır. Sizcə amnistiya ehtimalı nə dərəcədə böyükdür?

ƏFV ÜÇÜN MÜRACİƏT OLUNSA...

Rəbiyyət Aslanova: «Yəqin ki, prezidentimiz bir daha yüksək humanizm nümayiş etdirəcək...»
Rəbiyyət Aslanova: «Yəqin ki, prezidentimiz bir daha yüksək humanizm nümayiş etdirəcək...»
- Mən o fikirlə razı deyiləm ki, «Eurovision» gəlir dəyə məhbusları azad etmək lazımdır. Əvvəla məhkum olunmuş insanlara münasibətdə hansı addımların atılacağı cənab prezidentin səlahiyyətinə aid olan məsələdir. Digər tərəfdən, əgər bu hadisə baş verəcəksə, o «Eurovision»a, yaxud Azərbaycana gələn Qərb ölkələrindən hansısa çəkingənliyə görə olmayacaq. Bu yüksək humanizmin ifadəsi olaraq baş verəcək. Amma olmaya da bilər. Mən şəxsən düşünürəm ki, əgər «Eurovision»ın Azərbaycanda keçirilməsindən sui- istifadə edilərək bu şəxslərin azad olunmaları tələbi, çox yersizdir və belə bir hadisənin başverməsinin tamamilə əleyhinəyəm.

Əksinə, həmin insanlar atmış olduqları addımların qanuna zidd olduğunu anlayacaq və əfv olunmaları ilə bağlı dövlət başçısına müraciət edəcəklərsə, yəqin ki, prezidentimiz bir daha yüksək humanizm nümayiş etdirəcək.

- «Eurovision»ın gedişində tədbiri siyasiləşdirmək cəhdlərinin olacağı deyildi parlamentdə. Sizcə orada hansısa çağırışlar etmək mümkün olacaq?

- Yox. Heç bir çağırış etmək mümkün olmayacaq. Bu bir mədəniyyət bayramıdır. Bu müxtəlif ölkələrin gənclərinin bir araya gəlməsidir. Nə gözəl ki, gəncləri birləşdirən aqressiv hisslər deyil, gözəl musiqi bayramıdır. Belə bir bayramı siyasiləşdirib onun üzərinə kölgə salmaq heç kimə yaraşmaz. Bizim də borcumuz odur ki, xüsusilə gənclərin səbirsizliklə gözlədiyi bu bayram çox yüksək səviyyədə keçsin. Azərbaycana gəlib qayıdanlar da ölkəmiz haqqında yaxşı fikirlər söyləsinlər.
XS
SM
MD
LG