Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:18

Qan Turalı. Ədəbi mühitin iyrəncliyi


Qan Turalı


ƏDƏBİ MÜHİTİN İYRƏNCLİYİ

Əslində mən ədəbi çevrələrdə az olmuşam.

Daha çox jurnalistikada dolaşmışam.

Bununla belə heç bir yazar, üstəlik də Bakıda yaşayan və aktiv jurnalistika ilə məşğul olan bir yazar ədəbi mühitdən ayrı düşə bilməz.

Kafkanın aforizmə çevrilmiş cümləsi var.

Onun “Seçilmiş əsərləri”nə ön söz yazan hörmətli Mahir Qarayev də həmin cümləni ön sözündə epiqraf verib:

“Ədəbiyyata dəxli olmayan nə varsa, məni bezikdirir, usandırır, məndə ikrah doğurur”.

Ədəbiyyat sözünü götürüb yerinə “ədəbi mühit” yazsaq, fikrimi bəlkə də daha dərindən ifadə etmiş olaram.

Bir neçə yazar istisna olmaqla ədəbi mühitə tamamilə qapalıyam.

Verdiyim ən yaxşı qərarlardan biri budur, amma Kamyunun dediyi kimi realist olmaya bilərsən, amma reallıqdan qaçmaq mümkünsüzdür.

Mənim Facebookda 5 minə qədər dostum var.

Aralarında hər cür adam var, professorundan tutmuş deputatına, tələbəsindən tutmuş orta təhsillisinə qədər...

Onların arasında o qədər işıqlı, savadlı, oxumuş və oxumaq təşnəsi olan adam görürəm ki...

Təqribi hesablamalarınma görə dünya ədəbiyyatının klassik və müasir nümunələrini oxumuş, film dünyasından xəbərdar olan bu adamların sayı yüzə qədərdir.

Onlarla hər şeydən danışmaq olar, Hegeldən də, Kamyudan da, Orxan Pamukdan da.

Amma yazarların əksəriyyəti ən adi şeylərdən bixəbərdir.

Kamal Abdullanın Litinstitut haqqında tənqidi qeydləri ilə Kulis oxucuları tanışdır.

Kamal müəllim orda vurğulayırdı ki, Litinstitutda oxuyan yazıçıların beyninə ədəbiyyata dəxli olmayan anlayışlar yerləşdiriblər, misal üçün bir əsəri qiymətləndirəndə oranın məzunları səmimiyyət ülgüsünü önə çəkir və deyir ki, filan əsər səmimidir, filan əsər səmimi deyil.

Düzü, yaş etibarı ilə bu polemikaya qoşula bilməsəm də (Litinstitutun bizim ədəbi mühitə təsirinin güclü olduğu vaxtlarda mən ibtidai sinifdə oxuyurdum) Kamal müəllimə haqq verirəm.

Doğurdan da bizim yazarların beyninə ədəbiyyata, ədəbiyyatşünaslığa qətiyyən dəxli olmayan anlayışları yerləşdirən hansısa bir mərkəz var.

Daha deyə bilmərəm bu mərkəz Litinstitutdur, yoxsa BDU-nun filologiya fakultəsidir, yoxsa Vahid çayxanasının, ya da Yazıçılar Birliyindəki kafenin qeybət qurumudur, amma tam əminəm ki, belə bir mərkəz mövcuddur.

Qeybət sözünü təsadüfən demədim, bizdə yazıçılar kiminsə danışığından çox şey öyrənirlər, nəinki kitablardan.

Oxumuş bir yazıçı özü başa düşdüyü kimi bir yazıçıdan danışır, müridlər ilahi bir sükutla qulaq asır, sonra da eşitdiklərini öz müridlərinə danışırlar.

Azərbaycanın əksər yazıçılarının, misal üçün elə Frans Kafka, ya da Uilyam Folkner haqda bilikləri mərhum Aydın Məmmədovun danışdıqlarından ibarətdir.

Özün oxumursan, oxumuş bir adamdan öyrənirsən, lap aşıqların ustaddan dastan öyrənmələri kimi...

Hüseyn Arif Səməd Vurğunun “çox oxuma, quruyarsan” sözü ilə Moskvada aspiranturanı atıb Bakıya qayıtmadımı?

“Çox oxuma, quruyarsan” kanonu ciddi bir kanondur, əslində bu cür milli kanonlar haqqında ayrıca bir yazı yazmaq olar, sadəcə, yazım bu kanon haqdadır.

Baxırsan, ömründə üç yaxşı roman oxumayıb, bir yaxşı film görməyib, heç yarım saat da üslub haqqında düşünməyib, oxucudan aşağı potensialı ilə roman yazır, özünü “dahi” elan edir, ehkam qoyur, ədəbiyyatdan danışır.

Söz yox ki, oxucular da onların kimliyindən xəbərdardır, heç kim çörəyi burnuna yemir.

Amma məni ən çox ədəbiyyat adına belələrinin olması narahat edir, başqa heç nə yox.

Çünki mən ədəbiyyatı sevirəm!!!

Kütlə qarşısında sevgi deyilməz amma, bu son olsun.

kulis.az
XS
SM
MD
LG