Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:56

Zəlzələ zonasında korrupsiya qorxusu


Zaqatala, may 2012
Zaqatala, may 2012
Prezident İlham Əliyev mayın 9-u Zaqatala, Qax və Balakən rayonlarının zəlzələdən zərərçəkən kəndlərində olarkən bütün problemlərin yaxın vaxtlarda həll ediləcəyini deyib. Prezident zəlzələnin nəticələrinin aradan qaldırılmasına ilkin olaraq 20 milyon manat ayırıb:

3000-Ə QƏDƏR EV DAĞILIB

«Bu, ilkin vəsaitdir. Ondan da artıq ayıracağıq. Çünki dağıntılar çoxdur. Zaqatala, Qax, Balakən rayonlarında 3000-ə qədər ev dağılıb və qəzalı vəziyyətdədir. Bütün evlər, sosial obyektlər bərpa ediləcək. Azərbaycan dövləti güclü dövlətdir, biz bütün evləri bərpa edəcəyik. Siz də görəcəksiniz ki, necə gözəl evlər tikiləcək. Gözlərinizə inanmayacaqsınız. Göstəriş vermişəm, yaxın vaxtlarda layihələr hər kənddə göstəriləcək, insanlar da görsünlər ki, onlar necə gözəl evlərdə yaşayacaqlar. Yeni evlərin tikintisində siz özünüzdə iştirak edəcəksiniz, eyni zamanda, özünüz tikəcəksiniz. Dövlət isə sizə maaş şəklində əlavə vəsait verəcək».

«KÜR DAŞQINLARI İLƏ BAĞLI EŞİTDİKLƏRİMİZ BİZİ NARAHAT EDİR»

Zərərçəkən sakinlər prezidentin onlara baş çəkməsini və çadırların verilməsini müsbət qiymətləndirsələr də, evlərin tikilməsi barədə bir qədər narahat danışırlar. Zaqatala sakini Sultan Sultanov deyir ki, 2010-cu ildə Kür daşqınları haqda eşitdikləri və mətbuatda yazılanlar onları narahat edir. O deyir ki, o vaxt da bütün problemlərin həll ediləcəyi bildirilmişdi. Amma təbii fəlakətdən 2 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də narazılıqlar bitmir.

Rayonun Uzun Qazmalar kənd sakini Əlixan Əliyev isə deyir ki, onlar gözləmə mövqeyindədirlər:

«İlham Əliyev sağ olsun, deyib, indi görək nə olur. Bilmirəm necə olacaq».

«TİKİNTİ MATERİALLARI VƏ VƏSAİTLƏR MƏNİMSƏNİLİRDİ»

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının üzvü, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, hər şey nəzarətdən asılıdır. Tikinti işlərinə kənd sakinlərinin cəlb olunmasını isə Mehman Əliyev yenilik saymır.
Mehman Əliyev
Mehman Əliyev
Onun deməsinə görə, Kür daşqınları zamanı da yerli sakinlərin tikintiyə cəlb olunmasına baxmayaraq, ilkin mərhələdə kütləvi oğurluq halları olub:

«İlkin mərhələdə oğurluq çox böyük idi. Tikinti materialları və vəsaitlər mənimsənilirdi. Amma son zamanlar vəziyyət yaxşılaşıb, indi daha keyfiyyətli evlər tikilməkdədir. Vətəndaşlar həm öz evlərinin tikilməsində iştirak edir, həm də onlara işçi kimi maaş veriləcəksə, bu, onlar üçün maddi yardımdır. Bu zaman əlbəttə keyfiyyətli evlər tikilə bilər».

«YENƏ DƏ ŞƏFFAFLIQ YOXDUR»

Mehman Əliyev hesab edir ki, indi rəsmilərin mövqeyi Kür daşqınları zamanı tutulan mövqedən fərqlənmir:

«Biz hələlik deyə bilmirik ki, evlərin biri neçəyə tikiləcək və ya neçə ev tikiləcək, neçə ev təmir olunacaq. Ancaq deyilir ki, 3500 ev zərər çəkib. Ayrılan 20 milyon bu evlərin arasında bölünsə, hər evə təxminən 5 700 manat düşür. Amma yenə də deyirəm - biz bilmirik ki, evlərin neçəsi təzədən tikiləcək, neçəsi təmir olunacaq».

Mehman Əliyev deyir ki, Kür daşqınlarından sonra evlərin birinin neçəyə tikilməsi ilə bağlı indiyə qədər rəsmi qurumlardan dəqiq məlumat əldə edə bilməyiblər. İndi də büdcə vəsaitlərinin mənimsənilməsi riski böyükdür:

«Bundan başqa, smeta sənədlərində də uyğunsuzluq olur. Deyək ki, sənədlərdə bir material göstərilir, amma tikintidə başqa materialdan istifadə olunur».
Sabirabadda daşqın qurbanları üçün tikilmiş evlər
Sabirabadda daşqın qurbanları üçün tikilmiş evlər

ZAQATALAYA GÖRƏ İMİŞLİDƏKİ NARAHATLIQ

İmişli rayonunda daşqınlardan sonra salınan qəsəbənin sakini Xanoğlan Əliyev zəlzələdən zərərçəkən Zaqatala sakinlərinin narahatlığını başa düşür. Deyir ki, büdcədən daşqınlara görə pul ayrılanda, onlar bütün vəsaitin qəpiyinə qədər evlərin tikintisinə xərclənəcəyinə inanmışdılar. Əvvəllər hər şey onların ümid etdiyi kimi getsə də, sonradan vəziyyət dəyişib:

«ARAQDAN İÇİB YEYİB, YATIBLAR»

«Burda mühəndislər olub, araqdan içib yeyib, yatıblar, bilməyiblər fəhlələr necə iş görür. Onlar material satışı ilə məşğul olublar. Bunu sübut edən faktlarımız da var».

Xanoğlan Əliyev deyir ki, tikinti başa çatandan bir ay sonra evlərin tavan və döşəmələrinin qopub dağılması da buna əyani sübutdur.

Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyindən isə suallarımızı cavablandırmaq istəmədilər.
XS
SM
MD
LG