Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:08

İsmayıl Ömərov: «Onlar öz iddialarında haqsızdırlar»


İsmayıl Ömərov
İsmayıl Ömərov
-

İctimai Palata mayın 24-də İctimai Televiziya qarşısında piket keçirib. Müxalifət partiyaları və icimai fəalların birləşdiyi qurum televiziyanı ancaq iqtidara qulluq etməkdə, onun xalqın televiziyası olmamaqda qınayıb.

Eyni zamanda, İctimai Palataya efir vaxtı ayırmadığı üçün narazılığını bildirib. AzadlıqRadiosu İTV rəhbəri İsmayıl Ömərovdan bu piketə və iradlara münasibət öyrənib.

Müsahibəni tam həcmdə oxuculara çatdırırıq.



- Bilirsiz, ümumiyyətlə İctimai Televiziya haqqında fikir yürüdən çox insanlar var. Və çox yaxşı haldır ki, hamı bu televiziyanı özününkü bilir. Müxalifət də özününkü bilir, cəmiyyət də, qeyri-hökumət təşkilatları da. Hamı elə başa düşür ki, bu televiziya onun televiziyasıdır və istədiyi vaxt gəlib fikir və tövsiyələrini söyləyə bilər. Şüurlarda belə fikrin hakim kəsilməsi çox yaxşı haldır.

Amma çox təəssüf edirəm ki, bizim İctimai kanal haqda fikir deyən bəzi müxaliflərimizin fikirləri ziddiyyətlidir. Onların televiziyanın konsepsiyası haqda mənə belə gəlir ki, dolğun məlumatları yoxdur.

Biz televiziya olaraq «İctimai televiziya və radio haqqında qanun» əsasında fəaliyyət göstəririk. Bizim fəaliyyətimizi tənzimləyən xüsusi bir qanun var. Biz indiyə qədər o qanunun bircə tələbini belə pozmamışıq.

Biz o qanunun hansı bəndini, hansı maddəsini pozmuşuq, gəlsinlər onu izah etsinlər. Belə bir şey olmayıb! Biz hər hansı qüvvənin əlində alət ola bilmərik! O cümlədən də müxalifətin.

- Bu aksiyadan sonra onların tələbi nəzərə alınacaqmı? Onlara efir vaxtı veriləcəkmi?

- İstək böyükdür. Hamının arzuları böyükdür. Uman yerdən küsərlər. İstəyirlər istəsinlər. Amma bu istəməyin qarşılığında gəlib piket keçirmək, etiraz eləmək...

Mən hesab edirəm ki, onlar sadəcə İctimai TV-nin reytinqindən yararlanmaq istəyirlər. Sözün düzü, Azərbaycanın «Eurovision»da qalib gəlməsinə qədər, yəni son 1 ilə qədər beynəlxalq media bizim müxalifətin varlığından xəbərsiz idi. «Eurovision»a ev sahibliyi edən Azərbaycan, onun da qazanılmasında çox böyük rolu olan İctimai Televiziya sanki müxalifətə çox böyük yardımçı oldu.

Bir ildir bu mövzudan kifayət qədər yararlanırlar. İndi isə bu mövzu ətrafında yenidən ajiotaj yaradıb İctimai TV-də çıxış etmək iddialarını irəli sürürlər.

Mən həmişə demişəm, bir də təkrar edirəm, İctimai Televiziya heç bir siyasi qurumun, nə YAP-ın, nə Müsavatın, nə AXCP-nin, heç bir siyasi qrupun əlində vasitə ola bilməz. Kimləri efirə vermək bizim konsepsiyamızdır. Bir kəs deyə bilməz ki, kiməsə ayrı-seçkilik qoymuşuq. Sadəcə olaraq biz Azərbaycanda baş verən bütün hadisələri işıqlandırırıq.

Kim hərəkətdədir, kim fəaliyyətdədir, kim bu və ya digər hadisələrə münasibətdə fəaldır, biz onu işıqlandırırıq. Kimin ki, fəaliyyəti yoxdur, donuqdur, gündəlik hadisələrə reaksiyası yoxdursa, biz onun nəyini verək? Hansı yadda qalan hadisə, hərəkət olub biz onu verməmişik? Biz hadisəni efirə verən ictimai yayımçıyıq. İndi bunlar bizdən hansı efir vaxtı istəyirlər?

Biz bunlara efir vaxtı verək, bunlar da siyasi rəqibləriylə söz güləşdirsinlər? Beynəlxalq standartlara görə, o siyasi qüvvələr televiziyadan vaxt ummaq, vaxt istəmək səlahiyyətindədir ki, onlar parlamentdə blok şəklində təmsil olunurlar.

Mən bunu İsa Qəmbərə də demişəm, Əli Kərimliyə də demişəm. Və bizim ATƏT-in sədriylə keçən görüşdə bu haqda debatımız olub.

Onlar mənə irad tutublar ki, necə olur sizin əməkdaşlıq etdiyiniz TRT-də müxalifət göstərilir, amma siz bizi vermirsiz, az verirsiz. Mən də onlara söyləmişəm ki, sizin misal gətirdiyiniz TRT-də deyin görüm dünənə qədər baş nazir olan Bülent Ecevitin partiyasının sədrinin bir dəfə üzünü görmüsüz? Tansu Çillərin partiyasının sədrinin üzünü bir dəfə görmüsüz?

Kim ki bu gün parlamentdə blok şəklində təmsil olunur, Devlet Baxçalını görürsüz, Cümhuriyyət Xalq Partiyasını, onları görürsüz.

Yəni o mənim günahım deyil ki, bunlar parlamentdə təmsil oluna bilmirlər, seçilə bilmirlər.

Bunun qarşılığında sözün həqiqi mənasında aydın, real söhbətdən qaçaraq piket keçirmək, kütlənin gözünə kül üfürmək, ajiotaj yaratmaq onlara baş ucalığı gətirməyəcək.

- Amma İsmayıl müəllim, dünən (red:mayın 23-də) İctimai Palata «Eurovizion»la bağlı mətbuat konfransı keçirib və İsa Qəmbər prezidentə müraciət edib: «vicdan məhbusları azad edilsin, hətta onlara yarışmaya bilet verilsin». Sizcə, bu mətbuat konfransı efirə verilə bilməzdimi? Və ya onların keçirdikləri kütləvi aksiyalar...

- Bizi dəvət eləmişdilər mətbuat konfransına? Sizin xəbəriniz var?

- Deyirlər ki, dəvət edirlər. Bizim xəbərimiz yoxdur.

- Mən əgər bu təşkilatın rəhbəriyəmsə, bütün dəvətlər poçt vasitəsilə gəlir, mən də tanış oluram. Biz elə dəvət almamışıq. Mən nə bilim gecə kim nə yuxu görüb, səhər onu necə yozacaq.

Qaldı vicdan məhbusları dediz, biri başqa bir ifadə işlədir. Kimsə bu haqda fikir yürüdür, xal qazanmaq istəyir, bu onların öz işidir.

Biz ictimai yayımçı olaraq hadisələri işıqlandırmağa borcluyuq. Azərbaycanda heç kim bizə irad tuta bilməz ki, hansısa hadisə olub biz işıqlandırmamışıq. Bunların icazəli-icazəsiz mitinqlərini, piketlərini də veririk. Hətta binanın qabağında keçirdikləri bu piketi də verəcəyik.

Amma bunların fəaliyyətsizliyini, fikir-xəyal dünyasını, evdə yatıb nəsə düşünmələrini necə vermək olar?

Bu baxımdan da hesab edirəm ki, onlar öz iddialarında yanlışlıq edirlər, onlar haqsızdırlar.
XS
SM
MD
LG