Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:16

Əlabbas: “Romanımla bağlı tənqidlər vahid mərkəzdən idarə olunur”


Əlabbas (sağda) və Cavid Zeynallı
Əlabbas (sağda) və Cavid Zeynallı
Qarabağ mövzulu “Qaraqovaq çölləri” romanı “Oxu zalı”nda müzakirəyə çıxarılmış yazıçı Əlabbasın tənqidlərə münasibəti


- Əlabbas bəy, bu müzakirələrdə, deyəsən, tənqid payı çox oldu axı...

- Məncə, bu, «Qaraqovaq çölləri»nin qara kağızını üstümə bilərəkdən göndərməyi ilə həzz alan ədəbi tənqidin vətənpərvərlik mövzusunda yazılmış çox ciddi bir əsər üzərində qələbə paradından başqa bir şey deyil. Sadəcə görüntüdə.

Mən bu tip tənqidi, qaragüruhu nəzərdə tutub beş-on il əvvəl demişdim ki, tənqid iyirmi beş ildi, mənə qayınanalıq etməklə məşğuldu.

Sən demə, o öz köhnə ampluasında imiş. Buna rəğmən, əsəri müzakirə predmeti olan müəllif kimi borcumdu, tənqidçi dostlara təşəkkürümü bildirim. Vaxt itirib rəy yazıblar, sağ olsunlar.

Əsəri oxumaq, üstəlik də axıracan və diqqətlə oxumaq əsas şərt deyil.

- Gəlin, konkret misallara keçək. Elnarə Akimova yazır: ““Qaraqovaq çölləri” daha çox sosial problematik kəskinliyə yönəlmiş əsər kimi yadda qalır. Amma nəsr havasında yox, daha çox açıq publisistik notlar, işarələrdə”. Qarabağ haqqında yazılan əsərləri daha çox publisistik pafoslu çıxışlarına görə tənqid edirlər. Görünür, siz də bu sayaq tənqidlərdən sığortalanmamısınız?

- Əsərin mövzusu ilə bağlı deyilənlər doğrudu. O fikirdəyəm ki, mövzu ilə bağlı xeyli anlaşılmaz məqam və yerli-yersiz top atəşinə tutulmağım da burdan qaynaqlanır.

Sualın növbəti mərhələsinə gəldikdə isə, əvvəla, orda bir “işarələrdə” sözü var, o “işarələrlə” olmalıdı, istərdim, Elnarə xanım diqqətli olsun, ikincisi də, publisistik notlara, pafoslu çıxışlara münasibətimi indi yox, düz on beş il əvvəl, «Halal qan» adlı hekayəmə yazdığım ön sözdə bildirmişəm:

"Müharibə dövründə dava ilə bağlı bədii əsər yazmağın ənənəvi çətinliyi danılmazdır (toplar gurlayanda qələmlər susur), intəhası biri digərindən doğan başqa arqumentlər də var: urvatdan düşmüş sözlə (ədəbiyyat adamları buna sözün bədii-estetik təsir gücünü itirməsi deyirlər) yaddaqalan bədii əsər yazmaq qeyri-mümkündür. İndi həmin o sözlə torpaq alveri edirlər, qanun yazırlar, siyasi hoqqalardan çıxırlar, ölüm hökmü oxuyurlar və s. Bir sözlə mənim nəzərimdə adamlar kimi bu gün sözün özü də siyasətlə məşğuldur. Cəmiyyətdə hökm sürən hərc-mərclik, siyasi xaos və təlatümləri də buraya əlavə etsək, bu gün bir tikə çörək tapmağa möhtac qalan yazıçının qələmindən gözəl sənət əsəri çıxmamasının daha bir neçə səbəbi məlum olar".

Sualdan da göründüyü kimi, bu, tək mənə yox, əsərləri müzakirəyə çıxarılanların hamısına tutulan iraddı. Həm də yazıçını yıxıb-sürümək üçün tənqidçilərin əlinə düşən qiyamət bəhanədir!

- Elnarə Akimova deyir, obrazlar bir-biri ilə rəsmi üslubda danışırlar. Misal kimi atasının Əfsuna yazdığı məktubu göstərir. Nərmin Kamalın yazısında da oxşar fikirlə rastlaşdım. Bu tip tənqidlərlə razılaşmaq olarmı?

- O cür düşünmələrini onlara qadağan etmək mənim haqqım deyil, uzaqbaşı fikir bildirə bilərəm. İndi bu xanımlar necə düşünürlər, əgər atası Əfsuna yazsaydı ki, “bıy, başua dönüm, Əfi bala, qavağında ölüm, səni o qılvıya and verirəm, bı qara gəlmiş iki ili birtəhər yola ver, görəh başımıza haranın daşını salırıq”, bu qeyri-rəsmi üslub olub neyləyən idi? Məgər bu xanımlar indiyəcən də başa düşməyiblər ki, məhəlliçilik, ifrat danışıq dili elementləri, əyalət düşüncəsi ədəbiyyata qazanc gətirən bir nəsnə deyil.

Digər tərəfdən, bir kənd müəlliminin oğluna məktub yazdığı tarixi (17 noyabr 1991) və ictimai-siyasi proseslərdə baş verən kataklizmləri göz önünə gətirin, görün həqiqət kimin tərəfindədi? Məktubda bir cümlə var: «Adamların siyasi sayıqlığı o səviyyədə deyil ki, hadisələrə öz ağlının gözü ilə baxa». İxtisasca memar olan, yetkin dünyagörüşə malik, savadlı və qabiliyyətli bir oğula ziyalı bir ata üçün “sərsəm psixologiya”,” feodal təfəkkürü” ifadələrini yazmaq nə vaxtdan yetim əlindəki qoğal tək əcaib görünüb?

Bu belə… İndi onların mənə tutduğu irada öz cümlələri ilə cavab verirəm.

Əfsunun sakit ədəbiyyatımızda üsyankar təbiəti ilə nadir obraz olduğunu dilə gətirən Nərmin xanım “müəllif dili ilə xarakterlərin dili eynidir”, deyir və romanın dövlət dilində qələmə alındığını iddia edir. Başa düşürəm, o, rəsmi üslub demək istəyir, amma onu da düz demir. Sitat: «Qəhrəmanlar körpülərin üstündəki prezident cümlələrinin dilində danışırlar». “Körpülərin üstündəki prezident” kimdi? “Prezident cümlələri” nə deməkdi? Adamdan soruşmazlar ki, dillə bağlı ağıl verməyin hara, belə bərbad danışığın hara?

Yaxud məndən rəvan dil tələb edən, «Qaraqovaq çölləri»nin «xəyali-inkisarə uğratdığı» Elnarə xanımın cümləsinə fikir verin, əgər bir şey başa düşsəniz, mənə də xəbər eləyin: «Son vaxtlar müharibə mövzusunu işıqlandırmağı təqib qılan nəsr əsəri adı altında daha çox milli-sosial-siyasi qüsurların, yarıtmazlıqların ifşasını təsvirə çəkmək təqib qılınır və başlanğıcını bu məqamdan götürərək müharibə gerçəkliklərinin dərin qatlarına varmaq niyyətində bulunurlar»

- Hiss olunur ki, Tehran Əlişanoğlu sizi müdafiəyə qalxır və deyir, “qarşılıq gözləmədən qələmə sadiq yazıçılarımızın əməyinə nisbətdə bir az insaflı olaq”.

Amma onun yazısının da ümumi ruhundan hiss olunur: romandakı “darıxdırıcılıq” və psixoloji haçalanma tənqidçini razı salmayıb... Məsələn, yazır ki, müəllif qiyamçı-Qəhrəmana uduzması, onun kölgəsində qalmasının, yəqin ki, fərqində deyildir...


- Tehran sayğılarım olan beş-üç vicdanlı, təmiz söz adamından biridi. Yığcam da olsa, barəmdə dəfələrlə dəyərli fikirlər səsləndirib.

Bu haqqı itirmək mən tərəfdən ən azı nankorluq olardı. Amma indi Tehranda günah görmürəm. Dedik-demədik, öz «takım arkadaşları»nı ayaqlayıb keçmək nəinki elə-belə şey, ümumiyyətlə, caiz deyil.

Biz onunla ayamda-sayamda bir dəfə üz-üzə gələrik-gəlmərik, amma o, həmkarları ilə gecə-gündüz bir yerdədi.

Ala qarğanın bala çıxara bilmədiyi bir məkanda, konkret olaraq «Qaraqovaq çölləri»nin məhşər ayağına çəkildiyi minalanmış zonada məni ehtiyatla da olsa, bura qədər müdafiə etməyin özü bir qəhrəmanlıqdı.

- Cavanşir Yusifli ““Qaraqovaq çölləri” romanının mətnində bərkiməmiş, müəllifin ard-arda uduzduğu yerlər çoxdur. Əlabbas bu romanında vaxtilə qələmə aldığı, ədəbi mühitdə yaxşı qarşılanan əsərlərinə təəssüf ki, uduzub.” - yazır. Amma sonra sanki sizi təsəlliyə tutur: “Bunun şübhəsiz ki, konkret səbəbləri var və bunlar təkcə Əlabbasın romanına deyil, bütövlükdə müasir nəsrimizə xasdır.”

- Səmimi deyim ki, kimdən, kimdən, məhz Cavandan bu cür dəyərləndirmə
gözləmirdim.

Çox güman, bu gözləntinin səbəbi daha çox onunla bağlı idi ki, bir ədəbiyyat adamı kimi Cavanşir Yusifli imzasına hörməti olanlardan biri də mən idim.

Bura onun ədəbi rəydəki nüfuz və ranqını da əlavə etsəm, ondan səriştəli təhlil, dərin araşdırma və ən azı peşəkar yanaşma gözləməyə tam haqqım var idi.

Təəssüf, bütün bunların əvəzində onun gerçək boyunu gördüm. Bilmədim ki, «müharibə sindromunu müəllif peşəkarcasına ifadə edə bilib» deyən kimdi, «vaxtilə qələmə aldığı, ədəbi mühitdə yaxşı qarşılanan əsərlərinə uduzub» deyən kim? «Müxtəlif cəbhədən olan insanların üz-üzə gəlməsini Əlabbas, doğrudan da, gözəl təsvir edib» kəlmələri kimin dilindən qopub, «Qaraqovaq çölləri» romanının mətnində bərkiməmiş, müəllifin ard-arda uduzduğu yerlər çoxdu» kimin? «Əfsunun düşüncələri və qaynar olaylar adi məntiqlə, həm də peşəkar qələmilə nağıllanır» yazan Cavanşir fikrini bircə anda dəyişir, hiss edir ki, deyəsən, inayətini lazım olandan bir az artıq eləyib. Mən də çaşıb qalıram ki, onda mənim peşəkarcasına ifadə etdiyim nə imiş, görəsən? Nəyisə peşəkar ifadə etməyi bacaran bir müəllif o bərkiməmiş yerləri bərkitməkdə, görəsən, niyə belə acizlik göstərib? Başqa sözlə, onun dediklərindən o məna hasil olur ki, əməliyyat uğurla keçib, amma axırda xəstə ölüb. Əgər xəstə o dünyalıq olubsa, əməliyyatın necə keçməsinin daha nə əhəmiyyəti?

Başqa bir məsələ. Cavanşir deyir ki, səksənincilər haqqında ya heç nə deyilməyib, ya da dost-tanışın boğazdanyuxarı və təyinatsız tərifləri ayaq açıb.

İndi soruşmaqda mən də bir haqq yiyəsiyəm ki, o özü «80-cilər»ə mənsub ola-ola niyə onların tənqidçisi və tədqiqatçısına çevrilə bilmədi?

Çağdaş dünya nəsrinin standartlarından heç də geri qalmayan R.Tağı, E.Əlləzoğlu, A.Quliyev, A.Qaradərəli, A.Abbas, F.Mustafa, N.Əbdürrəhmanlı, A.Məsud, E.Zeynalov, V.Sultanlı, S.Alışarlı, S.Budaqlı və digərləri kimi sanballı nasirlərmizi hansı ədəbi ölçü və kanonlar tədqiqat müstəvisinə çəkməkdə Cavana mane oldu.

Bu, bir. İkincisi, o, əgər dost-tanışın boğazdanyuxarı və təyinatsız tərifləri barədə dediklərini məxsusi olaraq mənə eşitdirirsə, mənim barəmdə 60-70-ci illər tənqidinin də ən say-seçmə isimlərindən tutmuş ta bizim günlərəcən kim yaza bilərdisə, hamısı yazıb:

Akad. Bəkir Nəbiyev, Akif Hüseynov, professorlar Tofiq Hacıyev, Vilayət Quliyev, Əsgər Rəsulov, Tehran Əlişanoğlu, Vaqif Yusifli, fəlsəfə doktorları Sabir Bəşirov, Nərgiz Cabbarlı və b.

Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun 2009-cu ilin ədəbi yekunlarına dair "Qaraqovaq çölləri" dəyərləndirməsi də bu sıradandır.

Adını çəkdiyim izzətli söz adamları Cavanşirə məndən bir köynək yaxındılar. Hansının boğazdanyuxarı nəsə yazıb-yazmadığını hər halda onun məndən yaxşı bildiyini də xatırladıb Vaqif Yusiflinin bir fikrini demək istəyirəm: “Əlabbasın nəsr dili onun bir çox yaşıdları və ondan cavanlar üçün örnək ola bilər»

- İradə Musayeva sizi sərt tənqid edib. Hətta qəhrəmanın proobrazı Natiq Qasımovu nəzərdə tutub “bəzi yazarlar son bir cəhd kimi güclü bir qəhrəman,
döyüşçü tapıb, girir onun qoluna və istedadsızlığını qəhrəmanının hünəri ilə ört-basdır etməyə çalışır” yazır...

- Barəmdə işlətdiyi qeyri-etik fikirləri, tənqidçiyə yaraşmayan kobud ifadələri onun qadınlığına bağışlayıb cavaba keçsəm, mənasız iddialara çox da vaxt itirmərik. İlk növbədə onu deyim ki, indiyəcən oxumadığı yazıçıya bu qədər ikrah hissi ilə baxmağın səbəbi, söz yox ki, istedadsızlıq məsələsi ola bilməz. İşlərin sonrakı gedişatı göstərdi ki, tənqid və təhqirlərə birgə start verən bu xanımın cızma-qarasını növbəti rəylərin anonsu olaraq qəbul etməkdə heç də səhv etməmişəm.

Tehranın yazısını çıxmaq şərtilə, Cavanşirdə isə xırda-para nüanslar istisna olmaqla qalan rəylər, demək olar ki, eyni ladda yazılıb. Parametrləri hədsiz dərəcədə uyğun gəldiyindən məndə belə bir fikir yarandı ki, ya onlara çox ciddi şəkildə imicmeykerlik edən olub, ya da tək İradə xanımın irəli düşüb çox qərəzli və qəzəbli bir rəy qondarması bəs eləyib ki, yerdə qalanlar da ora-burasını yamamaqla ala-babat bir yazı ortaya qoysunlar. Arqumentim nədi?

«Qaraqovaq çöllərində» Sidqi adlı obraz yoxdu. Amma müəlliflərin üçü - İradə, Elnarə, Tehran ondan bəhs edir. İndi mən soruşuram: necə olur bu? Kimdi bu Sidqi? Hardan peyda olub? Təsadüf ola bilərdi bir nəfərdə, daha üç nəfərdə yox. Azadlıq Radiosu da bilsin ki, «tənqid truppası» işinin öhdəsindən hansı üsullarla gəlir.

- Amma bu üç nəfərdən 2-si sizi tənqid edirsə, 1-i əsasən müdafiə edir. Siz onların üçünü də, hətta sizi müdafiə edəni də sizə qarşı birləşməkdə ittiham edirsiz?

- Mən belə deməzdim. Sadəcə, Tehranın da öz yazısında Sidqi adını çəkməsi məndə şübhə oyatdı.

Başqa bir məqam. Əksəriyyət öz fikrini əsərdə cümlə yoxmuş kimi, demək olar ki, eyni misallarla reallaşdırıb. Tərifləyən də, tənqid edən də. Uzda Əfsunun sığınacağının Nərmin Kamal və Elnarə Akimovada bir kol dibi olduğu barədə oxşar və gülünc fikirlər də o qəbildəndir.

Bura Cavanşirin rəyinə yazılan şərhlərin sonradan saytdan yığışdırılmasını da əlavə etsəm, vahid mərkəzdən az qala pultla idarəolunan bir sistemin mövcudluğuna, gərək ki, kimsədə şübhə qalmasın.

- Qəribədir, bunu nə ilə əsaslandıra bilərsiniz? Sizdən əvvəl Oxu zalında ondan artıq roman müzakirə olunub, amma bu iddiayla çıxış edən olmayıb...

- Cavanşir Yusiflinin yazısının altında maraqlı şərhlər vardı, onları kimsə saytdan çıxarıb. Həmin şərhləri özüm üçün kağızda çıxarıb saxlayıram. O yazıya özüm də şərh yazmaq istəyirdim, amma o vaxt e-mail ünvanım yox idi deyə, edə bilmədim. Sonradan da mənə çətin gəldi bu. Çünki mən klaviaturanın alt şriftləri ilə yazıram, üst şriftlərlə gərək bir cümlə yazmaq üçün beş saat vaxt sərf edəm.

- Görünür, tənqidçiyə qarşı qeyri-etik ifadələr işlədilib, ona görə şərhlər yığışdırılıb. Roman haqqında yazılan fikirləri davam etdirək. “Əsərdə sadəcə nifrət, etiraz və üsyan var. Təhlükəli və ciddi fəsadlar törədən problemlər bədii həllini tapa bilməyib”. Qarabağ haqqında yazılan əsərlərə tutulan ümumi iradlar sizdən yan keçməyib. Tənqidçilərin yazıçılar qarşısında qoyduğu suala sizdən cavab istərdim: 20 il sonra “ayıq başla” nəsə yazmaq mümkün deyilmi?

- O baxır ayıqlığın dərəcəsinə. Ayıq elə həmişə ayıqdı. Ayıq olmayan 100 ildən sonra da bir iş görən deyil. İlin buna nə dəxli? Yetər ki, əksər pinti gəlinlər kimi zibili palazın altına
yığmağı məsləhət bilənlər öz işini ləyaqətlə görən yazıçıların əməlinə qara yaxmasınlar. «Ey Qarabağşünaslar! Gəlin 20 il susaq» - deyir bu xanıməfəndi - Qarabağın nicatı bu kədərli sükutdadır. Bu yaranı açmaq olmaz, bu yaranı basdırmaq, qanı axıb qurtarana qədər atəşkəs bayrağına büküb unutdurmaq olar»

Necə deyərlər, bərəkallah, şeyxin elminə! Zəngəzur barədə 20 yox, düz 100 ildir danışmırıq, İradə xanım! Bu müharibənin genetik kodumuzu açdığını çox dəqiqliklə deyəndə, yəqin ki, bu məqamları da nəzərdə tutmusunuz.

- Və nəhayət, romandakı cümlələr haqqında... “Uzaqlarda şaxından ayrılan nəhəng budağın şappıltısı ardınca isə hansı canlanmasa zingiltisi aydınca eşidilirdi”. İradə xanım ona yaxın bu qəbildən olan cümlələri misal göstərir və qarşısına sual işarələri qoyur...

- Təəssüf ki, hər şeyi öz bildiyi kimi yozmaq istəyi ona əsl həqiqəti görməyə burda da imkan verməyib. Konkret gətirdiyiniz misalı deyirəm. Canlınınsa sözünü qəzəbindən “canlanmasa” kimi oxuyub və dərhal da məni hədəfə alıb. Qaldırın kitabı, baxın. Yaxud «Günəşin qüruba yenməyinə hələ bir xeyli qalanda qara köhlən cıdırın o başında, yolun o biri üzündəki taxıl zəmilərinə meh elə bil daraqla tumar verirdi, yenidən peyda oldu» fikrini mənim cümlə qura bilməməyim kimi anlamağı, açığını deyim ki, məndə bu qadının filoloji təhsili olmağına dair çox ciddi şübhələr yaratdı.

Niyyəti yalnız tənqid etmək olduğundan digər yerdə də o böhtançıların ənənəvi üsuluna əl atıb: bir cümləni iki yerə bölərək fikir tamamlanmadığı halda, nöqtə qoyub, növbəti cümləni isə böyük hərflə başlamaqla yeni cümlə kimi təqdim edib. Nəticədə iki natamam və anlaşılmaz fikir meydana çıxıb.

Tənqidçi adına iddia edən hər kəs üçün belə yaramaz fəndlər ayıb sayılmalıdı. Aydınlıq üçün cümlənin orijinalını və onun qondarma variantını olduğu kimi oxuyuram.

Orijinalda:

«Bir allah şahiddi ki, elə bir qurğu icad olunsaydı ki, ürəkdən keçənləri oxuya bilsin, həmin an oğlandakı qəfil dəyişikliyə səbəbin yalnız və yalnız kəsilən ömür olduğunu dərhal qeydə alardı»

Variantda:
«Bir allah şahiddi ki, elə bir qurğu icad olunsaydı ki, ürəkdən keçənləri oxuya bilsin. Həmin an oğlandakı qəfil dəyişikliyə səbəbin yalnız və yalnız kəsilən ömür olduğunu dərhal qeydə alardı»

"Mübahisə təzədən qızışır, əlindən başqa heç nə gəlməyən adamlar bu dönə də dilinə güc verib sübuta çalışırdı ki, biqeyrət onu deyənin özüdü?"
cümləsində isə axıra sual işarəsi qoymaqla mənanı qəsdən təhrif edib.

Kitaba baxın (səh. 23), bəlkə siz onun mənə niyə şər atdığının səbəbini bilə bildiniz. Bu yerdə həm də bilmək istərdim ki, adamda İradə Musayeva deyən "istedaddan" olmayanda bəyəm onun dərisini necə gəldi "soyarlar"?..

Oxucudan isə xahişim nədi? Cümləni sual intonasiyası olmadan, yəni necə var, elə oxuyun, görün orda hansı məntiqi pozuntudan söhbət gedir.

Dediyim odur ki, xanım Musayevanın gətirdiyi misalların bircəciyi də onun fikirlərinin təsdiqinə çevrilməyib. Hamısının başına bu cür inkir-minkir oyunu açmaqla yalnız oxucunu çaşdırmaq məqsədi güdüb. Dilçiliyin akademik normalarını demirəm, onun elementar qaydalarından bu qədər bixəbər ola-ola başqasına dərs keçmək adamdan şücaət istəyir, vallah! O da bu qadında var.

Əsərin ideyasını, aşıladığı hissləri, mətn texnikasını bir yana qoyub çox cılız, xırım-xırda məsələ və primitiv yanaşma üsulları ilə əsər müzakirə etmək, nöqtə-vergüllə baş qatmaq Don Kixotun yel dəyirmanı ilə cəng-cidalından heç nəyi ilə fərqlənmir.

Gəlin bir az yüksək ideallar barədə düşünək. Yoxsa belə çıxmazmı ki, biz təkcə yalançı və saxta aşiqlər yox, həm də rindü-zahidlərik? Adamdan soruşmazlar ki, Əfsun Əlibəylini bəyənməyənin Mübariz İbrahimov sevgisi hardandı? Gözəl əsərlər mütləq yazılacaq, təki qəmiş qoyan olmasın…
XS
SM
MD
LG